YAP rəhbərliyi hakimiyyətin mitinq siyasətinə qarşı

 
BŞİH-in müxalifətin mitinqinə icazə verməsi hakimiyyəti iki yerə parçalayıb; hakim partiya funksionerləri rəsmi qurumu niyə ciddi şəkildə qınayırlar?

Referendum öncəsi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ölkə müxalifətinin mitinq keçirmək üçün müraciətinə müsbət cavab verməsi, hakimiyyət daxilində müəyyən narazılıqlara səbəb olub. Xüsusilə də Yeni Azərbaycan Partiyasnın (YAP) rəhbərliyinə daxil olan şəxslər mətbuata açıqlamalarında BŞİH-i bu qərara görə qınayırlar.
Referenduma qarşı keçirdiyi mitinqlərə yaradılan əngəllərlə bağlı Milli Şuranın bəyanat yayıb. Bəyanatda deyilir:
“Ölkə ictimaiyyətinə bəlli olduğu kimi, Milli Şura sentyabrın 11-də Bakıda mitinq keçirib. Bu mitinq ölkədə Konstitusiyaya dəyişiklikləri haqda təyin edilmiş referenduma etiraz məqsədi daşıyıb. Mitinqdə həmçinin ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına və hökumətin vəziyyətdən çıxmaq üçün real addımlar atmamasına da etiraz bildirilib.
Görünür, Milli Şuranın əzmi və xalqın ən çətin şəraitdə də ona dəstəyini ifadə etməsi hakimiyyəti daha da qəzəbləndirdi. Buna görə də 11 sentyabr mitinqindən sonra polis və polisə işləyən mülki geyimlilər vasitəsilə təxribat törədildi, aksiyadan evlərinə qayıdan onlarla insan heç bir əsas olmadan zorakılıqla avtobuslara doldurulub, Yasamal polis idarəsinə və bölmələrə aparıldı. Mitinqdən sonra saxlanılan mitinq iştirakçılarından 14 nəfəri hələ də qanunsuz olaraq müxtəlif polis bölmələrində saxlanılır. Məqsəd, güman ki, xof yaratmaq, növbəti mitinqlərin qarşısını almaq üçün bəri başdan zəmin hazırlamaqdır.
14 nəfərin polis bölməsində vəhşicəsinə döyülməsi və onlara işgəncə verilməsi ilə əlaqədar olaraq Milli Şura artıq Beynəlxalq Məhkəməyə və BMTN-nin İnsan Hüququları komitəsinə yazılı müraciət göndərib.
Hakimiyyət Milli Şuranın mitinqinə mane olmaq üçün müxtəlif addımlar atıb. 11 sentyabr mitinqi üçün təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti qanunun tələblərini pozaraq son anda cavab verdi. Cavabın qəsdən yubadılması mitinqlə bağlı qeyri-müəyyənlik yaratmağa və bununla da aksiyanın hazırlığına zərbə vurmağa hesablanmışdı. Bundan başqa mitinq ərəfəsində müxtəlif təxribatçı informasiyalarla daha çox insanın aksiyaya qoşulmasını əngəlləməyə cəhdlər olmuşdu.
Lakin hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, 11 sentyabr mitinqi həm iştirakçıların sayına, həm də meydandakı əhval-ruhiyyəyə görə yüksək səviyyədə keçdi. Bunu görən hakimiyyət mitinqi pozmağa və təxribatlara yol verərək, mitinqdə çaxnaşma yaratmağa başlamışdır. Mitinq sonrası həbslər bunun barzi sübutudur.
11 sentyabr mitinqindən qabaq hakimiyyətin informasiya resursları aksiya ilə bağlı çoxsaylı təxribat xarakterli məlumatlar yaydı, gözdənsalma kampaniyası apardı. Baxmayaraq ki, 11 sentyabr mitinqi də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq BŞİH-lə razılaşdırılmışdı, bütün rayon polis idarələrinə, digər yerli hakimiyyət strukturlarına mitinqin baş tutmaması üçün təxirəsalınmaz tədbirlər görmək tapşırıldı. Mitinqin praktik hazırlığına da zərbə vurmaq məqsədilə aksiyaya bir neçə gün qalmış həbslərə başlandı – AXCP-nin 86 nəfər mitinq fəalı olan üzvü polis idarələrinə aparılaraq orada saxlandı və faktiki olaraq mitinq hazırlığından kənarlaşdırıldı. Mitinq günü isə rayonlardan Bakıya gələn yollar bağlandı, rayon nömrə nişanlı maşınlar paytaxta buraxılmadı.
Lakin bütün bu maneələrə və təzyiqlərə baxmayaraq Milli Şuranın 11 sentyabrda olan “Referenduma və Monarxiyaya Hamılıqla Yox Deyək!” mitinqi yüksək səviyyədə baş tutdu.
Hakimiyyətin mitinqlərdən əvvəl yaratdığı maneələr, xüsusən də 11 sentyabr mitinqindən qabaq aparılan həbslər və sonra törədilən təxribat – iştirakçıların polis zorakılığına məruz qalması və həbs olunması Milli Şuranın aksiyalarına razılıq verildiyi şərtini ortadan qaldırmış olur. Xüsusən də 17 sentyabr mitinqi hakimiyyətin öz razılığından imtina etdiyi şəraitdə keçib. Hakimiyyət orqanları insanların sərbəst toplaşmaq azadlığını pozub, dinc və razılaşdırılmış aksiya iştirakçılarını zorakılığa və həbsə məruz qoyub”.

Heç də sirr deyil ki, Azərbaycanda müxalifət partiyalarının üzvlərinin təqib olunması, döyülməsi və həbsi adi haldır. Hətta müxalifətçilərin ailə üzvləri də hakimiyyətin təqib və təzyiqlərinin hədəfi olurlar. Əldə etdiyimiz məlumata görə, 11 sentyabr mitinqində tutulan X.İbrahimov polis zorakılığına məruz qalıb. X.İbrahimov bildirir ki, onu tutmaq istəyən zaman qorxub qaçmağa başlayıb: “Polis işçiləri məni döyməyə başladılar. 8 dəfə möhkəm yumruqla başıma-başıma vurmağa başladılar. Digər polis isə məni yerə yıxıb, var gücü ilə bədənimi təpikləyirdi. Zərbələrdən başımda şiddətli ağrılar başladı. Mən özümü itirmişdim. Sonra polislər məni maşına basıb, polis idarəsinə gətirdilər”.
Mitinq iştirakçısı bildirir ki, onu polis rəisi Aydın Ağayevin otağına aparıblar: “Aydın mənə dedi ki, sən hələ bizim əlimizdən belə qurtarmağına şükür et. Hələ sənin başına başqa oyunlar da aça bilərik. Sonra işçiləri olan Təyyara, Elvinə göstəriş verdi ki, bunun işini “aformit” edin və atın içəri. Məni növbətçi hissəyə apardılar və səhərə kimi saxladılar. Səhər polis idarəsinin rəis müavini İlqar Süleymanov dedi ki, əgər bizdən şikayət etsən, səni yükləyib “sroka” göndərərəm. Məcbur olub izahata qol çəkdim və məni polis idarəsindən buraxdılar”.
İsmət Hacıyev