“YAP Heydər Əliyevin arxasınca getməyən adamların əlindədir"

Hakim partiyanın qurucularından olan Əli Əlirzayev: “Kənardan gəlib, YAP-ı zəbt ediblər”

“Hesab edirəm ki, 9 fevral seçkiləri heç də Azərbaycanın mentalitetinə, mənəviyyatına, elminə, təhsilinə uyğun deyil”
 
Azərbaycanda bir çox qanunsuzluqların, o cümlədən də bütün seçkilərdə baş verən saxtakarlıqların arxasında hakim Yeni Azərbaycan Partiyası (YAP) dayanır. Təsadüfi deyil ki, “özünü buraxan” deputatların böyük əksəriyyəti növbədənkənar parlament seçkilərində YAP-ın siyahısı ilə namizədliyini irəli sürdülər və yenidən deputat oldular
Hakim Yeni Azərbaycan Partiyasının Neftçala rayon üzrə sədri Anar Cəfərovun həbsi də partiyanın saxtakarlıqların arxasında dayanmasını təsdiq edir. Çünki iddiaya görə, həmin şəxs seçki günü bütün məntəqə sədrlərinə zəng edib, nəticələri dəyişməyi tələb edib. Əslində, bu, təkcə Neftçala rayonunda yox, ölkənin bütün rayonlarında baş verən anoloji haldır. Bütün bunlar o deməkdir ki, hakim partiya prezidentin islahatlarına “çidar” vurur. Maraqlıdır, YAP-ın qurucularından olan, məşhur “91-lər”dən biri, keçmiş deputat, professor Əli Əlirzayev YAP-ın son zamanlar islahatların qarşısında sipərə çevrildiyi haqda iddiaları qəbul edirmi?

 
“Bu parlament seçkisi doğrudan da respublika, millət üçün yaxşı hal deyil”
 
- Ümumiyyətlə, parlamenti buraxmaq düzgün addım idi?
 
- Xeyr, ümumiyyətlə, parlamenti buraxmaq lazım deyildi. Onsuz da 3 aydan sonra parlament özü özünü buraxacaqdı. Ondan sonra da təbii ki, nəzarət etmək olardı. Ona görə də mən YAP-ın siyahısında olan adamların hamısını demirəm, orada yaxşı, bacarıqlı adamlar da var. Mən birinci, ikinci çağırışda deputat olmuşam, hamısını şəxsən tanıyıram, potensialına bələdəm, onlar arasında zərərli adamlar yoxdur. Amma söhbət ondan gedir ki, onlar indiki islahatlara cavab verə bilirlərmi? Yaxşı, yeni seçilənlər cavab verə bilirmi? Bilmir. Ona görə də bu parlament seçkisi doğrudan da respublika, millət üçün yaxşı hal deyil. Mən də istədim namizədliyimi verəm. Baxmayaraq ki, 75 yaşım olacaqdır. Prezident Aparatına teleqrama vurmuşdum ki, təcrübəm, savadım var, mənə də icazə verin, YAP-ın siyahısına salsınlar, amma salmadılar. Hətta bəzi adamlar ki, YAP-ın siyahısına salındı, onlar da keçmədi və yaxud onları ləğv etdilər. Ona görə də yaxşı hal deyil.
 
“Kasıb deputat heç bir şey edə bilməz”
 
- Ümumiyyətlə, siz 9 fevral parlament seçkilərinin total saxtalaşdırıldığı haqda iddiaları qəbul edirsiniz?
 

