XAMENEİDƏN SONRAKI İRANI NƏLƏR GÖZLƏYİR? –Ali dini liderin sabiq prezidenti niyə qoruduğunun sirri açılır...

Baxış sayı:
5455

Fevralın 18-də, yəni, sabiq İran prezidenti Mahmud Əhmədinecatın məhkəmə sisteminin əleyhinə danışaraq, dini lider Xameneini də “məsuliyyətdən qaçmaqda” ittiham etməsindən sadəcə dörd gün sonra Xamenei də ona bir açıqlama ilə cavab verdi. Açıq formada olmasa da, İran İslam Respublikasının ədaləti təmin etməkdə ümumiyyətlə, yetərsiz qaldığını qəbul edən Xamenei xalqdan üzr istənməsinin lazım olduğunu bildirdi. Bu, həmişəki kimi, çox yayğın, fərqli şərhlərə imkan verən bir açıqlama idi. Xamenei, kimin üzr istəməli olduğunu açıq şəkildə bildirmədiyi açıqlamasında modern siyasi sistemlərdə təməl vəzifəsi ədalətin təmin edilməsi olan məhkəmə sistemini birbaşa nəzərdə tutmadan, məsuliyyəti ağıllı şəkildə bütün dövlət orqanları arasında paylaşdırdı.
Ayrıca, Xamenei, demək olar ki, yarı-tanrıya bərabər olan öz statusunu da gözardı edərək, bir müxalifət lideri tonundan istifadə etmişdi. Daha da önəmlisi, öz vəzifə müddətilə (29 il) sələfi Ayətullah Xomeyninin vəzifə müddəti (11 il) arasında da bir fərq qoymamışdı. Bu da özünün və digər inqilabçıların “İmamın qızıl dövrü” (“devrân-ı tâlî-i imâm”) adlandırdığı Xomeyni dövründəki ədalətin səviyyəsindən məmnun olmadığı mənasına gəlirdi.
Dini liderin bu açıqlamasından yalnız üç gün sonra, 21 fevralda Əhmədinecat ona başqa bir məktub göndərdi. O, məktubda Xameneiyə ədalətin təmin edilməsi məsələsilə bağlı dediklərini fəaliyyətdə göstərməsinin lazım olduğunu kübarca xatırlatdı və prezident və parlament seçkilərinin zamanında, ədalətli, eyni zamanda Konstitusiya Mühafizə Şurası və hərbi hakimiyyət orqanlarının müdaxiləsi olmadan keçirilməsini tələb etdi. Hətta Əhmədinecatın öz məktubuna çox böyük bir təklif layihəsi əlavə etdiyi də deyilir, ancaq onun içindəkilər hələ ki ortaya çıxmayıb. Əhmədinecata yaxın olan kəsimlərə görə, layihədə ədalətin necə təmin edilməsilə bağlı təkliflər var. Lakin təkliflərdən çox tələblərin olması ehtimalı daha yüksəkdir.
Əhmədinecatı sevən iranlılar çox deyil və bundan öncəki məqaləmizdə də bildirildiyi kimi, ona aralarında ən yüngülü “Komedi-necat” olan çox sayda ləqəb verilib. Lakin İranın keçmiş prezidenti “yüngül çəkili islahatçılar”ın əsl xarakterlərini böyük xalq dəstəyinə rəğmən, onların hüquqlarını qoruya bilməmələrini və dini liderlə üzləşmə məsələsində heç cür cəsarət göstərə bilməmələrini ortaya çıxardığı üçün yenə də təqdiri haqq edir. Əhmədinecat eyni zamanda ciddi şəkildə adət edilmişdən kənara çıxan üslubu və siyasətə gətirdiyi yaradıcılığı ilə də tərifi haqq edir.
