YAP namizədlər siyahısını niyə açıqlamır? – SƏBƏB

Baxış sayı:
3388

9 fevarl 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ictimai diqqət hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. Daha doğrusu, ictimai-siyasi seqmentin əhəmiyyətli hissəsi YAP-ın namizədlər siyahsını açıqlamasını səbirsizliklə gözləyir. 

Yenisabah.az bildirir ki, hakim partiyanın namizədlər siyahısının böyük marağa səbəb olmasının bir neçə səbəbi var. Əvvəla, bu siyahı ilə yeni parlamentin vizionu barədə müəyyən təsəvvürlər yarana bilər. İkincisi, hakim partiyanın köhnə tərkibdən kimləri çıxdaş etdiyi, hansı yeni simaları önə verməsi maraqlıdır. YAP isə hələ siyahını açıqlamağa tələsmir. 

Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, hakim partiya dekabrın 15-də siyahını açıqlaya bilər. Lakin YAP rəsmilərindən açıqlamalarından sezilir ki, hakim partiya bir qədər də gözləmə mövqeyində qalmaq niyyətindədir. Bu da bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, YAP namizədləri müəyyənləşdirməkdə çətinlik çəkir. Xüsusilə köhnə tərkibdən olan bəzi YAP-çılar israrla yenidən namizəd olmaq istəyir.

Yenisabah.az-a daxil olan məlumata görə isə hakim partiyanın gözləmə mövqeyində olmasının səbəbi başqadır. Bildirilir ki, YAP müxalifət düşərgəsinin namizədlərini açılqmasını gözləyir. Bu, hakim partiya üçün mühüm məsələdir. YAP fərqindədir ki, bu dəfəfki seçkilər kifayət qədər qızğın rəqabət şəraitində keçəcək. Bu baxımdan, müxalifətin ünlü simalarının, eyni zamanda populyar ictimia-siyasi fiqurların hansı dairələrdən namizəd olacağı YAP üçün önəmlidir.

Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov da “Yeni Müsavat”a müsahibəsində YAP-ın rəqib düşərgəni gözlədiyini təsdiqləyib. “Sizin də kifayət qədər təcrübəniz var, bilirsiniz, YAP gözləyir ki, kimlər hansı dairədən gedəcək, onlara qarşı kimi alternativ verəcək. Onlar isə gözləyir ki, YAP hansı dairədən kimləri verəcək, o zaman başa düşəcəklər ki, keçə biləcəklər, ya yox? Əslində hər seçkidə belə olur, indi də belədir”, - deyə YAP yetkilisi bildirib.