Xəlil Arslanov 2 milyard mənimsəməkdə ittiham olundu - TƏZYİQİ QALXDI, XƏSTƏXANAYA DÜŞDÜ...

Baxış sayı:
6476

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanova qarşı 2 milyard rubl məbləğində büdcə vəsaitinin mənimsənilməsinə görə cinayət işi qaldırılıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu xəbəri eşidən generalda kəskin hipertonik böhran baş verib, o yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilib.

“İnterfaks” bildirir ki, generala qarşı ittiham “Voentelekom” işi üzrə irəli sürüb. Bu cinayət işində Rusiya ordusunun ehtiyacları üçün xüsusi texnikanın alınması zamanı büdcə vəsaitlərinin mənimsənilməsi, dələduzluq əməlləri araşdırılır. Məlumata görə, Arslanovun barəsində başqa yerə getməmək barədə iltizam alınıb, o ittihamları qəbul etmir.

Lakin Arslanovun cinayət ortağını-Silahlı Qüvvələrin texniki əsaslarının təkmilləşdirilməsi üzrə sifarişlər idarəsinin rəisi, polkovnik Pavel Kutaxovu təcridxanaya göndəriblər. İş üzrə “Voentelekom”un rəhbərinin keçmiş müavini də daxil olmaqla daha iki nəfər həbs olunub. İstintaq Komitəsi və Müdafiə Nazirliyi bu səs-küylü iş üzrə şərh vermir, amma xəbərləri də təkzib etmir.

“Kommersant” qəzetinə məlum olub ki, barəsində cinayət işi qaldırılandan sonra vəziyyəti pisləşən general Xəlil Arslanov Mərkəzi hərbi klinik hospitala yerləşdirilib. Onun barəsində istintaq tədbirləri hospitalda həyata keçirilir. Arslanova qarşı rəsmi ittihamı Rusiya İstintaq Komitəsinin baş hərbi-istintaq idarəsi irəli sürüb. Onun hərəkətini xüsusilə iri məbləğdə dələduzluq kimi qiymətləndiriblər. Yaxın vaxtlarda istintaq məhkəmə vasitəsilə generalın vəzifədən azad edilməsi haqda vəsadət qaldıracaq.

Xəlil Abduxalimoviç Arslanov 1964-cü ildə Ulyanovsk vilayətində anadan olub. 1981-ci ildən orduda xidmət edir, Rusiya Silahlı Qüvvələrinin rabitə idarəsinin rəisi, Baş qərargah rəisinin müavinidir. Budyonnı adına hərbi akademiyanı və Baş qərargahın akademiyasını bitirib.