Xarici iş adamları Dövlət Miqrasiya Xidmətinin rəisinə birbaşa müraciət edə biləcəklər - YENİLİK

Baxış sayı:
289

"İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanını təmin edən qaynar xətt yaradılıb".
Muxalifət.az xəbər verir ki, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov yerli və xarici iş adamları ilə görüşü zamanı deyib.
V.Hüseynov xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirildiyini bildirib:
"İşəgötürən Dövlət Miqrasiya Xidməti ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa, dərhal həmin qaynar xətt vasitəsi ilə birbaşa Xidmətin rəhbərinə müraciət edə bilər”.
Eyniz zamanda, ölkəmizə investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlərin qanunvericilik baxımından kifayət qədər sadələşdirildiyi də diqqətə çatdırılıb:
“Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək. Bununla bağlı məlumatların rahat, əlçatan formada saytda yerləşdirilməsi təmin ediləcək. Həmçinin ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil edildiyi İş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanılıb və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumat ictimaiyyətə təqdim ediləcək”.
V. Hüseynov onu da əlavə edib ki, bununla yanaşı iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək:
“Xidmətin saytında belə elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub”. 
Xidmət rəisi onu da bildirib ki, respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək:
“Bu məsələ ilə əlaqədar Xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstəriləcək, işəgötürənlərlə mütəmadi görüşlər keçiriləcək”.