Xəzər sahilində parlayan mirvari... - İraq mediası

Baxış sayı:
3037

İraq mətbuatında dərc olunan “Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi” sərlövhəli məqalədə Azərbaycan paytaxtının turizm imkanlarından bəhs edilib.
Muxalifet.az xəbər verir ki, müəllifi Camal əl-Xərsan olan məqalədə Bakıda turistlərin böyük maraq göstərdikləri məkanlardan söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin sahilində yerləşən Bakı əsrarəngiz şəhərdir. Xüsusi gözəlliyə malik bulvar boyu saysız-hesabsız piyadanın sərbəst hərəkət edə bildiyi geniş küçə uzanır. Müxtəlif binalar və rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir.
Məqalədə İçərişəhər, Qız qalası haqqında məlumat verilərək qədim şəhərin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilib.
Müasir tikililərdən yazan müəllif “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi barədə dolğun məlumat verib. Bildirib ki, Bakı və ümumiyyətlə ölkə turizm məkanına çevrilib. Azərbaycan paytaxtı çoxsaylı mədəniyyət, idman tədbirlərinə də uğurla ev sahibliyi edir. Ölkəmizin digər dövlətlərlə əlaqələrinə toxunan iraqlı jurnalist Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətinə də toxunub.
Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və əldə etdiyi nailiyyətlərdən də geniş bəhs olunub. Cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.