​YAP-dan seçki açıqlaması: Yanvardan səfərbər oluruq

Noyabrın 25-də keçirilən müşavirədə Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları qarşısında konkret vəzifələr qoyuldu, partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verildi. Bu vəzifələr rayon və şəhər təşkilatlarının bundan sonra öz fəaliyyətlərini hansı istiqamətlərdə davam etdirmələrinə dair məsələləri əhatə edir. Xüsusilə də, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov YAP-ın saytına müsahibəsində bildirib.
S. Novruzov deyib ki, gələn ilin yanvar ayından etibarən partiyanın bütün strukturları seçkiyə hazırlıq üçün səfərbər olunacaq. O qeyd edib ki, yeni resursların müəyyən olunması da diqqət mərkəzindədir: “Məlumdur ki, seçkilərin xarakteri zaman keçdikcə müəyyən dəyişikliklərə uğrayır, daha çox virtual məkanda bu proseslərin həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilir. Eyni zamanda, indiki mərhələdə dünya miqyasında insanları maraqlandıran məsələlərin siyahısı da dəyişir. Məsələn, ABŞ-da sonuncu prezident seçkilərinə istinad edərək deyə bilərik ki, əgər bu ölkədə demokratiya, insan hüquq və azadlıqları birinci dərəcəli məsələ kimi qəbul edilirdisə, indi artıq təhlükəsizlik, ictimai-siyasi sabitlik və sosial rifah kimi məsələlər önə keçib. Bu cür məqamları dərindən, köklü şəkildə öyrəndikdən sonra insanlara gələcək üçün yönəldiləcək mesajlar da məhz bu məsələlər əsasında müəyyən edilməlidir. Bu baxımdan, ərazilərin qiymətləndirilməsi, yerlərdə vəziyyətin müəyyən olunması, problemlərin və görüləcək işlərin nədən ibarət olduğunun dəqiqləşdirilməsi vacib şərtlərdən biridir”.
S. Novruzov digər siyasi partiyaların hazırlığından da danışıb: “Müəyyən partiyalar var ki, son ana qədər seçkilərdə iştirak etməklə bağlı konkret qərar və düşüncəyə malik olmur. Seçki kampaniyası başlayana qədər seçkilərdə iştirak edib-etməyəcəyini müəyyənləşdirə bilməyən belə partiyalar sonradan cəfəng fikirlərlə çıxış edir, hətta guya qələbə qazandıqlarını, uğur əldə etdiklərini ifadə edirlər. Qərb ölkələrində fəaliyyət göstərən müəyyən təşkilatlar isə ikili standartlara əsaslanaraq absurd bəyanatlar səsləndirir, həmin siyasi partiyaların fikirlərini dəstəkləməyə çalışırlar. Bu isə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Əslində, bu cür partiyalar və təşkilatlar yaxşı başa düşürlər ki, seçkilərə ən azı 1 il öncə mütəşəkkil qaydada, ardıcıl və sistemli şəkildə hazırlaşmaq lazımdır. Əgər hər hansı bir siyasi partiya seçki kampaniyasına start verilənə qədər seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərara malik deyilsə, o, 2 ay müddətində istər təbliğat-təşviqat kampaniyasının aparılması, namizədin irəli sürülməsi, istərsə də imzaların toplanması və digər prosedurlarla bağlı işləri həyata keçirə bilməz.
Eləcə də, seçkidə iştirak etmək istəyən siyasi partiyalar seçki planını və mövcud resursları dəqiq müəyyən etməli və bilməlidir ki, ərazilərdə konkret vəziyyəti düzgün qiymətləndirmək üçün sistemli iş aparmalıdır. Kifayət qədər seçki təcrübəsinə malik olan ölkələrdə bu reallıq aydın şəkildə bilinir və dərk olunur. Bu baxımdan, YAP hər zamankı kimi öz fəaliyyətini məqsədyönlü və ardıcıl şəkildə davam etdirir və seçki prosesinə hazırlıq işlərinə start verib. Yaxın vaxtlarda partiyamızın İdarə Heyətinin və müvafiq strukturların bununla bağlı qərarları olacaq, o cümlədən seçki planı hazırlanaraq yerli təşkilatlara təqdim olunacaq”.