​Yaşı 45-dən yuxarı olan namizədlərdən BİABIRÇI NƏTİCƏ

Baxış sayı:
5854

Dövlət İmtahan Mərkəzi inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 152 nəfəri (75 kişi və 77 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 235 nəfər (150 kişi və 85 qadın) lazım olan balı toplaya bilmişdir. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 450 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 16 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər./ Publika/