​Xəzinədar pulu verdiyini, kredit alan isə pulu görmədiyini deyir - CAHANGİR HACIYEVİN MƏHKƏMƏSİNDƏN REPORTAJ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmamasına etirazını bildirib: “Nəinki təmin olunmur, heç müzakirəyə də çıxarılmır. Bu gedişlə məhkəmədən obyektiv qərar da gözləmirik”.
Vəkil bir neçə gün əvvəl Maliyyə Nazirliyinin mətbuata açıqlamasına toxunub. O, Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, ofşora ötürməsi ilə bağlı deyilənlərin ictimaiyyətdə ona qarşı mənfi rəy formalaşdırdığını bildirib.
Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Quliyevin məhkəməyə əlavə şahid qismində dəvət olunmasını istəyib, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyard mənimsəmə açıqlamasına aydınlıq gətirməsini tələb edib.
Vəkilin digər vəsatəti Beynəlxalq Bankda Maliyyə Nazilriyi və Vergilər Naziriliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Hakim Əfqan Hacıyev qeyd edib ki, əvvəl qaldırılan vəsatətlərlə bağlı məhkəmə artıq qərar qəbul edib, həmin vəsatətlərə şahidlərin ifadəsindən sonra baxılacaq. Hakim yeni vəsatətlərlə bağlı qeyd edib ki, bunlara məhkəmədə sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin sözügedən cinayət işi ilə heç bir əlaqəsi yoxdur. O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.
Sabiq bankir isə ona qarşı irəli sürülən ittihamda yer alan 211 milyon məbləğin iddia edilən 5 milyardla bağlı olduğunu bildirib.
Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar.
Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, “İnter tekstil” şirkətində çalışıb. O deyib ki, müdiri Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır. Şahidin sözlərinə görə, səbəb kimi şirkətə dəzgah alınması göstərilib.
Dövlət ittihamçısı bildirib ki, onun adına 15 milyon 776 minlik kart açılıb. Şahid cavabında deyib ki, məbləğ barədə bu yaxınlarda xəbər tutub.
Şahid Ramil Məhərrəmov ifadəsində bildirib ki, təqsirləndirilən İbrahim Hüseynovu tanıyır və 2009-2010-cu ildə onun göstərişi ilə idarəyə çağırılıb, oradan da banka gedərək sənədlərə qol çəkib. Məlum olub ki, onun adına 815 və 480 min manat olmaqla iki kredit ayrılıb.
Şahid qismində dindirilən Zəfər Sadıqov ifadəsində qeyd edib ki, bankın “Nərimanov” filialında xəzinədar işləyib, adlarına kredit ayrılmış şəxslər bankda sənədlərlə yaxınlaışıblar və pul alıblar. O, sənədlərə qol çəkən hər kəsin pulu özünün aldığını deyib.
Məhkəmədə fasilə elan edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.