- Bütövlükdə mən bu hadisəni yaxşı qələmə vermirəm və qiymətləndirmirəm. Mən hesab edirəm ki, bu seçkilər doğrudan da düzgün keçmədi. Söhbət xalqın seçməyindən getmir. Mən deputat olmuşam, görmüşəm, bəzən burada başqa amillər də rol oynayır. Vaxtilə mənim rəqibim var idi, pul paylayırdı. Pul paylamağın özü də bir faktdır, insanlar gedir, pula görə səs verirlər. 10, 20 manat alıb gedir, səsini verir. Təbii ki, parlament seçkilərində müəyyən qədər məsrəf də lazımdır. Amma dövlət doğrudan da baxmalıdır ki, parlamentə kimlər gəlir. Bu adamlar doğrudan xalqa, dövlətə müəyyən istiqamət verir və yeri gələndə dövlət müəyyən qədər qarışmalıdır. Ya protokol yolu ilə, ya başqa yolla. YAP-da belə olmalıydı. YAP Milli Məclisə elə adamlar seçməliydi, elə adamların namizədliyni verməliydi ki, o adamların həm xidməti olub, həm gələcəyi var, həm də bü gün ölkənin iqtisadiyyatında, hüquqi bazasında, bu və ya digər şəhərin, kəndin formalaşmasında müəyyən rol oynayıb. Deputat neynəyə bilər? Deputatın pulu olmalıdır. Kasıb deputat heç bir şey edə bilməz. Televiziyada çıxıb danışmaqla, heç nə olmaz. Televiziyada məndən yaxşı danışan yox idi. Amma görürsən, kənarda qalmışam. Çünki pulum yoxdur. Mən 10 min manatı ona xərcləyə bilmərəm. Mən 10 min manatı 1 ildə qazanıram. Söhbət bundan gedir. Xalq bunu bilmir, axı.  Xalq deyir, mənə gəlsin yol çəksin, bina tiksin, yeri gələndə pul versin. Ona görə, bəzi deputatlar bunu yerinə yetirə bilmir. Ona görə ki, onların imkanları yoxdur. Bəzi insanlar da başa düşmür ki, onların imkanları yoxdur. Onlar hər şeyə gedirlər. Onlar elə bilirlər ki, deputat seçiləndə hər şey deputatın əlindədir. Amma əslində, deputatın problemi qaldırmaq səlahiyyəti var, yeri gələndə deputatın xalqın, Azərbaycanın təmsilçisdir. Mən Qaradəniz İqtisadi Əməkdaşlıq Assambleyasının üzvü idim, xarici ölkələrdə Azərbaycanı təmsil edirdim. Bu seçilən deputatlardan da xaricdə, yaxud Rusiyada bizi təmsil edən insanlar var. Onlar olmalıdır. Amma bütövlükdə mən hesab edirəm ki, bu seçkilər heç də Azərbaycanın mentalitetinə, mənəviyyatına, elminə, təhsilinə uyğun deyil.
 
“YAP-ın üzvləri elə cinayətlər edirlər ki”
 
- YAP-ın Neftçala rayon şöbəsinin sədri Anar Cəfərovun həbsi də hakim partiyanın nüfuzuna ciddi şəkildə zərbə vurdu. Hansı ki, həmin şəxsin seçkinin saxtakalaşdırılmasına xidmət etdiyi iddia olunur. Bununla bağlı bağlı nə deyə bilərsiniz?

 
- Həmin şəxs cinayət eləyibsə, nə olsun ki, YAP-ın üzvüdür. YAP-ın üzvləri elə cinayətlər edirlər ki... O demək ki, YAP ilahi bir qüvvədir. İnsandır, insanın psixologiyası var, insanın tamahı, davranışı var. Hər vaxt YAP rəsmisi də, dövlət rəhbəri də tutula bilər. Mən heç vaxt demirəm ki, bu, niyə tutuldu. Məhz YAP-çının tutulması o demək deyil ki, YAP pisdir. YAP-da elə adamlar var ki, o adamlar doğrudan zəifdilər, pul üçün ora gəliblər. Mənim yadımdadır, 1993-cü ildə YAP yarananda elə adamlar var idi ki, pulu yox idi. Bizim “Səs” qəzetini buraxmağa imkanımız yox idi. Bu və digər rayonlara getməyə imkanımız yox idi. Onda Heydər Əliyevin partiyası ilə Şvernadzenin partiyası arasında bir özəl müəssisə yaradılmışdı ki, YAP-ın bəzi xərclərini ödəyək. Amma sonra YAP-a daxil olanlar qazanc məqsədilə gəlirlər. Lakin biz o vaxtı ideya ətrafında yığışmışdıq. Biz o vaxtı Heydər Əliyevin hakimiyyətə gəlməyini hələ görmürdük, amma Heydər Əliyevin şəxsiyyət kimi qarşısında durmuşduq. Rusiya prezidenti Putin bu yaxınlarda dedi ki, Jirinoskinin partiyası Jirinovskiyə görədir, bu gün, sabah dağıla bilər. Ona görə də partiyada şəxsiyyətli adamların olması vacibdir. Ona görə, heç də həmin şəxsin tutulmağına yanmaq lazım deyil, cinayət eləyibsə, cavabını verəcəkdir. Onu etməməliydi. Ümumiyyətlə, indiki iqtidar, Heydər Əliyevin vaxtından qalan insanlar müəyyən mənada xalqı təmsil etməlidirlər. Əgər YAP-da olan insan, onun medalından istifadə edib, gedib rüşvət alırsa, kimisə tutdurursa, kiminsə cibinə silah qoyursa, əlbəttə ki, bu, yaxşı deyil. Hüquq mühafizə orqanları var. Yəqin ki, yoxlayırlar. Hamını yoxlayırlar. Hamı elə bilir ki, evində yaşayır, amma kənardan yoxlayırlar. İcimai fikir var. İctimai fikrin də olması vacibdir. İctimai fikir çox olanda istər-istəməz dövlət bu işə qarışmalıdır ki, doğrudanmı belədir. Bu, məktub yazır, o, şikayət eləyir.  Şikayətlər, məktublar gəlirsə, bu məktublar siqnaldır. Bunları yoxlamaq lazımdır. Bilirsiniz, mən Heydər Əliyevin iş üslubuna yaxşı bələdəm. O, hər tərəfdən nəzarət edirdi, öyrənirdi ki, bu adam kimdir, nəçidi, yaxşıdırmı, qohum-əqrabası necədir, tamahkardımı və. s. Başqa ünsürləri də bilirdi. Ona görə də indiki adamlar o cür hakimiyyətə gəlib, 5-6 ildən sonra böyük əmlak sahibləri olurlar, xaricdə pulları olur. Təbii ki, bunların üzərində nəzarət olmalıdır. Mənəviyyat həm də insanın özündə olmalıdır. İnsan gündə ət, yağ yeyə bilməz ki, insanın gündəlik yemək qabiliyyəti 2600 kilo-kaloridir. Onu da elə çörəklə, pendirlə yola verir. Amma tamah, pul elə şeydir ki...
 
