“YA MƏNƏ DƏYƏN ZİYAN ÖDƏNİLMƏLİ, YA DA MƏNİ ARADAN GÖTÜRMƏLİDİRLƏR" - İcra başçısının göstərişi ilə evi dağıdılan cərrahdan prezidentə növbəti müraciət

Baxış sayı:
3358

Qafar İskəndərov: "Məni susmağa məcbur edə bilməyəcəklər"
 
Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Muxalifet.az-a növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə 100-cü müraciətini ünvanladığıni bildirən tanınmış cərrahın məktubunu olduğu kimi dərc edirik:
Möhtərəm Prezident!
Yeni təyin olunmuş baş prokuror Kamran Əliyevi qəbul edərkən Siz korrupsiya və rüşvətxorluq kimi ağır cinayətlərə qarşı mübarizənin əsas  məsələlərdən biri olduğunu qeyd edərək, prokurorluq orqanlarının daha fəal iş aparmasının vacibliyini  vurğuladınız.
Möhtərəm Prezident!
Mən dəfələrlə internet və media vasıtəsi ilə polis, prokurorluq və məhkəmə  orqanlarının Sizə və dövlətimizə qarşı təxribatlar aparması və Azərbaycanın sərvətlərini xarici ölkələrə daşımaları barədə yazmışam. Çox təəssüflər olsun ki, heç bir dövlət orqanı və Prezident Administrasiyası bu çıxışlarıma məhəl qoymayıb. Çünki onların başı rüşvətə qarışıb. Prokurorluq orqanları rüşvətxorluğun əsas yuvalarından biridir. Rüşvətxorluğun yuvası olan orqan rüşvərxorluqla necə mübarizə apara bilər?
Möhtərəm Prezident!
Dövlət məmurlarına xəbərdarlıq edərək bildirmisiniz ki, əgər dövlət məmuru öz işlərində düzəlişlər edə bilmirsə, özləri könüllü şəkildə istefa versinlər. Dəfələrlə məmurların və tikinti şirkətlərinin (“Regal” MTK) təsisçilərinin Sizin çıxardığınız qərar və fərmanlara, Azərbaycan Respublikasının Qanunları və Konstitusiyasına etinasız yanaşması haqqında internetdə məlumat vermişəm, lakin bu məlumatlar Prezident Administrasiyasının səyi ilə Sizdən gizli saxlanılıb.
Siz Prezident kimi bir neçə mənbədən məlumat alırsınız. Bəs internetdə yayınlanan şikayətləri DİN, Prokurorluq, Ədliyyə Nazirliyi, məhkəmələr və Prezident Administrasiyasının məsul şəxsləri niyə görməzdən gəlirlər(halbuki  adlarını çəkdiyim bu orqanların bilavasitə özlərinə dəfələrlə yazılı şəkildə sikayətlər ünvanlamışam). Hüquq-mühafizə organlarının rəhbərlərinin məlum şikayətlər haqqında çox dəqiq məlumatları var və hər bir orqanda həmin “Regal” MTK-nı dəstəkləyən məmurlar vardır. Yuxarıda adları çəkilən orqanlar Sizə düzgün məlumat vermir və vətəndaşları Sizə qarşı qaldırırlar. Sizin isə internetdə vətəndaşların şikayətləri ilə taniş olmağa vaxtınız yoxdur. Mənim evimi qanunsuz söküb, talan edən “Regal” MTK sirkəti ilə 3 ildən artıqdır ki, mübarizəm davam edir. Bunun isə belə uzanmasına səbəb polis və prokurorluq orqanlarında vicdansız məmurların, məhkəmələrdə vicdansiz, ləyaqətini rüşvətə satan hakimlərin olmasıdır.
Möhtərəm Prezident!
Yuxarıda adı çəkilən (DİN, Prokurorluq, Ədliyyə Nazirliyi, Məhkəmələr, İcra hakimiyyəti, Prezident Administrasiyası, eləcə də “Regal” MTK şirkətində) orqanlardan birində  belə vicdanlı məmur  tapılmadı ki, 3 il ərzində məsələyə müdaxlə edib, işin həllinə nail olsun. Bu 3 il ərzində bu organların rəhbərləri məni qəbul etməkdən belə imtina etdilər. Yalnız Bakı şəhər prokurorluğu şirkətin təsisçilərinə qarşı sui-qəsd törətməyi, icra başçısı isə Avropa Məhkəməsinə getməyi tövsiyə etdilər, digərləri isə ağızlarına su alıb susmağa ustünlük verdilər.
Möhtərəm Prezident!
Yeni baş prokuror təyin etməklə rüşvətxorluq yuvası olan prokurorluq orqanlarında düzəliş olmayacaq. Bunun yeganə yolu prokurorluq orqanlarında köklü islahatların aparılması və rüşvətə qurşanaraq özlərini ləkələmiş işçilərin oradan uzaqlaşdırılmasıdır. DTX paytaxtdan uzaqda olan qanunsuzluqları görür, lakin Bakı şəhəri Nəsimi rayon icra başçısının, “Regal” MTK şirkətinin qanunsuz hərəkətlərini, Konstitusiyanı saymadıqlarını görmür, baxmayaraq ki, mən bu barədə dəfələrlə onlara məlumat vermışəm. Məgər Asif Əsgərovun rüşvətlə əldə etdiyi sərvəti, var-dövləti DTX-ya məlum deyil? Rüşvətxor polis rəislərini, prokurorları, hakimləri kim ifşa etməli və hansı orqan cəzalandırmalıdır? DİN, Prokurorluq və “Regal” MTK şirkəti bu qanuni işimdə məni susmağa məcbur edə bilməyəcəkdir. Sadəcə  2 yolu qalır: ya mənə dəyən ziyan bütövlukdə ödənilməli, ya da məni ardan götürməlidirlər.
“Regal” MTK sirkətinin təsisçiləri bir daha mənim evimin sökülməsi və talan edilməsi göstərişini birbaşa Siz Prezident tərəfindən verildiyini vətəndaşlar arasında utanmadan söyləmişlər. Azərbaycanın yuxarıda adları çəkilən orqanları nə üçün bu şikayətlərə baxmırlar? Güman edirəm ki, bu müraciətimlə əlaqədar dövlət orqanları və “Regal” MTK nın təsisçilərə müqəddəs Ramazan ayında vicdanlarının səsini duyaraq,  yuxarıda qeyd etdiyim iki üsüldan biri haqqında qərar qəbul etmiş olacaqlar.
Möhtərəm Prezident!
Mən həmişə dövlətimin yanındayam və ona sədaqətlə xidmət etmişəm. İnanmaqda davam edirəm ki, Siz bu müraciətimin düzgün araşdırılması üçün müvafiq göstəriş verəcəksiniz. Hüquqlarımın bərpa olunması və mənə dəyən ziyanın ödənilməsi üçün Sizin ədalətinizə güvənirəm.
Hörmət və sayğılarla,
Tibb elmləri üzrə fəlsəfə doktoru
Rusiya proktoloqlar cəmiyyətinin üzvü
Çexiya həkimlər birliyinin üzvü
Avropa endoskopik cərrahlar birliyinin üzvi
Ali dərəcəli cərrah Qafar   İskəndərov”.

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.