Xruşov istedadlı rəssamları niyə “gey” adlandırıb, ana söyüşü söydü? – Abstrakt əsərlərə absurd yanaşma

Baxış sayı:
5155

SSRİ-yə rəhbərlik etdiyi dövrdə bir çox qalmaqallı hadisələrlə yadda qalan Nikita Xruşovun istənilən bir məsələ, hadisə ilə bağlı öz şəxsi mülahizələri olub. Təbii ki, dövlət başçısı üçün bu normal haldır. Ancaq elə məsələlər var ki, onlar haqqında fikir irəli sürəndə əvvəcədən müəyyən bir təhlil aparmaq, məsələnin mahiyyətini bir az dərindən öyrənmək və bilmək lazım gəlir. Elə Nikita Sergeyeviçlə bağlı qalmaqallı hadisələr də məhz onun məsələnin mahiyyətinin fərqinə varmadan, qarşı tərəfin fikirlərini nəzərə almadan öz dediyini yeritməsi olub.

Belə hadisələrdən biri də 1962-ci ilin dekabr ayında baş verib. Xruşov professor Eliy Belyutinin studiyasında SSRİ Rəssamlar İttifaqının Moskva şöbəsinin rəssamlarının “Yeni reallıq” adlı sərgisinə dəvət alıb. Sərgidə abstrakt rəsm əsərləri yer alıb. Ölkə başçısını böyük ehtiramla qarşılayıblar. Xruşov birinci zalda nümayiş olunan əsərlərə baxıb. Bir neçə dəqiqədən sonra o iti addımlarla bir əsərin qarşısından o birisinin önünə keçib. Bu yerdəyişmələr zamanı Nikita Sergeyeviçin üz cizgilərində qəzəb görünüb.

İştirakçılar hiss edib ki, nəsə xoşagəlməz hadisə baş verəcək. Ancaq onlar öz fikirlərində yanılıblar. Xoşagəlməz hadisə yox, sərgidə sanki bomba partlayıb. Bu partlayış ana söyüşləri ilə başlayıb və insan şəxsiyyətini təhqir edən ən kəskin ifadələrlə bitib. Bununla Xruşov həm də öz mədəniyyətsizliyini və incəsənət sahəsindəki sözün əsl mənasında kütlüyünü nümayiş etdirib.

Onun sərgi salonundakı hərəkətləri Çarli Çaplinin personajlarının hərəkətini xatırladıb. Gözlərini qız şəkili çəkilmiş portretə zilləyən Xruşov qışqırmağa başlayıb:

- Bu nədir? Bu qızın bir gözü yoxdur? Bu lap narkomana bənzəyir. Kim çəkib bu şəkili?

Gənc rəssam Xruşova yaxınlaşıb izah vermək istəyəndə Nikita Sergeyeviç səsini bir az da qaldırıb:

- Sən geysən, sən homoseksualsan, sənin ananı... bu nədir çəkmisən? Sənin vicdanın var? Sən şəkil çəkməyi bacarırsan, yoxsa yox? Mənim nəvəm səndən yaxşı şəkil çəkir.

Heç kimə danışmağa imkan verməyən Xruşov üzünü Eliy Belyutinə tutub:

- Belyutin, mən sənə xəbərdarlıq edirəm. Bu cızma-qaraları rədd edin. Belə yararsız və axmaq işlər sovet xalqına gərək deyil. Mən bunu sənə dövlət başçısı kimi deyirəm. Dövlətin pulunu bu yaramazlara xərcləmək cinayətdir. Bu özbaşınalığa son qoymaq lazımdır. Mən əmr edirəm. Mən belə cındır əsərlərin ortaya çıxmasını qadağan edirəm.

