YAP NƏ ÜÇÜN PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXIR?

Baxış sayı:
2901

Hakim partiyanın dəyişilməsi zərurətə çevrilib; ya partiyanın rəhbərliyində dəyişilik aparılmalı, ya da YAP-ın “hakim partiya” status ləğv edilib, yeni bir siyasi qurum yaradılmalıdır
 
Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkiləri cəmiyyətin gözləntisini doğrultmadı. Çünki istər sadə vətəndaşlar, istər də siyasi partiyalar bu seçkilərdən tamamilə fərqli nəticə gözləyirdi.
 
Məsələn, seçkiqabağı təşviqat kampaniyası dönəmində olduğu kimi, 9 fevralda da namizədlərə bərabər şərait yaradılacağına və seçkilərin tam şəffaf keçiriləcəyinə ümidlər böyük idi. Ən azı, nəhayət ki, “karusel əməliyyatı” ənənəsinə son qoyulacağı, seçki qutularına topa bülletenlərin atılmasından imtina ediləcəyinə inam yaranmışdı. Ona görə ki, ölkədə aparılan bir çox ciddi islahatlar fonunda Milli Məclis buraxılmış və ən qısa müddətdə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilmişdi. Bu baxımdan, illərdir siyasi proseslərin içərisində saç ağardan əksər partiya sədrləri, politoloqlar, ayrı-ayrı ekspertlər, ictimai-siyai fəallarla yanaşı, cəmiyyətin böyük kəsimi də 9 fevral seçkilərinin nisbətən demokratik keçiriləcəyini güman edirdi.
 
Amma nəinki seçki günü baş verən biabırçı saxtakarlıqlar, hətta bundan günlər öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) öz namizədlərinin siyahısının cəmiyyətə təqdim etməsi artıq seçkinin necə keçəcəyinə işıq salırdı. Hansı ki, YAP-ın məlum siyahısında “özünü buraxan” deputatların böyük əksəriyyəti təmsil olunurdu. Bu isə vətəndaşlar arasında belə bir haqlı sual yaratmışdı ki, “Milli Məclisin buraxılmasına səs verən deputatlar tam tərkibdə hakim partiyanın siyahısına salınıbsa, o zaman növbədənkənar parlament seçkilərinin keçirilməsinə nə ehtiyac vardı”. Şübhəsiz, bu fikirdə olanlar haqsız da deyildilər. Çünki, əgər Milli Məclisin tərkibi dəyişməyəcəkdisə, o halda milyonlarla vəsait xərcləyib, yeni – növbədənkənar seçkilər keçirməyə nə ehtiyac vardı?
 
Zənnimizcə, prezident İlham Əliyevin dünən Milli Məclisdəki çıxışınadək də bu sual cavabsız qalırdı: “9 fevral növbədənbkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi”. Əlbəttə, ölkə başçısının bu açıqlamasının özü də müəyyən suallar doğurur. Lakin hazırkı yazımızın mövzusu başqa olduğundan, bu məsələyə növbəti məqalələrimizdə toxunacağıq. Odur ki, yenidən YAP-ın məlum siyahısına qayıdaq.
 
Şübhəsiz, hakim partiyanın bu siyahısı seçkilərin demokratik keçiriləcəyi haqda ümidləri alt-üst etmişdi. Bununla yanaşı, “bu siyahı aldadıcı xarakter daşıyır, ölkədə aparılan gəncləşdirmə siyasətinə uyğun olaraq, Milli Məclisin yeni tərkibində də əsasən gənclər təmsil olunacaq” kimi fikirlər də gündəmə atıldığından, vətəndaşlarımızın müəyyən hissəsi hələ də seçkinin demokratik keçirilməsinə ümidli idi. Ancaq, necə deyərlər, “sən saydığını say, gör Məzahir Pənahov nə sayırmış…”.
 
