Yaxın Şərqdə böyük müharibə potensialı: sonda İran dağılar, Səudiyyə parçalanar, İsrail isə sağ çıxmaya bilər - TƏHLİL

Bölgəmiz müharibə həddinə çatıb. Yol vermək olmaz ki,  Livan baş naziri Səəd əl-Həririnin istefası və yaxud Səudiyyə Ərəbistanında şahzadələrin və keçmiş nazirlərin həbsi kimi xırda ayrıntılar diqqətimizi ümumi mənzərədən və pərdəarxası baş verən gerçək hadisələrdən yayındırsın.
Həqiqi mənada təhlükəli mərhələ varis şahzadə Muhəmməd ibn-Salman Səudiyyə Ərəbistanı daxilində təmizlik aparandan sonra başlanıb. Bu, mübaliğəsiz olaraq çağdaş tarixdə böyük dağıntılara və qan tökülməsinə səbəb ola biləsi bölgə müharibəsinin əlaməti ola bilər. Bunların hamısı diqqətlə planlaşdırılan və hazırlananan sxem çərçivəsində baş verir və ərəb millətçiliyi şüarı arxasında şiə İranının artan qüdrəti və onun Yəmən, Livan və İraqdakı oyuncaqlarına qarşı aparılacaq təriqətlərarası müharibəyə müqəddimədir. Bu müharibədə Səudiyyə Ərəbistanına Amerika, bölgənin bəzi ölkələri və İsrail dəstək verəcək.
Əvvəlki Səudiyyə Ərəbistanı daha yoxdur. Orada vəhhabilik canüstədir. O, praktik olaraq gömülüb və tarixin nəsibinə çevrilir. Bu gün çağdaşlıq libasına bürünən və başqa alyanslara söykənən dördüncü Səudiyyə dövləti doğulur. Dövlətin qurucusu və indiki anda əsas adam Muhəmməd ibn-Salman İranı onun ölkəsinə qarşı müharibə ola biləcək   birbaşa hərbi hücum həyata keçirməkdə ittiham edərkən – çünki Tehran guya Yəməndə müxtəlif qruplaşmalara raket tədarük edir – bu mövqeyi ABŞ da təqdir edir və dəstəkləyir. Bu cür şəraitdə aydın olur ki, bölgədə Amerikanın başçılığı ilə yeni alyans formalaşır.
Korrupsiya ilə mübarizə bəhanəsilə 11 şahzadənin, xeyli biznesmenin və keçmiş məmurların həbsi daxil olmaqla Muhəmməd ibn-Salmanın daxili təmizləmələri yalnız birinci mərhələdir. Görünür, hələlik hər şey rəvan gedir və Salman ciddi maneələrlə üzləşmir. Bu adam indiki anda dövlət hakimiyyətinin dörd əsas təməlini tamamilə öz nəzarətinə götürüb: iqtisadiyyat, xüsusi xidmətlər və silahlı güclər, kütləvi informasiya vasitələri və dini isteblişment (həm ali üləmaların rəsmi Şurasını, həm də “oyanmaqda olan” qeyri-rəsmi imamları). O özünün bütün opponentlərini, həmçinin onun idarəçiliyini, heç olmasa, bircə kəlməylə tənqid edənləri həbsxanaya atıb. (Düzdür, şahzadələr və digər ucaməqam xadimlərə gəlincə, onlar hələlik təmtəraqlı oteldə əyləşiblər.)
 Güman etmirəm ki, həbslərin yeni dalğası sonuncu olsun, çünki yolunda  duran hər şeyi yerlə yeksan edən buldozer görürük. Muhəmməd ibn-Salman zamanında ikinci və daha ciddi mərhələyə keçəcək. Bu, hərbi qarşıdurma mərhələsi olacaq. Salman bu mərhələsdə sıradakı addımları ata bilər.
-Birincisi, Yəmənin güclü mühasirəsinə başlayaraq İranla hərbi qarşıdurma törətmək. O bunun üçün İranın husilərə raket tədarük etməsin bəhanəsilə bu ölkənin tam hava, dəniz və quru mühasirəsini təşkil edə bilər.
