XARİCƏ İŞLƏYƏN AGENTLƏR KİMLƏRDİR... – Baş nazirdən adlarının açıqlanması tələb olundu

Baxış sayı:
1822

Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfəri zamanı erməni icmasının nümayəndələri ilə görüşündə “siyasi fəaliyyətlə məşğul olan xarici agentlər” barədə danışıb.

Erməni KİV-ləri xəbər verir ki, Paşinyan belələrini “geri çevirməyə” çağırıb. Onun sözlərinə görə bir sıra siyasi xadimlər ölkə vətəndaşı olmaqdan daha çox xarici agentlərdir.
 
Aydın məsələdir ki, Paşinyan keçmiş rejimin nümayəndələrini nəzərdə tutur və onların Rusiya agenti olmasına eyham vurur. Çünki keçmiş rejmin Rusiya ilə sıx əlaqələri və göstərişləri Moskvadan aldığı məlum məsələ idi.
 
Təsadüfi deyil ki, Paşinyanın sözlərinə də məhz hazırda müxalifətdə olan Respublika partiyasından reaksiya veriblər. Ermənistan parlamentinin keçmiş vitse-spikeri və Respublika partiyasının sözçüsü Eduard Şarmazanov Paşinyanı həmin agentlərin adlarını açıqlamağa çağırıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları baş nazirin kimləri nəzərdə tutduğunu tələb etməlidir.
 
“Xarici agentlər dövlətin daxilində “troya atlarıdır”. Hər bir normal ölkədə milli təhlükəsizlik baxımından bu deyilənlərin konkret nəticələri olmalıdır. Və ictimaiyyət bilməlidir ki, xarici agentlər kimdir. Amma Paşinyanın dediklərindən 2 gün keçsə də nə onun özü, nə ətrafı heç kimin adını çəkməyib”-Şarmazanov deyib.
 
Onun sözlərinə görə, Paşinyan daha parlamentin tribunasından  şaiyələr buraxan  müxalifətçi deputat deyil, dövlətin faktiki rəhbəridir. Tabeçiliyində güc strukturları, xüsusi xidmət orqanları var.
 
“O deməlidir ki, söhbət kimdən gedir. Əks halda bu növbəti populizm, yalan donos, biabırçı demaqogiya olacaq”-Şarmazanov əlavə edib./virtualaz.org