Beləliklə, gözlənilən seçki baş tutdu və belə demək olarsa, Azərbaycan vətəndaşlarının gələcəyə olan ümidi bir daha alt-üst oldu. Doğrudur, seçicilərin böyük əksəriyyəti “artıq deputatların siyahısı hazırdır, bizim səsimizə əhəmiyyət verən kimdir?!”, deyərək, 9 fevralda məntəqələrə gedib, səs vermək zəhmətinə qatlaşmadılar. Və proseslər onların haqsız olmadığını da sübut etdi. O başqa məsələ ki, seçicilərin böyük əksəriyyəti səsvermə hüququndan istifadə etsəydi, vəziyyət bu dərəcədə də acınaqlı olmazdı. Yəni bu halda müəyyən dairələrdə tamamilə fərqli nəticənin şahidi ola bilərdik…
 
Sonuncu parlament seçkisi bir daha göstərdi ki, Azərbaycan vətəndaşları səsverməyə qatılmamaqla həm bu prosesin şəffaflığına inanmır, həm də öz etirazını ortaya qoyur. Hansı ki, biz həmin gün məntəqələrə gələrək, adına yazılmış seçki bülletenini özü ilə aparan seçicilərin də şahidi olduq…
 
Bəs, vətəndaşı narazı salan nə idi? Nə üçün insanlar hələ seçkidən öncə prosesin şəffaf keçiriləcəyinə inanmırdı? Şübhəsiz, bu sualların hamısını bir cavabı var: indiyədək seçkilərin qeyri-şəffaf keçirilməsi və deputatların ancaq şəxsi maraqlarının təminatı üçün çalışması! Təsadüfi deyil ki, son vaxtlaradək vətəndaşlarımız istər sosial şəbəkələrdə, istər də mətbuatda Milli Məclis üzvlərinin böyük əksəriyyətinin ünvanına kəskin fikirlər, hətta aşkar şəkildə təhqiramiz ifadələr söyləməkdən çəkinmirdilər. Bəzi hallarda normal təklif irəli sürən deputatların belə, ünvanına söyüşlər söyüldüyü kimsəyə sirr deyil. Şübhəsiz, bu vəziyyət həm də ölkədə sosial narazılığı körükləyirdi. Bu səbəbdən, istisna deyil ki, Milli Məclisin buraxılma səbəblərindən biri də məhz bu amil idi. Yəni hakimiyyət bununla həm də getdikcə artmaqda olan narazılığın qarşısına almaq niyyətində idi.
 
Sual oluna bilər ki, əksər deputatlar yenidən seçdirildisə, hakimiyyət narazılığın qarşısını necə alacaq? Təbii ki, bütün bunlar düşünülmüş və prosesin hər bir incə detalı ilə bağlı konkret plan tərtib olunmuşdu. Məsələn, sosial şəbəkələrdə barəsində ən çox təhqiramiz fikirlər səslənən, ünvanına söyüş söyülən Hadı Rəcəbli, Tahir Kərimli kimi deputatların Milli Məclisdən kənarda qalması heç də təsadüf hesab oluna bilməz. İstisna deyil ki, bəzi deputatların (namizədlərin) aşkar saxtakarlıq yolu ilə seçdirilməsi və sonrdan MSK tərəfindən onların namizədlikləri irəli sürülən dairələrdə seçkinin nəticəsinin ləğv olunması da əvvəlcədən hazırlanan planın tərkib hissəsi idi. Görünən odur ki, hakimiyyətin bu planı istədiyi kimi baş tutdu və bununla cəmiyyətdəki narazılığın qarşısını ala bildi. Fakt budur ki, hazırda seçki saxtakarlığına etiraz edənlər yalnız narazı namizədlər və onların yaxınlarıdır…
 
Amma bu vəziyyətin uzun müddət belə davam etməyəcəyini hakimiyyət başbilənləri də hesablamamış deyillər. Ən azı ona görə ki, ölkədə aparılan gəncləşdirmə siyasətindən sonra iqtidarın öz daxilində də ciddi narazılıq baş qaldırdığı, parçalanma meylləri müşahidə olunduğu artıq danılmazdır. Bu proses parlament seçkiləri zamanı özünü daha qabarıq şəkildə göstərdi. Çünki bəzi hallarda prezidentin, birinci vitse-prezidentin iradəsinə zidd addımlar atıldığı və qərarlar verildiyi haqda da fikirlər var. Nə qədər qəribə olsa da, hətta hakim partiyanın deputatlığa namizədlərinin siyahısının belə, əvvəlcədən ölkə başçısının maraqlarına cavab vermədiyi, amma “müəyyən səbəblərdən bunu qəbul etməyə məcbur olduğu və yaxud da güzəştə getdiyi” haqda iddialar var. Buradan isə belə anlaşılır ki, bu siyahını tərtib edənlər ya müxtəlif arqumentlər gətirərək dövlət başçısını inandıra bilib, ya da hansısa kənar təsir olduğu ilə bağlı (Bəzi siyasilər Rusiyanın və ruspərəst qüvvələrin seçkilərə müdaxilə etdiyini bildirir – müəl.) iddialar heç də səbəbsiz deyil. Bütün hallarda, görünən odur ki, təkcə hakimiyyətdə deyil, hətta hakim partiya daxilində də prezidentin iradəsinə qarşı çıxan şəxslər mövcuddur. Hansı ki, bu şəxslər öz güclərini səfərbər edərək, Azərbaycanda demokratik seçkilərin keçirilməsinə əngəl oldular. Nəticədə isə həm hakimiyyət daxilində öz təsir imkanlarını qoruyub-saxlamağa nail oldular, həm də onları da “silib atacağı” gözlənilən islahatların qarşısına sipər çəkməyi bacardılar. İtsisna deyil ki, Milli Məclis seçkiləri tam şəffaf keçirilsəydi, ölkəmizdə daha ciddi islahatlar həyata keçiriləcəkdi…
 
