Yaqub Zurufçu Avropada boykot olunur - BƏYANAT

Elman Mustafazadə bütün dünya azərbaycanlılarına müraciət etdi

“Yaqub Zürufçunun sponsorları ilə birgə düzənlədiyi konsertləri hamılıqla baykot etməyə çağırırıq”

“Hürrriyyet.az” saytında müğənni Yaqub Zürufçunun Almaniyanın bir sıra şəhərlərində aprel ayı üçün planlaşdırdığı və İran mıdəniyyəti adı altında konsert proqramları ilə bağlı təhlil yazıları yayıldıqdan sonra, Hollandiyada fəaliyyət göstərən “Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə redaksiyamıza bu tədbirlə bağlı bəyanat göndərmişdir. Bəyanatda bildirlir:
“2016-cı il aprel ayının 15-dən etibarən Köln, Frankfurt, Hamburq və digər şəhərlərdə Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zürufçu, xalq artistləri Ramiz Quliyev (tarzən), Aftandil İsrafilov (qarmon ifaçısı) və Sadıq Zərbəliyevin (qoşanağara ifaçısı) iştirakı ilə “Persian Concert Produly Presents” və “Konserte bozorg azeri” adı altında konsert proqramları ilə çıxış edəcəklər. Bu, Azərbaycan milli mədəniyyətini və musiqisini “paniranizm” ideologiyasının quyruğuna calamaq və aşağılayıcı addım deməkdir”.
Bəyanatda o da sual olunur ki, nədən Azərbaycanın tarixi və əzəmətli dəyərləri özgələrinin bayrağı altında süslənməlidir?
“Nə üçün başqalarının mədəniyyət dəyərlərinin kölgəsində çabalamaq zorunda qalmalıyır? Yaqub Zürufçu “Kürdüstan” adlı marşla Azərbaycan və Türkiyənin ərazilərinə iddia edən “Böyük Kürdüstan” xəritəsi altında klipini yaymışdır. Bu addımın ardınca Almaniyada konsert proqramları ilə Azərbaycanın milli kimliyinə qarşı ermənilərin və farsların strateji hədəflərinə bağlamaq kimi təşəbbüsləri irəli sürüb. Bu tədbirləri Azərbaycan xalqının varlığının unutdurulmasına hesablanmış strateji niyyətlər kimi saymaq gərəkdir”- deyə bəyanatda qeyd olunur.

Bəyanat müəllifi xaricdə yaşayan soydaşlarımıza müraciət edərək bildirir: “Bizlər qürbətdə yaşasaq da daim milli kimliyimizi qorumağa və dəyərlərimizi yaşatmağa çalışırıq. Doğma vətənimiz Quzey və Güney Azərbaycan Milli Davasının haqqı uğrunda mücadilə aparırıq. Vətənimizin hər iki tayında ermənilərin və fars rejiminin strateji hədəfi milli varlığımızı inkar siyasəti olmuşdur. Yaqub Zürufçu kimiləri bizə qarşı tarix boyu düşmənçilik siyasəti aparan güclərin maraqları çərçivəsində hədəfləri gerçəkləşdirməyə çalışırlar. Bu təşəbbüsləri boykot etməklə öz iradəmizi ortaya qoymalıyıq. Ermənilərin “Armenakan”, “Hnçak”, “Daşnaksütyun”, “Grli group”, “ASOA”, “ASALA”, “Geraqon”, “Ermeni komandosları”, “Miatsum”, “Apostol”, “AOD” kimi terrorçu təşkilatları tarix boyu Güney və Quzey Azərbaycanda milli kimliyimizi yox etmək üçün dəhşət saçan soyqırım siyasətlərini aparıblar. Tehran rejimi 1925-ci ildən kimliyimizi tanımamaq doktrinasını sürmüşdür. “Pəhləvilər” və “mollakratiya” rejimlərinin tarixi dediklərimizi sübut edir. Yaqub Zürufçu utanmadan Azərbaycan Respublikasının KİV-lərinə açıqlama verərək bildirir ki: “Bu konsert proqramını bir iranlı işadamı düzənləmişdir”. Yalnış əməlindən utanmayaraq “konsertin təşkilatçısı İrana geri döndüyündə başağrısı” ola biləcəyini də söyləyir. Milli kimliyini və varlığını dəyişdirən belə birisinə nə ad vermək olar?”.
Elman Mustazadə qeyd edir ki, Yaqub Zürufçu Azərbaycan dövlətinin sayəsində peşəkar musiqi təhsili alıb. O, bu dövlətin prezidentinin humanizmi sayəsində vətəndaşlıq alıb və sənətçi kimi əməkdar artist fəxri adına layiq görülüb: “Deməli, Azərbaycanın çörəyini yeyən birisi fars şovinizminin 3-5 quruşuna görə milli kimliyimizi dəyişmək siyasətinə baş vurmaqla yanaşı, digər ünlü sənətçilərimizi də həmin çamura bulaşdırmaq kimi addımlar atır. O, Bakıda evlə təmin edilib. Azərbaycan vətəndası olmaqla yanaşı, “Əməkdar artist” titulunu veriblər, dövlət təqaüdü ilə təmin olunub. Buna görə də aprel ayının 15-dən Yaqub Zürufçunun sponsorları ilə birgə düzənlədiyi konsertləri hamılıqla baykot etməyə çağırırıq. Azərbaycanımızın quzeyli-güneli vahid milli iradəsini ortaya qoymaq hər birimizin milli borcudur. Hamınızı bu baykot hərəkatına dəvət edirik”.
Hurriyyet.az
P.S. Redaksiyamıza Yaqub Zürufçu və onun musiqiçi dostlarının Azərbaycan mədəniyyətinin başqa bir xalqın bayrağı adı altında təmsil olunmasına etiraz əlaməti kimi Finlandiya, Danimarka, İsveç, Norveç, Kanada, Avstriya, Ukrayna, Polşa, Pusiya, Türkiyə, Gürcüstan, Belorus, Litva, Estoniya, Fransa, İsveçrə və digər xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarından, soydaşlarımızdan etiraz müraciətləri daxil olmaqdadır. Biz həmin bəyanatları və müraciətləri də işıqlandırmağa çalışacağıq.