​“Yaşıl terror”a icazəni kim verib: Bağırov, Babayev, yoxsa Əsgərov? - RƏSMİ

Baxış sayı:
11860

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəsimi rayonu 20 yanvar küçəsi 30 ünvandakı ərazidə ağacların kəsilməsi və köçürülməsinə 2018-ci ilin aprel və iyun aylarında, yəni iki dəfə icazə verib.
Bunu BakuPost-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov deyib. 
Şöbə müdiri bildirib ki, tikinti aparılacaq ərazidə əvvəllər uşaq bağçası olub, sonra baxımsız vəziyyətə düşüb, bir hissəsində də məcburi köçkünlər məskunlaşıb: "Şirkət də 2006-cı ildə həmin yeri alıb, 2 il sonra da özəlləşdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2018-ci ilin aprel və iyun aylarında ərazidəki ağacların köçürülməsinə razılıq verib. Apreldə 2 ədəd zeytun, 1 ədəd sərv, 1 ədəd tut və qarağacın köçürülməsinə icazə verilib. İyunda isə nazirlik yarı hissəsi yanaraq qəzalı vəziyyətə düşmüş 1 ədəd zeytun və 1 ədəd şamın kəsilməsinə, 1 ədəd qarağac, 10 ədəd zeytun, 3 ədəd aylandın köçürülməsinə icazə verib. Bizim tərəfimizdən kəsilmə və köçürmə işləri 15 və 27 dekabr tarixlərində həyata keçirilib”. 
O. Məmmədov qeyd edib ki, həmin ağaclar Bakı Beynəlxalq Avtovağzalı ətrafında Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb. Həmin tinglik suvarma ilə təmin olunub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi və köçürülməsinə icazə verir. Biz isə boş, su ilə təmin olunmuş ərazi tapırıq və ora köçürürük”.  

Ancaq şəhərin mərkəzindəki ağacları şəhərdən kənara köçürmək nə dərəcədə düzgün və effektiv sayıla bilər? 
O. Məmmədov şəhərdə köçürülməsinə icazə verilən ağacların tinglik sahəsinə müvəqqəti köçürüldüyünü nəzərə çatdırıb: "Əkin mövsümündə tinglik sahəsinə köçürülən ağacları şəhərin mərkəzindəki parklara köçürürük. Sadəcə ilk mərhələdə ağaclar suvarma ilə təmin olunmuş tinglik sahəyə köçürülür. Gələcəkdə şəhərin mərkəzində hansısa yeni park, yaşıllıq zonası salınan zaman həmin ağaclar o yerlərə köçürülür”. 
Yaşam Residence" MTK-nın  icraçı direktoru Elşən Mahmudov isə BakuPost-a açıqlamasında deyib ki, ağaclar kəsilməyib, şirkətin müraciətinə əsasən 16 mərtəbəli binanın tikiləcəyi ərazidən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən köçürülüb: "Həmin ərazi şirkətə məxsusdur.  Ora boş ərazi olub, almışıq. Ərazidə 16 mərtəbəli bina, uşaq bağçası, idman zalı tikiləcək.  Ağacların köçürülməsinin ilk mərhələsi dekabrın 15-də aparıldı. İkinci mərhələ isə dekabrın sonunda həyata keçirildi”. 
Ötən gün Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında ağaclıq ərazi məhv edilməsinə dair məlumat yayılıb. Qətliamın Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun icazəsi ilə "Yaşam Residence" MTK tərəfindən bayram günlərində törədildiyi bildirilib.
Xatırladaq ki, 2018-ci ilin aprel ayında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olub və Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvandakı ərazidə 5 ağacın köçürülməsinə ilk icazənin verilməsi məhz onun dövrünə təsadüf edib. Aprelin 23-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib və Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. Beləliklə, 2 ağacın kəsilməsi və 14 ağacın köçürülməsinə icazə yeni nazirin dövrünə təsadüf edib.