-İkincisi, 1990-cı ildə “Səhrada tufan” əməliyyatına qatılaraq İraqı Küveytdən qovan koalisiyanın bənzəri və qaydası üzrə yeni alyans formalaşdırar. Səudiyyə Ərəbistanı və BƏƏ ilə yanaşı İordaniya, Misir, Sudan və Mərakeş bu koalisiyaya üzvlüyə namizədlər sırasına daxil ola bilər. (Yeri gəlmişkən, Mərakeş kralı BƏƏ paytaxtı Əbu-Dabidə olub və bu günlərdəki həbslər məsələsi üzrə Səudiyyə Ərəbistanı ilə danışıqlarda vasitəçi olmaq istəyib, amma Ər-Riyad ona aydın ismarıc göndərib ki, ölkənin daxili işlərinə qarışmasın. Bu haqda etibarlı qaynaqlar xəbər verir).
-Üçüncüsü, Salman “Hizbullah”ı ləğv etmək bəhanəsilə Livanı bombardmana və infrastrukturunu dağıtmağa başlaya bilər. Bu cür hücum “Hizbullah”ı cavaba və İsrailə güclü raket zərbələri endirməyə vadar edər. Çox güman ki, İran və Suriya bu münaqişəyə cəlb olunacaq. –Dördüncüsü, Misir, BƏƏ və Səudiyyə Ərəbistanı qoşunları rejimi devirmək qəsdilə Qətərə soxula bilər və bu, orada yerləşdirilən 30 minlik türk qoşun birləşməsiylə toqquşma törədər.
-Beşincisi, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail ABŞ və üsyançılar sırasındakı müttəfiqləri itirilmiş Hələb, Xoms və Deyr-əz-Zor kimi rayonlar üzərində nəzarəti bərpa etmək məqsədilə Suriyaya əks-hücum edə bilər. ABŞ-ın Suriyadakı məğlubiyyətlə barışması asan deyil – xüsusən də Rusiya və İranın ona dov gəldiyi bir vaxtda. O buna görə də hətta ruslarla toqquşma riskinə gedə bilər. Amerika məxsusi olaraq Moskvanın Soçidə çağırdığı Suriya milli dialoqunu pozub. Vaşinqton bunun üçün Suriya müxalifətini onu boykot etməyə məcbur edib.
-Altıncısı, İran, Türkiyə və İraqı sabitsizləşdirmək məqsədilə İraq və Suriyanın şimalında bu müharibədə Amerikanın əlaltısı olan kürd yığma könüllüsünü səfərbər etmək.
Bu, hansı ad altında çıxış edir-etsin, ABŞ-ın başçılığı ilə yeni alyansın ata biləcəyi yalnız ən aşkar addımlardır. Lakin bütün bunlar heç də ona uğur və göstərilən hədəflərə çatmaq zəmanəti vermir. Bu bildirmir ki, o, bölgəni öz ehtiyac və tələbatlarına uyğun olaraq yenidən büsbütün dəyişdirə bilər.
Bu cür fəaliyyətə qarşılıqlı ssenari də mümkündür. Bu, Rusiyanın böyük rəğbətlə və son dərəcə həmrəyliklə yanaşdığı və son nəticədə başçılıq edə biləcəyi İran, Suriya, Türkiyə və İraq tərkibli alyansın möhkəmlənməsidir. Bu ölkələr birlikdə asanlıqla Səudiyyə Ərəbistanı, BƏƏ və İsrailə qarşı yönəldilə biləcək güclü raket potensialına malikdir. Eyni zamanda buraxılacaq minlərlə raketin tətbiq edildiyi intensiv zərbələr qarşısında Amerikanın istehsalı, tərifli “Petriot” raketləri effektsiz çıxacaq. Bu cür potensial və tamamilə mümkün bölgə müharibəsinin meyarı İranın dağılması, Qətərdə rejimin dəyişilməsi və “Hizbullah”ın ləğvi olacaq. Lakin bu savaşda uğursuzluq Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ-nin çöküşünə, həm də Səudiyyə krallığının xırda fraqmentlərə bölünməsinə şərait yaradar.
Biz kahin və falçı deyilik. Bununla belə, bu müharibə axırıncı olar və bölgəni, dövlətlərini, ola bilsin, sərhədləri və əhalisini dəyişdirə bilər. Yəqin ki, ərəblər və iranlılar bütün bu fəlakətlərdən keçəcəklər. Lakin İsrail indiki formasında yaşayacaqmı?
Tərcümə Strateq.az-ındır.