“YAP elə adamların əlindədir ki, vaxtilə heç Heydər Əliyevin arxasınca getməyiblər”
 
 - Bu vəziyyətdə YAP-ın ya tamamilə yenilənmməsinə, ya da köhnə zehniyyətə alternativ yeni bir hakim partiyanın formalaşdırlmasına ehtiyac görürsünüzmü?

 
- YAP-da necə islahatlar gedir? Parlamentdə islahatlarlar öz yerində. Birinci növbədə, YAP-ın özündə də islahatlar getməlidir. Əgər 80 nəfər YAP-çı namizədliyini verirsə, ali partiyadır, bunu etməlidir, niyə mənim namizədliyimi vermədilər? Verərdilər də, mən də YAP-çıyam, onu yaradanlardan biriyəm. Mən özü də prezidentə, Birinci xanıma da məktub yazdım ki, məni YAP-ın siyahısına salın. Heç bir cavab vermədilər. Gərək, arxanda partiya dayana. Tək bir adam neynəyə bilər? Ona görə də arxada ictimai qurumlar, YAP-ın müəyyən təşkilatları - bunlar arxanda dayanmalıdır. Ya da gərək, xalqın uğrunda canını verəsən, müharibədə iştirak edəsən, məsələn, Ziya Bünyadov kimi, onda səni xalq tanıyar, deyər ki, hə, buna yaraşır, buna səsimizi verək. İndi bilmirəm, YAP-da seçim edən, təqdim edən kimdir ki, elə adamları veriblər. Əlbəttə, YAP-da islahatlar lazımdır, bu partiya köhnə vaxtdan qalandır. O dəfə də demişəm, indi də deyirəm YAP indi elə adamların əlindədir ki, vaxtilə heç Heydər Əliyevin arxasınca getməyiblər, onlar ayrı partiyada olublar, sonra gəlib YAP-a daxil olublar. Belə şeylərə baxmaq lazımdır. Bilirsiniz, Kommunist rejimi eləydi ki, hər adamın yolunu öyrənirdi. O demək ki, deyil ki, indi əqidəmi dəyişmişəm, indi buradayam. Əlbəttə, vəzifə, titul verəndən sonra əqidəni də dəyişərsən. Xalq bunu görür. Xalq bilir ki, bu adam belə əqidədə adam idi. Bu adam vətənpərvər adam deyil, yeri gələndə vəzifə üçün hər şeydən keçən adamdır. İndi bunu gətirib birdən-birə xalqın qarşısına vermək o xalqdan keçmək deməkdir. Xalqda nifrət yaradır. İnsan küçədən gedəndən ona salam verirlərsə, demək xalq bunu tanıyır. Yox, salam vermirlərsə, ondan qaçırlarsa, onu tanımır, hörmət etmir. O demək deyil ki, xalq məni seçmədi. Xalq səni seçməyə bilər. Amma gərək, sənin özünün də xalq arasında hörmətin ola. Təbii ki, YAP-ın özü də islahatlara məruz qalmalıdır. Nə üçün? YAP-ın 800 min üzvü var, böyük qüvvədir. Biz partiyanı yaradanda elə adamlar olub ki, o adamların heç biri vəzifədə olmayıb, ancaq şəxsiyyətin ətrafında yığışan adamlar idik. İndi kənardan gəlib YAP-ı zəbt ediblər, kimi istəyirlər çağırırlar. Hansı ki, o adamlar vaxtilə Mütəllibovun ətrafında fırlanırdı, ona kömək edirdi, indi YAP-ın aparıcı qüvvələri olublar.
 
