​Xəzərdə 2,7 gücündə zəlzələ olsa, Badamdar sürüşə bilərmi?

Baxış sayı:
187

Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb. Baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə belə deyib.
Abutalıbov əlavə edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiniz ki, həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.
Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”.
Baş nazirin müavini onu da bildirib ki, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasının yaxınlığında yaşayış binası var. "Həmin binaya təhlükə yoxdur, amma sakinlərinə xəbərdarlıq edilib”.
O bildirib ki, yaşayış binası sürüşmə zonasından kənardadır, ona görə də, bu saat orada təhlükə yoxdur, amma gələcəkdə hansısa hadisənin baş verib-verməyəcəyini mütəxəssislər deyə bilər.
H.Abutalıbov bildirib ki, oktyabrın 14-də Xəzər dənizində 2,7 bal gücündə zəlzələ olub, bu zəlzələnin də sürüşməyə təsiri olub: “Ona görə də, biz hərtərəfli işləyirik. Əlimizdən gələni edirik. Yaponiyalı mütəxəssislərin verdiyi məlumat əsasında addımlar atacağıq”.