Xruşov növbəti rəsm əsrinin qarşısına keçib. Bu dəfə onun gözləri az qala hədəqəsindən çıxıb:

- İndi deyəcəksiniz ki, bu şəkildə siz Kremli çəkmisiniz. Bəli, mən inanıram ki, belə deyəcəksiniz. Çünki siz alçaqsınız, yaramazsınız. İndi sizə sual verirəm, siz Kremlin divarlarını yaxından görmüsünüz? Əlbəttə ki, hə. Bəs onda bu çəkdiyiniz nədir? Mən səbəbini bilirəm. Siz partiyamıza qarşı düşmənçilik mövqeyindəsiniz. Mənim bu haqda məlumatım var. Mənə deyiblər ki, Rəssamlar İttifaqının Moskva şöbəsində bir qrup homoseksual hoqqabazlıqla məşğuldurlar.

Sakitləşə bilməyən Xruşov ikinci mərtəbədə daha da əsəbiləşib:

- Təcili tədbir görmək lazımdır. Bu anlaşılmaz cızma-qaralarla kommunizmə getmək olmaz. Siz bu şəkillərinizlə sovet xalqının zövqünü zorlayırsınız. Partiyamız buna imkan verməyəcək. Belə şəkilləri gedin kapitalist ölkələrində nümayiş etdirin. Sizin ölkədən getməyinizə mən bir günün içərisində şərait yaradacağam. Orda kapitalistlər sizi başa düşərlər. Sovet xalqı sizi qəbul etməyəcək. Bizim siyasətimiz isə xalqın siyasətidir.

Xruşov daha bir əsərin qarşısında dayanaraq soruşub:

- Bu şəkili kim çəkib?

Gənc rəssam ona yaxınlaşıb sakit tərzdə cavab verib:

- Mən çəkmişəm, qardaşımın portretidir.

- Bu heç adama oxşamır.

- Belə əsərlərə biz başqa gözlə baxırıq, abstrakt əsərlərə yanaşma tərzi fərqlidir.

- Eyib olsun sənə. Sənin atan-anan kimdir?

- Anam vəfat edib, atam təqaüdçüdür.

- Sənin ananın ölümü onun xöşbəxtliyidir. Belə şəkillərə baxmaqdansa gözləri əbədi yummaq yaxşıdır. Sənin övladların var?

- Xeyr.

- Nə vaxt kişi olsan, uşaqların da olacaq. Uşaqların böyüyüb atalarının çəkdiyi şəkillərə baxanda nə düşünəcək? Düşünəcək ki, kommunizm quruculuğuna atalarının töhfəsi budur?

Xruşov daha bir rəsm əsərinin qarşısında dayanıb:

- “Gecə...” Əhsən, heç söz tapa bilmirəm. Hansı gecədən söhbət gedir. Bu gecə deyil, sadəcə bir qutu qara boya yaxmasıdır. Kimdir bunun müəllifi?

Rəssam ona yaxınlaşıb. Xruşov istehza ilə ondan soruşub:

- Bilirsən sənin çəkdiyin şəkil nəyə yarayır?

Gənc rəssam susmağa üstünlük verib. Nikita Sergeyeviç suala özü cavab verib:

- Qəbizliyi olan adama dərman lazım deyil. Bu şəkilə baxsa tualetə rahat gedə bilər. Bəli, çox sadə, şəkilə bax, tualetə get.

Xruşov sərgi salonunu tərk etməzdən əvvəl son sözünü deyib:

- Nə çəkirsinizsə özünüz bilərsiniz. Ancaq hökumətdən bir qəpik də olsa pul görməyəcəksiniz. Ən yaxşısı isə zir-zibilinizi götürüb xaricə getməyinizdir. Gedin oradakı korlanmış insanları bir as da siz korlayın. Və əmr edəcəm ki, bu gündən sizi ittifaqın üzvlüyündən xaric etsinlər.

Səhərisi gün ölkənin aparıcı mətbu orqanı olan “Pravda” qəzetində abstrakt təfəkkürürün əleyhinə başlanan kampaniyanın ilk böyük həcmli yazısı oxuculara təqdim olunub.

Xruşovun qəzəbinə tuş gələn, ölkə başçısından yağlı söyüşlər eşidən gənc istedadlı rəssamlar Eliy Belyutin, Boris Jutovski, Leonid Rabiçev, Vladimir Yankilevski isə gələcəkdə böyük yaradıcılıq uğurları qazanıblar.