Xamneyi Trampı “boşboğaz” adlandırdı

Baxış sayı: 116

İranın dini lideri Əli Xamneyi hərbi əməliyyatlarda həyatını itirənlərin ailələri ilə görüşdə Amerika rəhbərlərinə qarşı təhqir dolu sərt bəyanatlar səsləndirib.
 
O, çıxışında ABŞ-ın İran İslam Respublikasına qarşı təhdid və düşmənçiliyindən danışıb.
Xamneyi Amerika rəhbərlərini “üstlərində bıçaq gəzdirən təcrübəsiz naşı xuliqanlar” adlandırıb: “Bu inqilab yarandığı gündən cürbəcür düşmənçiliklərlə üz-üzə qalıb. Amerikada yenicə iş başına gələn bu cənabların boşboğazlığına fikir verməyin. Bu təhdidlər bizim üçün təzə bir şey deyil. Bizə qarşı bu hədə-qorxular əvvəllər də olub. Sadəcə olaraq indi onların bir az dili və tonu dəyişib. Yoxsa qırx ilə yaxındır bunlar heç bir qələt edə bilməyiblər və bundan sonra da edə bilməyəcəklər.
Deyirlər ki, islam respublikası rejimini dəyişmək istəyirik. Sizlər İran millətini hələ tanımamısınız. Amerikada təzəcə iş başına gələn bu şəxslər kriminal aləminə yenicə daxil olan, üstlərində bıçaq gəzdirən təcrübəsiz naşı xuliqanlara bənzəyirlər. Onlar nə etdiklərini qanmırlar. Lakin elə ki ağızlarından vurdun, onda hesab-kitab əllərinə gələr”.
Xatırladaq ki, iyunun 14-də Nümayəndələr Palatasında çıxış edən ABŞ-ın dövlət katibi Reks Tillerson İranın regiondakı fəaliyyətindən, nüvə sazişindən və Amerika hökumətinin İranla bağlı siyasətindən danışıb.
Rəsmi Tehranı regionun sabitliyini pozmaqda günahlandıran Tillerson bildirib ki, Amerika hökuməti İranın bölgədə hegemonluğuna qarşı ilk addımlarını atmağa başlayıb: “Bizim İranla bağlı xarici siyasətimiz formalaşmaqdadır və hələlik prezidentə təqdim edilməyib. Lakin bir şeyi bildirməliyəm. O da budur ki, bizim İranın bölgədə çaxnaşmanın qızışdırılması istiqamətində apardığı fəaliyyətindən və rolundan xəbərimiz var. Tehranın regiondakı hegemonluğunun qarşısını almaq və onun nüvə silahlarına yiyələnməsinə mane olmaq, bizim Tehranla bağlı yürütdüyümüz siyasətin əsas təməllərindən biridir. Bizim siyasətimiz həm də ölkə daxilində İran rejimini dinc yollarla dəyişdirməyə cəhd göstərən qüvvələrə yardım etmək və onlara dəstək verməkdir”.