“Xameneyi deyir ki, türkcə evlərdə qalsın, məktəblərə girməsin” - Yunus Şamili

Siyasi şərhçi Yunus Şamili Amerikanın Səsinə müsahibədə bu yaxınlarda medianın gündəmində olan İranın ali ruhani liderinin türk dili ilə bağlı ifadələrinidəyərləndirib.
 
 Keçən həftə sosial mediada yayımlanan bir videoda Ayətullah Seyyid Əli Xamneyinin 5 yaşlı bir uşaqdan “türk ya fars” olduğunu sual etdiyi görünür. İranın ali rəhbəri sonra uşağın anasına ona evdə türkcə öyrətməsini tövsiyə edir.
Yunus Şamili belə bir ifadələrin yer aldığı bir videonun Seyid Əli Xameneyinin ofisi tərəfindən yayımlanmasını önəmli bir hadisə kimi qiymətləndirir. O, həmçinin videonun toplumun müəyyən qruplarına bir mesaj olduğunu önə çəkir.
Xameneyinin zehniyyətinə görə, bu anaların vəzifəsidir ki türkcəni evlərdə uşaqlarına öyrətsinlər. Yəni, türkcə evdə qalmalı və analar tərəfindən öyrədilməlidir. Məktəbə girməməlidir.
“Bu video ilə bağlı önəmli olan bir məsələ budur ki, Xameneyinin türk dili ilə bağlı zehniyyətini açıqlayır. Onun zehniyyətinə görə, bu anaların vəzifəsidir ki türkcəni evlərdə uşaqlarına öyrətsinlər. Yəni, türkcə evdə qalmalı və analar tərəfindən öyrədilməlidir. Məktəbə girməməlidir,” deyə siyasi şərhçi bəyan edir.
İsveçdə yaşayan türk fəalın dediklərinə görə, “ana dili uşağın 7 yaşına qədər evdə inkişaf etdirilməlidir. 7 yaşına gəldikdən sonra o dilin inkişafı artıq məktəbdə olmalıdır. Artıq ananın vəzifəsi deyil, məktəbin və toplumun vəzifəsidir ki, dili uşağa öyrətsin.”
Şamili əlavə edir, “başqa önəmli məsələ də bu videonun Xameneyinin ofisi tərəfindən yayımlanmasıdır. Yəni, onlar türk dilinin toplumda bir məsələ olduğunu görürlər. Bu məsələnin genişlənməsini, insanların zindanda yatmasını görürlər. Bu videonu kimlər üçün yayırlar? Milli şüuru olmayan ya yarım olan türklərə mesaj göndərmək istəyirlər ki, 'rəhbər'-in türk dilinə müsbət baxışı var...”
Bəzi fəalların fikrincə, İran İslam Respublikasının liderinin türk dilinin öyrədilməsinə dair sözləri ölkə daxilində türk dil haqları müdafiəçilərinin qanuni fəaliyyət göstərmələri üçün bir zəmin hazırlaya bilər. Yunus Şamili buna inanmadığını ifadə edir.
Artıq ananın vəzifəsi deyil, məktəbin və toplumun vəzifəsidir ki dili uşağa öyrətsin.
Şamili hakimiyyət daxilində olan türk və fars siyasətçiləri arasındakı rəqabət və çəkişmələrə diqqət çəkərək bu videonun bu çəkişmələrin tərəflərinə də bir mesaj olduğunu qeyd edir.
“Bir də hakimiyyət daxilində türk və fars siyasətçilər arasında çəkişmələr var. Bu video o məsələyə də bir cavab oldu. Bu videonun yayımlanması ilə, ola bilər ki, həm fars tərəfi sakitləşsin və hücumu azaltsın, həm də türk tərəfi sakitləşib elə düşünsün ki, 'rəhbər' onları himayə edir,” deyə Yunus Şamili söyləyir.