"Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

Baxış sayı:
12523

"Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq".
Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
H.Məmmədovun sözlərinə görə, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
Qeyd edək ki, "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalator quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək.
Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.
"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni”nin “Xətai” stansiyası keçən ilin sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanıb. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin bu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub./report