XOCALI SOYQIRIMINDA ƏLİ OLAN ERMƏNİ ŞUŞADA YAXALANDI - “O, yaşlı olsa belə, layiq olduğu cəzasını almalıdır...”

Baxış sayı:
3434

Tevosyan üzərində açıq məhkəmə prosesinin keçirəcəyi gözlənilir

İşğaldan azad olunan Şuşa şəhərində Xocalı soyqırımında iştirakı fotolarla sübuta yetirilən Conik Tevosyan saxlanılıb. Bu haqda “Yeni Müsavat”a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.

Hüquqşünas deyib: “Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. 

Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”.

Cavad Cavadov deyib ki, Conik Tevosyanla bağlı sosial şəbəkələrdə kifayət qədər məlumat yayılıb: “Ermənistan tərəfi onun barəsində Avropa Məhkəməsinə müraciət etməklə tez bir zamanda azad edilməsi üçün hərəkətə keçib. Sosial şəbəkələrin erməni seqmentndə bu haqda məlumatlar var. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri də Conik Tevosyanla bağlı maraqlı məlumatlar, fotolar paylaşırlar. Bilinən odur ki, Conik Tevosyan sovet dövründə Sumqayıtda yaşayıb, sonradan Qarabağa yollanaraq oradakı separatçılara qoşulub. Xocalıdakı dəhşətli soyqırımda iştirak edib, Şuşanın işğalından sonra orada qalaraq yaşayıb”.

Vəkilin sözlərinə görə, Tevosyanın yaşı ilə bağlı erməni tərəfinin qaldırdığı hay-küy əsassızdır: “Sülh və insanlıq əleyhinə cinayət törətmiş hər bir şəxs yaşından asılı olmayaraq dünyanın hər bir nöqtəsində təsbit olunarsa, cəzaya çatdırılır. Bilməyənlər üçün xatırladıram ki, Xocalı sakinləri misli görünməmiş qəddarlıqla öldürülüb, diri-diri yandırılıblar. Başlarının dərisini soyub, gözlərini çıxarıblar. Conik Tevosyanın da Xocalıdakı dəhşətli işgəncələrdən qaçan ailənin qarşısını kəsən fotosu var. O, əlində silah ayaq üstündə dayanıb, qarın üstündə gecənin qaranlığında azərbaycanlı qadın uşaq qucağında yerdə, qarın içində oturub. Conik Tevosyanın yanında olan özü kimi əlisilahlılar isə qadının həyat yoldaşının yaxasından tutublar. Bütövlükdə isə erməni təcavüzkarlarının Xocalıda törətdikləri soyqırım nəticəsində 613 nəfər azərbaycanlı öldürülüb. 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Conik Tevosyanın yaşının 80-ə çatması heç nəyi dəyişmir. O, daha yaşlı olsa belə, üzərində məhkəmə qurulmalıdır. 2018-ci ilin noyabrında Münsterdə bu qəbildən olan çox maraqlı bir məhkəmə start götürdü. Məhkəmə qarşısına Conik Tevosyandan 13 yaş böyük, 93 yaşlı Bruno Dey çıxarılmışdı.

Cavad Cavadov

O, faşist Almaniyasında keçmiş konsentrasiya düşərgəsinin keşikçi olub və 5 mindən çox insanın qətlində əli olmaqda ittiham edilirdi. Bruno Deyə qarşı Ştutthof düşərgəsində 5 min 230 nəfərin qətli ittihamı irəli sürülüb. Təxminən 75 ildən sonra nasist Almaniyasında xidməti ilə bağlı müstəntiqlərə geniş məlumat verən Dey 1944-cü ildə 17 yaşında nizami orduya yararsız hesab edildiyi üçün SS qarovul dəstəsinə qəbul edildiyini etiraf etmişdi. Bundan sonra o, həmin vaxt Danziq indi isə Qdansk adlanan şəhər yaxınlığındakı Ştuttof düşərgəsinə ezam olunub, oradakı cinayətlərdə iştirak edib. Deməyim odur ki, Conik Tevosyanın əməlinə hüquqi qiymət verilməsində yaşının heç bir rolu yoxdur. Azərbaycan dövləti tez bir zamanda onu məhkəmə qarşına çıxarmaqla törətdiyi soyqırım cinayətdə roluna görə cəzaya çatdırmalıdır”.