"YAŞIL BAZAR"DA ARABAÇILIQDAN MİLYONÇULUĞA...

Və ayxud Dubayda bizneslə məşğul olan iş adamı Zaur Əliyevin ağlagəlməz fırıldaqları

“Hürriyyət”in ötən sayında "2 milyon dollarlıq fırıldaq - Dubayda yaşayan “iş adamı” Zaur Əliyev öz tanışını necə aldadıb?" sərlövhəli məqalə oxucularımızın diqqətinə səbəb olub. Bu yazı ilə bağlı redaksiyamıza daxil olan zənglərə əsasən deyə bilərik ki, oxucularımız daha çox “hacı” adı altında gizlənərək, çoxsaylı haram işlər görən “din adamları”nın əməllərinə etiraz ediblər.
Xatırladaq ki, qəzetimizdə dərc olunan "Binəqədi məhkəməsinin “quyu qazan” hakimi" və “2 milyon dollarlıq fırıldaq - Dubayda yaşayan “iş adamı” Zaur Əliyev öz tanışını necə aldadıb?” sərlövhəli yazılarda (http://muxalifet.az/2-milyon-dollarliq-firildaq-dubayda-yasayan-adami-za...) bu haqda məlumat vermişik. Odur ki, təkrarçılıq etmədən, ötən yazılarımızda cavabsız qalan bir sıra suallara aydınlıq gətirək.
Öncə Binəqədi Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun 15 aprel 2016-cı ildə çıxardığı ədalətsiz qərardan bəhs edək. Qeyd edək ki, iddiaçı Fərzəli Azad Aydın oğlu məhkəməyə müraciət edərək, cavabdeh Nəsirli Bilal Məmmədəli oğlunun ona “546 min dollar verməli olduğunu” bildirib. Hakim isə heç bir fakta əsaslanmadan B.Nəsirlidən iddiaçının xeyrinə 60 min dollar tutulması haqda qərar çıxarıb.
Halbuki, 2012-ci ilin əvvəlində Azad Fərzəli Həcc ziyarətində tanış olduğu B.Nəsirlidən xahiş edir ki, Dubayda yaşayan azərbaycanlı iş adamı Zaur Əliyevin biznesinə sərmayə qoyaraq pul qazanmasına kömək etsin. B.Nəsirli A.Fərzəlinin bu təklifini Z.Əliyevə çatdırır. Onun razılığını aldıqdan sonra A.Fərzəliyə zəng vuraraq bu haqda məlumat verir. Nəticədə, Azad Fərzəli 2012-ci il aprelin 28-29-da Dubaya – Zaur Əliyevə 60 min dollar göndərir və xahiş edir ki, həmin vəsaiti sərmayə kimi öz biznesinə yatırsın və payına düşən gəliri hər ay ona göndərsin.
Beləliklə, 16 ay ərzində Z.Əliyev 60 min dollarlıq sərmayənin qarşılığında hər ay ona 2 400 dollar göndərir. Vəziyyəti belə görən A.Fərzəli qazancını artırmaq üçün 2012-ci ilin oktyabrında Məkkə ziyarətində olarkən tanış olduğu Quliyev Arif Şıxməmməd oğlundan ortaq biznes qurmaq adı altında 90 min dollar alır. Cəmi 4 ay sonra isə o, Dubaydakı şərikinin müflis olduğunu və həbs edildiyini bildirir, 1-2 iki aya pulunu tam olaraq qaytaracağına söz verir. Ancaq A.Fərzəli A.Quliyevdən aldığı 90 min dolların qarşılığında “gəlir” adı altında onun cəmi 38 min dollarını geri ödəyir...
Nəhayət, A.Quliyev Həcc yoldaşı tərəfindən dolandırıldığını bilərək, Azad Fərzəliyə qarşı cinayət işi açılması üçün 2015-ci ilin noyabrında Nəsimi rayon 21-ci polis bölməsinə müraciət edir. Həmin vaxt A.Fərzəli polis bölməsinə dəvət olunur və burada izahatında yazır ki, A.Quliyevdən aldığı 90 min dolları onunla birlikdə Dubaydakı “biznes ortağı” Bilal Nəsirliyə verib. Hətta onu da iddia edib ki, guya, onun B.Nəsirlidə 360 min dollar pulu var. Beləliklə, şikayətçinin 21-ci polis bölməsinə müraciətinə müsbət cavab verilmir. Ancaq belə iddialar da var ki, A.Fərzəli polis bölməsinin əməkdaşlarını rüşvət hesabına ələ alaraq, barəsində cinayət işi açılmasını rədd elətdirir. Hansı ki, bu yaxınlarda polisin bu addımın qanunusuz olduğu və müəyyən maraqlar çərçivəsində belə bir qərar verildiyi də rəsmən öz təqsdiqini tapır. Belə ki, Nəsimi rayon Məhkəməsi 21-ci polis bölməsinin A.Fərzəli haqqında cinayət işinin açılmasını rədd edən qərarını ləğv edir...

