Xırdalanda tikiləcək nüvə reaktoru ilə bağlı yeni xəbər

Nazir müavini: “Nüvə Tədqiqat Mərkəzinin yaradılması çox uzun prosesdir”

“Milli Nüvə Tədqiqat Mərkəzinin yaradılması böyük zaman tələb edir. Tikintiyə və istismar prosesinə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 maddədən ibarət tələbləri həyata keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Xırdalanda yaradılması nəzərdə tutulan Milli Nüvə Tədqiqat Mərkəzi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

F. Tağızadə qeyd edib ki, bu məsələ çox ciddi və böyük əmək, eyni zamanda sənədlər toplusu tələb edir: “Heç bir dövlət, heç bir xalq odla oynamaq istəməz. Digər tərəfdən, tədqiqat reaktorları az gücə malik olurlar. Bunun qorxulu və ya təhlükəli olduğunu demək olmaz. Üstəlik, əgər Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün şərtlərinə əməl olunacaqsa...”

Nazir müavini bildirib ki, Nazirlər Kabinetində 14 nazirlik və idarələrin nümayəndələrindən ibarət böyük işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürüləcək: “Onlar bütün bu məsələlərin həllində iştirak edəcəklər. Hazırlıq üçün hesab edirəm ki, azı 2-3 il tələb olunacaq. Bu, çox uzun prosesdir. Layihələndirmə, reaktorun necə olması, gücü məsələləri böyük zaman tələb edir”.

F. Tağızadənin sözlərinə görə, layihənin reallaşdırılması prosesində media ilə iş beynəlxalq agentliyin və Avropa İttifaqının əsas tələblərindən biridir: “Təhlükəsizlik və prosesin necə həyata keçirilməsindən başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi və Aİ-nin əsas tələblərindən biri media ilə ünsiyyət və əhalinin daim proseslərdən xəbərdar olmasıdır. Məsələn, mən tıxaclardan qorunmaq üçün maddənin axşam daşınmasını təklif etdim. Ekspertlər qəti sürətdə buna etiraz etdilər. Çünki insanlar nəsə təhlükəli bir şeyin daşındığını düşünə bilərlər. Yaxşısı budur ki, hər şey gündüz edilsin və hər kəs görsün”.