​Yaponiya Azərbaycana nə qədər investisiya yatırıb?

Baxış sayı:
7303

Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşündə deyib. Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
Şahin Mustafayev Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır.
İqtisadiyyat naziri ölkəmizin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək bankın “Star” neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Məlumat verilib ki, bu ilin sonunadək “Star” neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru K.Tanaka ölkəmizə səfərindən məmnunluğunu bildirərək bankın fəaliyyəti barədə məlumat verib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.