Azad Fərzəli
Onu da qeyd edək ki, 21-ci polis bölməsinin işə ədalətli yanaşmadığını görən Arif Quliyev, 2016-cı ilin yanvar ayında A.Fərzəlinin qeydiyyatda olduğu Cəbrayıl rayon Məhkəməsinə müraciət edir. Ancaq bu da öz nəticəsini vermir və “görünməz əl” prosesin cavabdehin maraqları çərçivəsində bitməsinə gətirib çıxarır. Eynilə, sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Cəbrayıl rayon Məhkəməsinin qərarını qüvvədə saxlayır. Bütün bunlara rəğmən, qarşı tərəfin öz pullarını almaq üçün getdikcə basqıları artırdığını görən A.Fərzəli, 3 il sonra guya ona 360 min dollar “borclu olan” Bilal Nəsirliyə qarşı iddia qaldıraraq ondan pul tələb edir. Maraqlıdır ki, 21-ci polis bölməsindəki izahatında B.Nəsirliyinin ona 360 min dollar borcunun olduğunu qeyd edən A.Fərzəli, Binəqədi rayon Məhkəməsinə müraciətin bu “borcun” 546 min dollar olduğunu bildirir. Üstəlik, o, Arif Quliyevdən 90 min dollar alsa da, iddia ərizəsində ondan 100 min dollar alıb Bilal Nəsirliyə verdiyini qeyd edir. Həm də 21-ci polis bölməsindəki izahatında qeyd etdiyindən fərqli olaraq, həmin tarxidən bir neçə ay əvvəl verdiyini deyir...
Məhkəmənin qərarı haqda oxucularımızın kifayət qədər məlumatı olduğundan, bu məsələyə yenidən qayıtmırıq. Ancaq maraqlıdır ki, 546 min dollarlıq tələbin qarşılığında hakim onun cəmi 60 min dollarlıq iddiasını təmin etsə də, Azad Fərzəli növbəti məhkəmə instansiyalarına müraciət etməyə ehtiyac duymur. Belə desək, o, təxminən yarım milyon dolların “başından keçir”. Onun əksinə, cavabdeh tərəf bu iddanın əsassız olduğunu bəyan edərək, Apellyasiya Məhkəməsinə müraciət edir. Lakin hakim Aygün Abdullayeva Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayır. Bundan sonra B.Nəsirli Ali Məhkəməyə müraciət edir və iş hakim Mehparə Əhmədovanın icraatına verilir. Bu zaman Bilal Nəsirliyə məlum olur ki, M.Əhmədova ondan əvvəl Arif Quliyevin eyni iş üzrə şikayətinə baxaraq ədalətsiz qərar çıxarıb. Odur ki, o, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək, məlum səbəblərdən hakimin dəyişdirilməsini xahiş edir. Ancaq onun bütün cəhdlərinə rəğmən, müraciətinə hakim Mehparə Əhmədova baxır və yenə də Azad Fərzəlinin xeyrinə qərar çıxarılır...
Əlbəttə, Azad Fərzəlinin, haqsız olmasına rəğmən, bu qədər məhkəmə prosesində “qalib gəlməs”i dəyərli oxucularımızı düşündürməyə bilməz. Bu baxımdan, çoxlarına maraqlıdır ki, A.Fərzəlini müdafiə edən hansı “gizli əl”dir. Xüsusən də, onun cəmi bir neçə il əvvələdək “Yaşıl bazar”da araba sürdüyü haqda məlumatlar ortaya çıxandan sonra bu məsələ bizim də diqqətimizi cəlb etdi. Üstəlik, A.Fərzəlinin cəmi 4 ayın içərisində 600 min dollar xərcləyərək Binəqədi rayon Naxçıxani küçəsində yerləşən yeni tikilmiş binadan 3 mənzil alması da maraqlı faktdır. Axı, hamıya bəllidir ki, bazarda araba sürməklə 4 ay ərzində 600 min dollar qazanmaq qeyri-mümkündür...
