Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR – 50 nəfər rus axtarışa başladı

Baxış sayı:
14590

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

BAKU.WS Rusiya mətbuatlarına istinadən xəbər verir ki, bu barədə ölkənin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

“50 nəfərlik axtarış dəstəsinin tərkibində “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi yer alır”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır.

Qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub.