Xızıda əməliyyat: keçmiş məhkumun evində narkotik və tüfəng tapıldı - FOTO

Baxış sayı:
2659

Xızı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan virtualaz.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyev qəsəbə ərazisində saxlanılıb.
 
Onun üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin, yaşadığı evin həyətyanı sahəsindən isə bir ədəd müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
  
S.Mirzəyevlə bağlı həyata keçirilən tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, S.Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq, dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Oğurluq yolu ilə əldə edilmiş bir ədəd televizor isə onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
 
Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.