“Bu gün prezidentə kömək etmək lazımdır”
 
- Hətta hakim partiyanın bəzi üzvləri də YAP-ın siyasətinin dövlətin və prezidentin bəyan etdiyi  kursla uyğun gəlmədiyini, bu partiyanın prezidentin əleyhinə daha çox işlədiyini deyirlər. Siz necə düşünürsünüz, YAP həqiqətən də prezidentin əleyinə işləyir?
 
- Mən onu deyə bilmərəm. Mən ancaq hesab edirəm ki, YAP-ı qorumaq lazımdır. Mən köhnə YAP-çıyam, onun üzvü olduğuma görə fəxr edirəm. Mən getdiyim yola baxanda qürur hissi keçirirəm ki, biz bu partiyanı yaradanda  doğrudan səhv etməmişik. Heydər Əliyevin ətrafında fırlananda fəxr etmişik. Biz bu partiyanı yaratdıq. Bu iqtidar partiyası olmalıdır, amma iqtidar partiyasını daha gətirib bu vəziyyətə salmaq lazım deyil. YAP-da əsl insanlar formalaşmalıdır ki, bir acı sözlə insanı məhv etmək olmaz, bu adamın əqidəsinə baxmaq lazımdır. Ona görə, başqa adamlar kimi düşünmürəm ki, YAP belə, elə olmalıdır. Mən YAP-ı yaradanlardan biriyəm, buna heç peşman deyiləm. Mən Heydər Əliyevə etdiyim xidmətləri halal edirəm. Hər an da oturub fikirləşəndə ən ağır, əzablı günlərə nəzər salmaqla, fəxr edirəm. Bunu hər insan etməlidir. Amma indi təbii mən baxanda ki, YAP kiminsə əlinə keçib, kimsə orada neynir, hətta məni iclasa çağırmır... Niyə məni iclasa çağırmır? Bəyəm, mən neynəyəcəm? Hansı sözü deyəcəm? Oturacam, baxacam da. 50 ildir  mən bu cəmiyyətdə yaşayıram hansı bir vəzifəli adamın üzünə ağ olmuşam? Niyə məndən qorxurlar? Çünki deyəcəm ki, sən filankəssən. Belə şeylər var. Ona görə YAP-da səmimiyyət, ciddi adamlar olmalıdır. Yaltaqlıq ayrı şeydir. Bu gün prezidentə kömək etmək lazımdır. Prezidentin qoyduğu məsələlərə əlavə təkliflər vermək olar ki, hörmətli prezident bu təklifə razı olsa, baxsa, bu təklif daha yaxşı olar. YAP-da belə adamlar yoxdur, YAP-da ancaq müəyyən mənada “işə getməliyəm” və yaxud “vəzifədəyəm, YAP-ı durub tərifləməliyəm”, başqa bir şey yoxdur. Buna baxmayaraq, Mən YAP-dan heç vaxt narazı deyiləm, ona görə ki, mən onun yaranmasında əziyyət çəkmişəm. 1969-cu ildə az qalmışdı ki, məni məhv eləsinlər. Avtobus maşının üstünə sürdü, maşın aşdı, biz ölmədik. Heydər Əliyev bunu bilirdi. Nə oldu indi? İndi bu adamlar vaxtilə Mütəllibovun, Vəzirovun adamları idi.
 
Hurriyyet.org