Təbii ki, bu proseslər Azərbaycanda islahatlara həm də YAP-dan başlanılmalı olduğu zərurətini ortaya qoyur. Çünki, nə qədər ki, bu partiyanın rəhbərliyində təmsil olunan “köhnə zehniyyət” proseslərə 1990-cı illərin prizmasından yanaşır, ölkədə ciddi islahatlara nail olmaq mümkün olmayacaq. Əksinə, mövcud vəziyyət daha da ağırlaşacaq, cəmiyyətdə bir-birinə zidd, insanlar arasında düşmənçilik toxumu səpən qüvvələr meydana gələcək. Necə ki, uzun illərdir YAP-ın və Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bəzi bölücü təfəkkürlü şəxslərin sayəsində cəmiyyətdə uzlaşma əldə etmək, siyasi partiyalar arasında hətta dövlət əhəmiyyətli, milli məsələlərdə belə, hansısa anlaşmaya nail olmaq mümkün olmayıb. Diqqət edək, Əli Həsənov Prezident Administrasiyasının İctimi-siyasi məsələrə şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra, indiyədək “radikal” adlandırılan partiya sədrləri belə, artıq ən yüksək səviyyədə görüşlərə dəvət olunur, bu və ya digər məsələlərlə bağlı onların fikirləri öyrənilir və s. Şübhəsiz, bu prosesin iqtidar və müxalifət arasından illərdir davam edən düşmənçilik münasibətlərinə son qoyulmasına və qarşıda daha ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına gətirib çıxarması da mümkündür. Ən azı, prezidentin dünən Milli Məclisdəki söylədiyi aşağıdakı fikirlər belə düşünməyə əsas verir: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.
 
Onu da qeyd etməliyik ki, Prezident Administrasiyası rəhbərliyi cəmiyyətdə barış mühiti formalaşdırmaq üçün bütün partiyalara öz qapısını açdığı bir vaxtda, YAP-da hələ də “köhnə yellər” əsir. Belə ki, müəyyən şəxslər hələ də siyasi partiyaları aşağılamaq, onları “destruktiv”, “dağıdıcı” qüvvələr kimi təqdim etmək ənənəsinə sadiq qalmaqdadır. Bu isə bir daha onu deməyə əsas verir ki, YAP-ın prezidentin iradəsinə qarşı fəaliyyət göstərdiyi haqda iddialar heç də boşuna səslənməyib.
 
Deməli, bütün hallarda hakim partiyanın dəyişməsinə zərurət yaranır. Bu dəyişikliyin isə iki yolu var: ya partiyanın rəhbərliyində dəyişilik aparılmalı, ya da YAP-ın “hakim partiya” status ləğv edilməli, yeni bir siyasi qurum yaradılmalıdır.
 
Əlbəttə, bu partiyanın cəmiyyətdə nüfuzu çox aşağı olduğundan, onun rəhbərliyi müsbət imicə malik olan insanlarla əvəzlənsə belə, cəmiyyətdə bu partiyaya münasbət qısa müddətdə dəyişməyəcək. Odur ki, ikinci variantın tətbiqi daha uğurlu metod ola bilər. Zənnimizcə, prezident İlham Əliyevin dünən Milli Məclisdə çoxpartiyalı sistemin inkişafından danışması da təsadüf deyil: “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
 
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org
 
P.S. Mövzunu davam etdirəcəyik.