Xəzəryanı ölkələrin Xarici İşlər nazirləri Azərbaycanda toplaşacaq

Baxış sayı:
9193

Bazar günü beş Xəzəryanı ölkənin prezidentlərinin imzaladığı razılaşmadan sonra növbəti görüş Bakıda keçiriləcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, "Aktauda keçirilmiş V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcəkdir".

BMT Baş katibi Antonio Guterres Beş ölkənin iyirmi ildən çox müzakirəsindən sonra Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiyanın imzalanmasını alqışlayır.

Birləşmiş Millətlər Təşkilatının Katibliyi bu barədə bəyanat yayıb.

"Bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan regional əməkdaşlığın vacibliyini göstərir", - BMT-nin məlumatında deyilir.

BMT-nin baş katibi hesab edir ki, Konvensiya Xəzər dənizinin sahilyanı dövlətləri arasında bir çox uzunmüddətli problemlərin tənzimlənməsində əvəzsiz rol oynayır və regional gərginliyin azaldılmasında əhəmiyyətli bir addımdır.

Antonio Guterres Konvensiyanın imzalanması münasibətiylə Xəzəryanı ölkələri təbrik edib.