Yaşıl çay piylənmənin qarşısını ala bilərmi?

Baxış sayı:
1306

Yaşıl çay sizin düşündüyünüzdən daha faydalı ola bilər.
 
Yeni elmi araşdırmaların nəticələrinə görə, yaşıl çay piylənmənin və piylənməyə görə yaranan xəstəliklərin qarşısını alır.
Ohio Universitetinin biokimyaçılar qrupunun eksperimentləri nəticəsində məlum olub ki, yaşıl çayın 2 faizlik ekstratı siçanların bağırsaqlarında daha sağlam bakterial mühit yaradır.
"Bizim araşdırmalarımız göstərir ki, yaşıl çay bağırsaqlarda faydalı mikrofloranın artmasına şərait yaradır, bu da öz növbəsində piylənmə riskini azaldan faydalı dəyişikliklərə gətirib çıxarır", araşdırmanın baş eksperti professor Richard Bruno deyir.
Yaşıl çay ənənəsi bir çox ölkələrdə populyardır. Amma sağlam pəhrizin vacib elementlərindən biri kimi son illərdə o, artıq bütün dünyada məşhurlaşıb. Alimlərin bir çoxu hesab edir ki, onun tərkibindəki antioksidantlar (katexinlər) immuneti artırır, damar xəstəlikləri riskini isə azaldır.
Yaşıl çay ekstratı əlavə edilmiş yağlı yeməklərlə bəslənən siçanlar digərlərindən orta hesabla 20 faiz az çəki alırlar. Eyni zamanda, belə siçanların insulinə qarşı həssaslığı rasionlarında yaşıl çay olmayan siçanlarınkından daha çox olur.
Yaşıl çay ekstratı verilmiş heyvanlarda bağırsaq iltihabının yaranması ehtimalı və piy hüceyrələrinin sayı da azalıb. Bundan başqa, yaşıl çay bağırsaq mikroblarının yaratdığı endotoksin maddəsinin qana keçməsinə də mane olub.
Professor Bruno deyir ki, siçanlara verilən yaşıl şay ekstratının miqdarı gündə 10 stəkan yaşıl çaya ekvivalentdir. "Elə görünə bilər ki, miqdar həddindən artıq çoxdur. Amma bəzi ölkələrdə bu say qətiyyən təəccüb doğurmaz".