​Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir - İraqlı jurnalist

Baxış sayı:
2704

Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin “Əl-Muraqib əl-İraqi” qəzetində “Xocalı... qəsb edilmiş torpaq və geriyə dönüşünü özləyən didərgin insanlar” sərlövhəli məqaləsi dərc edilib.
Muxalifet.az xəbər verir ki, müəllif Xocalıda törədilmiş qətliamın ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyinin pik nöqtəsi olduğunu qeyd edir. O yazır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayın dəstəyi ilə Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərini ələ keçirdi. Faciə gecəsindən əvvəl sakinlər şəhərdə qalmışdılar və hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə yol tapmaq ümidi ilə mənzillərindən çıxmağa cəhd etmişlər. Lakin onların bu cəhdləri uğursuzluğa düçar olmuşdur. İşğalçılar Xocalı şəhərini dağıtmış, silahsız sakinlərə qarşı qırğın törətmişlər”.
Mutəz Muhy Əbdülhəmid Xocalıda silahsız mülki şəxslərin qətlini bəşəriyyətə qarşı cinayət hesab edir. O bildirir ki, erməni təcavüzünün tarixinə baxdıqda görünür ki, onlar 1905-1907-ci illər arasında Azərbaycan xalqına qarşı ən mənfur cinayətlər, genişmiqyaslı qanlı hadisələr törədiblər. Zorakılıq dalğası Azərbaycanın paytaxtı Bakıda başlamış, sonra ölkənin rayon və kəndlərini əhatə etmişdir. Yüzlərlə kənd dağıdılmış, yer üzündən silinmiş, Azərbaycanın minlərlə mülki sakini xüsusi vəhşiliklə qətlə yetirilmişdir. Bütün bunlardan məqsəd “böyük Ermənistan” dövləti yaratmaq idi.