​Xidmət qiyməti qalxacaq, insanlar... - YENİ DƏYİŞİKLİYƏ HAZIR OLUN - Video

Vəkillik institutunun güclənməsi və saylarının dəfələrlə artırılması qısa zamanda baş verməzsə, ciddi problemlər yaranacaq və insanların narazılığı artacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Qeyd edək ki, layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.
Q.Paşayeva bildirib ki, həm Avropa Şurası, həm də region ölkələri arasında ən az vəkil olan ölkələrdən biri Azərbaycandır:
“Ölkədə vəkillərin sayı 1000 nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstəririr. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işi ilə müqayisədə vəkillərin sayı dəhşətli dərəcədə azdır. Nümayəndəlik institutu layihədə vurğulandığı kimi, yanvarın 1-dən ləğv olunduqda cəmi 930-a yaxın vəkil onminlərlə məhkəmə prosesinin qarşısında dayana bilməz. Bunun sayını bir az artırsaq belə, çox ağır nəticələrdən qaça bilməyəcəyik. Vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq və bir çox insanlar onu ödəyə bilməyəcək və bu da narazılığı artıra bilər. Ona görə də əgər bu layihə qəbul olunacaqsa, yanvarın 1-nə qədər vəkillərin imtahanı və fəaliyyətə başlaması prosesini və prosedurlarını sürətləndirmək və sadələşdirmək lazımdır ki, vəkillərin sayı qısa zamanda ən azı 4-5 dəfə artsın. O qədər gənc kadrlar var ki, onların vəkilliyə gəlməsi üçün prosedurları sadələşdirməliyik. Bu, problemdən əsas çıxış yoludur. Doğrudur, nümayəndəlik institutunda dələduzqluqla, fırıldaqla məşğul olaraq insanları aldadanlar, zərər vuranlar da var idi və bu hamımızı narahat edirdi. Amma bir məsələni düzəltmək istəyəndə başqa ciddi problemlərin yaranmaması üçün paralel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır. Eyni zamada nümayəndəlik institutunun ləğvi, məhdudlaşdırması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də mümkünsüzdür. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil, iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır. Çalışmalıyıq ki, insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq”.