XARİCİ SİYASƏTİN ŞEZLONQU - Jalə Mütəllimova yazır

Baxış sayı:
467

Erməni lobbisinin ciddi çalışmaları sayəsində ABŞ Konqresinin ermənipərəst üzvləri Birləşmiş Ştatların Azərbaycana hərbi yardımının dayandırılması haqqında qanun layihəsini müzakirəyə göndəriblər. Müzakirələr iyulun 20-nə təyin olunub. Əgər qanun layihəsi qəbul edilsə, ABŞ-ın Azərbaycana hərbi, siyasi, maddi yardımı önəmli dərəcədə azalacaq. Söhbət 907-ci düzəlişdən daha ciddi bir sənəddən gedir.

Ermənistan-Azərbaycan cəbhəsində aktiv döyüş əməliyyatlarına şahidlik etdiyimiz günlərdə ABŞ-ın geniş spektrli dəstəyini itirməyin nələrə gətirib çıxaracağını təxmin etmək çətin deyil – bununla Rusiyanın birbaşa yardımını hər zaman hiss edən Ermənistan, Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə böyük zərbə vurmuş olacaq.

Sözsüz, Azərbaycan diplomatiyasında belə boşluqların səbəbkarı kənd təsərrüfatı naziri İnam Kərimov, ya da Fövqəladə Hallar Naziri Kamləddin Heydərov deyil. Məsuliyyət birbaşa xarici işlər naziri Elmar Məmmədyarovun üzərindədir. O Məmmədyarovun ki, Ermənistanın Tovuzun Ağdam kəndinə hücumu başlayandan gözə dəymir, hətta prezident İlham Əliyev də onu axtarırmış. Ölkə bu xəbəri prezidentin hökumət üzvləri ilə keçirdiyi müşavirədəki çıxışından öyrənib.

Dövlət başçısının söyləyib ki, sərhəddə hərbi əməliyyatlar qızışandan baş nazir vasitəsilə Məmmədyarovu axtarıb və onu evində tapıb. Dinc Azərbaycan vətəndaşları Ermənistan ordusunun mərmi yağışına tuş gələn zaman nazir öz dincliyini daha üst mərtəbəyə yüksəltmək üçün iş kabinetini dəniz mənzərəli villasına daşıyıb. Bu fakt Məmmədyarovun Azərbaycanın xarici siyasətini uçuruma sürüklədiyinin yox, həm də ciddi mənəvi böhran keçirdiyinin də göstəricisidir. Çünki onun vəzifəsi Ermənistan Azərbaycan ərazilərinə hücuma başlayardan dərhal sonra şezlonq ziyafətini yox, dünyanın siyasət meydanını bəyanat yağışına tutmağı tələb edir.

Onu təcrübəli diplomat adlandıranlar da var, xarici xüsusi xidmət orqanların ilə işbirliyində olduğunu düşünənlər də. Xarici kəşfiyyatla münasibətləri haqqında iddialar oğluna Nyu-Yorkda 4,2 milyon dollar ev alandan sonra daha da genişlənib. Bəziləri hesab edir ki, Elmar Məmmədyarov həmin mənzili korrupsiya və rüşvət pulları ilə deyil, xarici kəşfiyyatla Azərbaycanın maraqlarını satmaq qarşılığında qazanıb.

Dövlət başçısının sərt tənqid etdiyi Məmmədyarovun yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacağı gözləniləndir. Bu postu prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin tutacağı ehtimalı da var. Prezidentin müşavirədəki çıxışında H.Hacıyevin fəaliyyətini bəyənməsi ictimai rəydə belə bir gözlənti yaradıb.

Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət idarəsinin rəhbərliyinə gətirilməsinin müsbət tərəfləri çoxdur. Bunların başında onun professional keyfiyyətləri və Azərbaycan dövlətinə bağlılığı dayanır. İndiki nazirdən 20 yaş gənc Hikmət Hacıyev Məmmədyarovdan fərqli olaraq ana dilində mükəmməl danışır. Azərbaycan vətəndaşlarının ümumi ovqatından bəllidir ki, dövlət dilinə biganə məmurlardan sözün əsl mənasında beziblər.

Önəmli məqamlardan biri Hacıyevin Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə dərindən bələd olmasıdır. Praktika göstərir ki, “kənardan” gətirilən kadrların çoxu strukturla tanışlıq və “işbirliyi”nə çox zaman sərf edir. Bu isə zaman itkisinə, aradakı boşluqda yeni problemlərin yaranmasına səbəb olur. Ən pis versiya misalından baxsaq, Hikmət Hacıyev XİN rəhbərliyinə gətirilsə, nazirlik bir zamanlar MTN-nin yaşadığı Eldar Mahmudov sindromunu yaşamayacaq. 41 yaşlı diplomat Hikmət Hacıyev genəl obrazının əsas ştrixləri belə görünür.

Elmar Məmmədyarovun daha bir problem Dövlət Təhükəsizlik Xidmətinin nazirlikdə başlatdığı, nazirə çox yaxın şəxslərin həbsinə gətirən gətirən araşdırmadır. Haqqında danışılan korrupsiya faktlarının ona da “toxunduğu” təsdiqlənsə, Elmar Məmmədyarovun səsi evindən yox, istintaq təcridxanasından da gələ bilər.

Aygün MURADXANLI