Yağış yağdı, maşınlar yenə Bakıdakı o tuneldə qaldı - ViDEO

Baxış sayı:
6916

Sentyabrın əvvəlində yağışdan sonra dolan tunel yenidən gündəmə gəlib. Belə ki, Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə keçid yenə də çətinləşib.
Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin zaman güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə sular altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər. 
Lakin bu gün jurnalist İlkin Muradovun hadisə yerindən paylaşdığı videoda görünür ki, gecə yağan yağışlar nəticəsində yenə tuneldə təxminən 1 metr dərinliyində gölməçə yaranıb. Nisbətən hündür maşınlar sudan keçə bilsə də, digər avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb. Ərazidə isə rəsmi şəxslər və ya suyun çəkilməsi üçün tədbir görən işçilər yoxdur.
Qeyd edək ki, bu yol paytaxt mərkəzi ilə Sabunçu qəsəbəsini birləşdirir. //“Qafqazinfo”