"Yaltaqlıq edir, kiməsə yarınır, vəzifəli şəxslərin qarşısında əyilirlər..." - Elçin Şıxlıdan SƏRT AÇIQLAMALAR

Azərbaycanın istimai-siyasi sferasında hökm sürən mənfi tendensiyalardan biri də fərqli fikrə dözümsüzlükdür. Bu, iqtidar-müxalifət münasibətlərində özünü daha çox büruzə verir. Lakin son dövrlər müstəqil ictimai fəallar, ziyalılar da fərqli fikrə dözümsüzlüyün qurbanına çevriliblər.

Məsələn, bu günlərdə tanınmış hüquqşünas Aslan İsmayılov ölkədə baş verən siyasi proseslərlə, xüsusilə fevralın 9-da keçirilən parlament seçkilərilə bağlı fikirlərinə görə hədəfə gəlib. Bəs bu tendensiyanın səbəbi nədir, nədən hətta cəmiyyətdə kifayət qədər nüfuzu olan və müstəqil mövqeyilə tanınan ictimaiyyət adamlarının hansısa bir mövzu ilə bağlı fərqli fikirləri, yanaşmaları aqressiya ilə qarşılanır?

Tanınmış ictimai xadim, professor Qulu Məhərrəmli yenisabah.az-a açıqlmasında bildirib ki, fərqli fikrə etiraz edənlər mütləq mənada əndazəni gözləməlidir: "Hesab edirəm ki, etirazını bildirən şəxslərin fikirləri müəyyən çərçivə daxilində olmalı, qarşı tərəf öz fikrini əsaslandırmağı bacarmalıdır. Mən buna fikir müxtəlifliyinin bir qolu kimi baxıram. Amma etik qaydalar pozulursa, qarşı tərəf təhqirə və yaxud başqa üsullara keçirsə, artıq söhbət başqa məcrada getməyə başlayır. Mətbuat ona görədir ki, insanlar bu platformada bir-birinə hörmət göstərsin, həm də mövcud məsələ ilə bağlı öz fikirlərini bildirisinlər. Belə olan halda, fərqli fikirlər yaranır".

Tanınmış jurnalist Elçin Şıxlı isə saytımıza açıqlamasında deyib ki, fərqli fikrə dözümsüzlüyün müxtəlif səbəbləri var: "İnsanların həyatlarından razı qalmaması, qəlblərində olan xəbislik, qabağa gedənlərə paxıllıq hissi bu cür halların baş verməsinə səbəb olur. Burada əsas məqam ondan ibarətdir ki, insanlar ziyalı məhfumunu səhv salırlar. Onlar elə düşünür ki, hər oxuyan, təhsilli, universitet bitirmiş adam ziyalıdır. Ziyalı hesab etdikləri adamlardan ziyalı mövqeyi gözləyirlər. Amma yalançı ziyalıların bir çoxu yaltaqlıq edir, kiməsə yarınır, vəzifəli şəxslərin qarşısında əyilir, işlərinin yaxşı getməsi üçün kiməsə xoş gələn sözlər söyləyirlər. Bu da insanların gözləntilərinə uyğun gəlmir. Fəqət gözləntiyə nə qədər uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, insan müəyyən olunmuş etik çərçivə daxilində özünü aparmalıdır. Əgər, kiminsə fikrini bəyənmirsənsə, o zaman o adama daha qulaq asmırsan, yaxud öz fikrini mədəni şəkildə bildirirsən. O ki qaldı söyüşə, bu, insanın zəifliyindən xəbər verir. İnsan öz fikrini sanballı şəkildə ifadə edə, mövqeyini qoruya bilmirsə, digərindən üstün olduğunu anlayırsa, başlayır söyüş söyməyə. Hərənin öz fikri ola bilər, mən o fikirlə razılaşmaya bilərəm, fikir mənə yad gələ bilər. İstənilən halda tərbiyə olmalıdır. Görün, evdə tərbiyə nə qədər zəif olur ki, insanlar həmin dəqiqə təhqirə keçirlər. Tərbiyəsi olmayan adam 5 min kitab oxusa da, yenə onun məğzini anlaya bilməyəcək".