​Yanlış siyasətin fəsadları...

İlham Əliyevin Avropa Parlamentinin sədri ilə görüşdən imtina etməsi xalqın iradəsinə zidd addım idi
 
Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Avropanın paytaxtı Brüsselə səfər etdi. Qeyd edək ki, yanvarın 31-də Avropa Birliyinin nümayəndələri Kriatian Danielson və Tomas Mayrın Azərbaycana gəlişindən sonra bu səfər gözlənilən idi. Həm də ona görə ki, son vaxtlara qədər Qərbdən üz döndərən Azərbaycan hakimiyyəti artıq Şimal qonşumuza - Rusiyaya güvənməyin yanlış olduğunu dərk etdi. Bu səbəbdən də hakimiyyət son vaxtlar ölkəni uçuruma sürükləyən sosial-iqtisadi böhrandan çıxmaq üçün Qərbə üz tutmağa məcburdur. İlham Əliyevin  Brüsselə səfəri də məhz bu prizmadan dəyərləndirilməlidir.
Lakin bu görüş zamanı ölkə başçısının Avropa Parlamentinin sədri Antonio Tacani ilə əvvəlcədən planlaşdırılan görüşdən imtina etməsi heç də gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəblərinə gəlməzdən öncə qeyd edək ki, bütün hallarda prezidentin bu addımı yanlış və uğursuz bir siyasi gediş idi. Çünki Avropa Parlamenti kimi nüfuzlu bir qurumun sədri ilə görüşdən boyun qaçırmaq ilk növbədə Qərbə inteqrasiya tərəfdarı olan Azərbaycan xalqının qərarına hörmətsizlik idi. Doğrudur, xalqın iradəsi ilə seçilməyən bir dövlət başçısının bu addmını hardasa başa düşmək də olar. Amma bu qərarı verən zaman İ.Əliyev unutmamalıydı ki, ölkəni sosial-iqtisadi böhrandan xilas etmək üçün Avropa ilə səmimi əməkdaşlığa məhkumdur. Onun Antonio Tacani ilə görüşdən imtina etməsi isə heç də səmimiyyət nümayişi deyildi.
Əlbəttə, İlham Əliyevin bu görüşdən imtina etməsinin səbəbləri də bəllidir. Çünki ölkə başçısı Avropa Parlamentinin rəhbəri ilə görüşdə Azərbaycandakı mövcud durumla, ən əsası da insan hüquq və azadlıqlarının, demokratiyanın vəziyyəti ilə bağlı faktlarla üzləşməli olacaqdı. Xatırladaq ki, görüş ərəfəsi 76 insan haqları təşkilatları AB rəsmilərinə məktub göndərmişdi. Onlar qurumu bu görüşlərdən yararlanmağa, İlham Əliyevin qarşısına insan hüquq və azadlıqları, siyasi məhbuslar ilə bağlı öhdəliklər qoymağa çağırmışdılar. Görünür, Azərbaycan prezidenti daşıya bilməyəcəyi yükün altına girmək istəmədiyindən, AP sədri ilə görüşdən imtina edib. Halbuki, Avropa Birliyi və Avropa insitutları ilə Azərbaycanın dialoqu davamlı olmalıdır. Bu dialoqun mənfi yöndə getməsi həm Azərbaycanın gələcəyinə, həm də Azərbaycanda olan proseslərə mənfi təsir göstərir.
Əslində, Avropa Birliyi ölkələrinin insan hüquq və azadlıqları təşkilatlarının müraciəti olmadan, bütün öhdəlikləri yerinə yetirəmək Azərbaycanın özünə lazımdır. Hüquq-müdafiə təşkilatları müraciət etməsələr belə, Azərbaycanın daxilində olan problemlər, yəni siyasi məhbuslar, söz və mətbuat azadlığı, eləcə də digər sahələrlə bağlı neqativlər qaldıqca, ölkəmizin Qərbə inteqrasiyasından söhbət gedə bilməz.
Sivil bir dünyanın parçası olmaq, Avropa Birliyi ilə daha sıx əməkdaşlıq istəyiriksə, Azərbaycanda insan hüquqları, siyasi məhbuslarla bağlı problem birdəflik həll olunmalıdır. Bu problemlər həll olunacaqsa, Azərbaycanın imici yaxşılacaq və nəticədə müxtəlif Avropa Birliyi ölkələri ilə daha sıx əlaqələr yaratmaq imkanı əldə edəcəyik. Hansı ki, indiki böhran vəziyyətində həmin ölkələrdən Azərbaycana iqtisadi cəhətdən də sərfəli investisiya təklifləri gələ bilər.
Proseslərin gedişi onu göstərir ki, İ.Əliyev ölkədəki mövcud avtoritar idarəçilik sistemini qorumaqda israrlıdır. Görünür, ölkədə sosial vəziyyətin günbəgün ağırlaşması hakimiyyəti az narahat edir, həmişə olduğu kimi, bu və ya digər şəraitdə narazı kütləni yenə də polis zopası ilə susdura biləcəklərini düşünürlər. Məhz bu səbəbdən son vaxtlar insanların siyasi baxışlarına görə təqib olunması, ölkədə polis zorakılığının artması heç də təsadüf hesab edilməməlidir.
Zaur TOFİQOĞLU