Bütün bunlarla yanaşı, ötən yazımızda A.Fərzəlinin məhkəmə iddiasında Zaur Əliyevin adını qeyd etməməsi və onun ciddi-cəhdlə müdafiə etməsinin də düşündürücü olduğunu qeyd etmişdik. Bu gün isə, apardığımız araşdırma nəticəsində bütün bu sualların cavabını ortaya çıxarmışıq...
Bu sullara cavab verməzdən öncə bir daha xatırladaq ki, Azad Fərzəlinin iddiası üzrə məhkəmə proseslərində cavabdeh qismində çıxış edən Bilal Nəsirlinin Zaur Əliyevlə tanışlığı Dubayda baş tutur. Onlar qonşu olublar və bu səbəbdən aralarında yaxın münasibətləri yaranıb. Nəticədə, B.Nəsirli öncə Bakıda, daha sonra Dubayda biznes fəaliyyəti ilə məşğul olaraq qazandığı 2 milyon dollara yaxın vəsaiti onun etibarını qazanan Z.Əliyevin biznesinə yatırıb. Həmin məbləğin 800 min dollara yaxını rəsmi sənədlərdə əks olunub və B.Nəsirli konkret olaraq bu işlə bağlı məhkəməyə müraciət edib. Beləliklə, 21.12.2015-ci ildə Dubay məhkəməsinin hökmü ilə iddiaçıya dəyən 2 749 500 dirhəmin (Həmin dövrdəki məzənnə ilə təxminən 800 min dollar) ödənilməsi tələb olunmuş və əlavə olaraq Zaur Əliyev barəsində həbs qərarı çıxarılmışdır. Lakin Z.Əliyev müflis olduğunu iddia etdiyindən, həmin pulu ondan almaq mümkün olmayıb və qısa müddət sonra o, Dubaydakı ərəb tanışlarından biri tərəfindən zaminə çıxarılıb.
Bundan sonra Zaur Əliyev ondan məhkəməyə müraciət edən keçmiş ortağından qisas almağa çalışıb. Güman edilir ki, bunun üçün də ilk olaraq B.Nəsirlinin onunla tanış etdiyi A.Fərzəli yadına düşür. Ehtimal olunur ki, özünü “müflis” kimi qələmə verən Z.Əliyev müəyyən vədlər qarşılığında Azad Fərzəlini Həcc yoldaşı Bilal Nəsirli barəsində məhkəməyə müraciət etməyə razı salır…
Sonradan isə bəlli olur ki, əslində Azad Fərzəli Arif Quliyevdən aldığı pulların bir hissəsini Dubaya – Zaur Əliyevə göndərib. O, Zaurun müflis olduğu haqda xəbərləri eşitdikdən sonra dərhal ona zəng vuraraq pulunu istəyib. Güman olunur ki, həmin vaxt Z.Əliyev qonşusu B.Nəsirlinin onda olan təxminən 2 milyon dollarının “arxasına keçmək” üçün A.Fərzəlidən istifadə etmək istəyib. Bu səbəbdən də, o, bir neçə dəfə hissə-hissə A.Fərzəliyə pul göndərərək B.Nəsirliyə qarşı əsassız iddia qaldırmağı tapşırıb ki, guya həmin pulları ona yox, Bilala göndərib. Nəticədə isə, ortada qazanan Z.Əliyevlə A.Fərzəli, itirən isə A.Quliyevlə B.Nəsirli olub. Bir də Zaurun Dubaydan gönbərdiyi pulla ədalətsiz qərar çıxaran hakimlər… 
Qeyd edək ki, Azad Fərzəlinin Arif Quliyevə borclu olduğunu və bir çox faktları etiraf etdiyi səs yazısı da məhkəməyə təqdim edilib. O, bu danışığında bir çox həqiqətləri ortaya qoysa da, təəssüf ki, məhkəmə proseslərində bu faktlara əhəmiyyət verilməyib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Bilal Nəsirli bütün bu faktlarla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da rəsmi müraciət ünvanlayıb. O, inanır ki, Mehriban xanımın müdaxiləsi ilə ədalət bərpa olunacaq...

Hurriyyet.org

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.