YALANIN VƏ PEŞƏKARSIZLIĞIN ÖMRÜ NEÇƏ GÜNDÜR?

Elman Rüstəmov ən səriştəsiz mərkəzi bank rəhbərləri sırasına aid edilib. Rusiya Mərkəzi Bankının rəhbəri isə yüksəq reytinqə layiq görülüb. Halbuki, Rusiyanın maliyyə problemləri Azərbaycandan daha çoxdur (yalnız neftin qiyməti deyil, həmçinin sanksiyalar və s.). Deməli, maliyyə sistemimizin bərbad olması yalnız obyektiv səbəblərdən deyil, həmçinin Mərkəzi Bank sədrinin bacarıqsızlığından irəli gəlir. Mən bu fikri dəfələrlə demişəm. Amma bəziləri hələ də o mifə inanır ki, guya Elman Rüstəmov savadlı və peşəkar bankirdir (daha bilən yoxdur ki, hətta bir neçə cümləni belə yazılı şəkildə normal ifadə edə bilmir). Bu mifin kökündə nə durur?
Əhalinin çoxu, hətta onun savadlı təbəqəsinin böyük hissəsi bank işi ilə yaxından tanış deyil. Mərkəzi banklar əhalidən hətta gizli vergi də tutur. Onun adı inflyasiydadır. Amma əhali bunu başa düşmür. Deyə bilərsiz ki, hər kəs yalnız öz işini yaxşı bilir, başqa sahələrdən başı çıxmır. Elədir! Amma bank sisteminin bir üstünlüyü var. Burada pul çoxdur, bankların sayı isə az. Buna görə də kənardan hər şey gözəl görünür (necə ki, Mərkəzi Bankın binası qızıl kimi parıldayır, amma hər parıldayan qızıl deyil axı). Ən azı yaxşı gündə. Necə deyərlər, pul elə şeydir ki, qocanı cavan edər! 
Müqayisə üçün təhsil sistemini götürək. Sabiq nazir Misir Mərdanov müəllimlikdən nazir postuna yüksələn şəxsdir, o sistemi aşağıdan yuxarıyadək gözəl bilir. Rüstəmov isə bank sisteminə 40 yaşında gəlib, özü də dərhal Mərkəzi Bankın sədrinin 1-ci müavini vəzifəsinə. Kommersiya bankında 1 gün belə işləməyən, bank işini aşağıdan yuxarı bilməyən adam necə peşəkar bankir ola bilər?! Buna baxmayaraq, Mərdanovu peşəkar sayan az, Rüstəmovu isə çoxdur. Əslində, peşəkarlıq səviyyəsindən asılı olmayaraq maliyyəsi az olan minlərlə təhsil müəssisəsindən ibarət olan təhsil sisteminin başında kim dursa, peşəkarlığı daim sual doğuracaq (belə ki, əvvəlkinə qarşı olduğu kimi mövcud təhsil nazirinə qarşı da haqlı iradlarla yanaşı haqsız iradlar da çoxdur). 
Neft gəlirləri hesabına manatı və bank sistemini sabit göstərməyə nə var ki?! Bunu hamı edə bilər! Peşəkar bankir ağır vəziyyətdə bəlli olur. Rusiyadakı kimi. Tariximizdə yalançı kimi qalacaq Elman Rüstəmovun da peşəkarsızlığı qısa müddətdə bəlli oldu. Özü də yalnız Azərbaycanda yox...

Əkrəm HƏSƏNOV