Xruşov dövrünün amansız qırğını - Novoçerkassk fəhlələrinin qətliamı və edamı

Baxış sayı:
5332

1 iyun 1962-ci il, Rostov vilayətinin Novoçerkassk şəhəri... Elektrovoz zavodunun fəhlələri işi dayandıraraq tətil edirlər. Digər zavodların işçiləri və şəhər sakinləri də etirazçılara dəstək olaraq nümayişlərə, mitinqlərə qatılırlar. Şəhər dövlət orqanlarının və milisin nəzarətindən çıxır.

Gecədən xeyli keçmiş Nikita Xruşovu yuxudan oyadaraq hadisə ilə bağlı məruzə edirlər. Xruşov gecə ikən Kremlə yollanır, ölkənin hüquq-mühafizə orqanlarının birincilərini kabinetinə dəvət edir. Gecə müşavirəsi başlanana qədər Xruşov müdafiə naziri, marşal Malinovski ilə telefon əlaqəsi yaradır, Şimali Qafqaz hərbi dairəsinin 18-ci diviziyasını “həyəcan” vəziyyətinə gətirilməsini əmr edir. Müşavirədən sonra başda SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Anastas Mikoyan olmaqla Kremlin bir qrup yüksəkçinli məmuru Novoçerkasska yollanırlar. Mikoyan şəhərdəki yaranmış gərgin vəziyyətdən qorxaraq etirazçıların qarşısına çıxa bilmir, müraciətini yerli radio vasitəsi ilə etmək qərarına gəlir. Etirazçılar elə həmin andaca radio verlişləri şöbəsinin binasını mühasirəyə alırlar...

Novoçerksskda nə baş verirdi?

1962-ci illərin əvvəllərində elektrovoz zavodunda əməyin qiymətləndirilməsi dəyişdiriləndə, yəni eyni maaş almaqla daha çox plan yerinə yetirmək tələbi qoyulanda, bu dəyişiklik işçilərin etirazına səbəb olub. Həmin ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin artırılması isə fəhlələrin sosial həyatına kifayət qədər mənfi təsir göstərib. Qeyd edək ki, təkcə ət və ət məhsullarının qiyməti 30 faiz, süd məhsullarının qiyməti isə 25 faiz artıb. Bir neçə dəfə yazılı şəkildə zavod rəhbərliyinə problemlərlə bağlı müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Digər tərəfdən, həmin ərəfədə şəhərdə ərzaq qıtlığı da yaşanıb.

Başqa çıxış yolu tapmayan fəhlələr 1962-ci il iyunun 1-də işi dayandıraraq zavodun inzibati binasının qarşısına toplaşıblar, tələblərini zavod rəhbərliyinə çatdırmağa qərar veriblər. Zavodun direktoru Kuroçkin etirazçıları “yumor”la qarşılayıb:
- Niyə belə narahatsınız? Ət yeməyin, içalat yeyin. Ən əsası isə odur ki, bir-birinizin ətini yeməyin...

Fəhlələr zavod direktorunun gülə-gülə dediyi bu sözlərdən daha da hiddətləniblər və onlar şəhər partiya komitəsinin binasına doğru üz tutublar. Yolboyu onlara şəhər sakinləri də qoşulub. Artıq günorta saatlarında etirazçıların sayı 5 min nəfəri keçib. Məsələdən Kremlin də agah olması üçün nümayişçilər Rostov-Saratov dəmiryolunu canlı sədlə bağlayıblar. Əvvəlcə yerli milis hərəkətə keçib. Onlar aksiyanı dağıtmaq üçün dəyənəklərdən istifadə ediblər, təşkilatçılar fiziki təzyiqlərə məruz qalıblar, nümayişçilərə qoşulan zavodun baş mühəndisi Yelkin də döyülüb.

Artıq axşam saatlarında şəhərin küçələri etirazçılarla dolu olub. Rostov vilayət Partiya Komitəsinin 1-ci katibi Basov və vilayətin digər rəhbərləri Novoçerkssk şəhərinə gəliblər. Onların boş vədlərlə dolu müraciətləri mənasız olub. Nümayiş iştirakçıları şəhərin mərkəzi meydanında dinc mitinq keçirməkləri haqqında şəhər rəhbərliyini məlumatlandırıblar. Amma bu dinc mitinq Kremli narahat edib. Məhz elə həmin gecə müşavirəsindən sonra nümayiş və mitinqlərin istənilən vasitə, hətta silahlı qüvvələrin gücü ilə dağıdılmasına qərar verilib. Bu qərarın müəllifi şəxsən Nikita Xruşov olub. Həmin Xruşov ki, bir neçə il öncə İosif Stalini repressiyalarda, günahsız qan tökməkdə ittiham etmişdi.

Beləliklə, iyunun 2-də səhər saatlarında tanklar, digər zirehli texnikalar, DTK əməkdaşları, milislər, mülki və xüsusi geyimdə olan hərbçilər şəhərə daxil olublar. Onlar heç bir xəbərdarlıq etmədən fiziki təzyiq və silahlardan istifadə edərək mitinqi dağıdıblar. Silahların tətbiqi nəticəsində 26 nəfər həlak olub, 87 nəfər odlu silahdan açılan atəşdən yaralanıb.

Hadisə ilə bağlı maraqlı məqamlardan biri yeganə olaraq bir hərbçnin, Şimali Qafqaz hərbi dairəsi komandanının müavini general-leytenant Şapoşnikovun öz komandirinin əmrinə tabe olmaması olub. Ona komandanlıq tərəfindən etirazçıları körpüdən keçməmək üçün üzərlərinə tank sürdürməyi əmr edəndə Şapoşnikov bir cümlə etirazını bildirib:
“Mən qarşımda elə düşmən görmürəm ki, tankları onlara tərəf yönəldim...”

Bu ifadəsinə görə general-leytenant Şapoşnikov vəzifəsindən uzaqlaşdırılıb.

Novoçerkassk hadisələri Mərkəzi Komitənin Rəyasət Heyətinin qərarı ilə “məxfi” statusunu alıb. Hələ bu günə kimi də hadisə ilə bağlı yığılmış qovluqların bəziləri “tam məxfi” qrifindən çıxarılmayıb. Əməliyyatda iştirak edən hərbçi, DTK və milis əməkdaşlarına aşağıdakı məzmunda xüsusi blanka imza atdırıblar:
“Mən bu sənədə imza atmaqla öz üzərimə öhdəlik götürürəm ki, dövlət tapşırığını yerinə yetirərkən əldə etdiyim məlumatları tam məxfi saxlayacağam. Bu məlumatlar dövlət sirridir, onlar mənim tərəfimdən yayılarsa, mən ən ağır cəzaya, güllələnmə hökmünə məhkum olunacağam...”

Hadisələrdən çox keçməmiş Novoçerkassk hadisələri ilə bağlı məhkəmə başlayıb. İstintaq 112 nəfər haqqında cinayət işi açaraq məhkəməyə yollayıb. Onlardan 7 nəfəri ölüm hökmünə məhkum olunaraq güllələnib, digər 105 nəfər isə 10-15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xruşovun devrilməsindən sonra məhkum olunanların bir qismi azadlığa buraxılıb, 1980-ci illərin sonlarında isə onların hamısı bəraət alıb.

Onu da qeyd edək ki, mətbuatda Novoçerkassk hadisələri ilə bağlı əsl həqiqətlər yalnız 1980-ci illərin sonlarında işıqlandırılıb./musavat.com/