Seçki sistemində köklü islahat aparılması məsələsindəki tələbilə ortaya qoyduğu ifrat özünəinam da təsirlidir. Bir insanın yaşadığı uğursuzluqla bağlı olaraq sistemi günahlandırması təbiidir. Amma sistemin birbaşa ondan istifadə edən biri tərəfindən günahlandırması isə görünmüş bir şey deyil. Konstitusiya Mühafizə Şurası olmasaydı, Əhmədinecat prezident seçilə bilməzdi. Əhmədinecatın tələbi, Konstitusiya Mühafizə Şurasının nəzərində, İranın məşhur “Duzu alıb duz qabını qırmaq” (“nemek horden u nemekdân şikesten”) xalq deyiminin tipik bir nümunəsidir.
Bununla birlikdə, son aylardakı ən təəccüblü hadisə Konstitusiya Mühafizə Şurasının reaksiyası oldu. Şuranın sözçüsü 22 fevralda verdiyi açıqlamada Əhmədinecatı 2009-cu ildəki prezident seçkilərində “seçki mühəndisliyi” etməkdə ittiham etdi. Bu termin İranın seçki jarqonuna 2005-ci ildə, o ildə seçkini uduzan namizədlərdən biri olan Mehdi Kərrubi tərəfindən gətirilmişdi. Kərrubi dini liderə yazdığı məşhur məktubunda Müctəba Xameneini (dini liderin oğlu), Şuranı və İnqilab Keşikçilərini 2005-ci il prezident seçkilərini Əhmədinecatın lehinə manipulyasiya etməkdə ittiham etmişdi. Kərrubi o zamandan bəri İranın institusional nizamı tərəfindən sistem xaricinə itələnir. Və 13 il sonra – bu gün İrandakı bütün seçkilərin əsas mühəndisi olan Konstitusiya Mühafizə Şurası eyni termini Əhmədinecat üçün istifadə edir. Məşhur bir fars antonimini istifadə etmək lazımdırsa, Şuranın açıqlaması (özünü qovalayan şeydən) “uzağa qaçmaq” yerinə, “önünə qaçmaq” mənasına gəlməklə, böyük bir səhvə çevrilə bilər.
Öncəki məqalədə Əhmədinecata əgər iranlıların nəzərində populyarlığını artırmaq istəyirsə, 2009-ci il seçkilərinin “qara qutusu”nu açması tövsiyyə edilmişdi. Əhmədinecat hələ ki bu tövsiyyəyə uymayıb. Bəlkə də bunu irəlidəki həmlələri üçün saxlayıb, amma Şuranın açıqlaması Əhmədinecata uzun müddətdir axtardığı bəhanəni təmin edir. İndi hər kəs Əhmədinecatın hekayəsini dinləmək üçün qulaqlarını şəkləyib. Oyun getdikcə iranlılar üçün daha maraqlı olur.
Əhmədinecat indiyədək diqqətini Laricani qardaşlarına verdi. Onun dini liderlə təmasları ümidsiz bir insanın daha yüksək bir orqana müraciət etməsi olaraq qəbul edildi. Lakin Əhmədinecat son məktubunda dini liderlik qurumu ilə bağlı struktur dəyişikliyinə gedilməsini açıq şəkildə tələb edərək, həddini son dərəcə aşmış oldu. Bu durumda verilməsi lazım olan sual, dini liderin Əhmədinecatın dikbaş itaətsizliyinə nə qədər dözəcəyidir. Daha da önəmlisi, dini liderin göstərdiyi dözümlülüyün altında yatan nədir? Bu suallar Əhmədinecatın müdafiə etdiyi dəyişikliklərin mahiyyəti kontekstindən öncə, onun bu itaətsizliyi sərgilədiyi konkret zaman kontekstində cavablandırılmalıdı.
Dini liderin sağlıq durumu haqqındakı dedi-qodular bir yana, onun yaşında olan hər bir lider, təməl bir prinsip olaraq, xələfinin kim olacağı haqqında baş sındırar. Bu mövzuda sadəcə özü deyil, yaxın ətrafı və ailə üzvləri də əndişəlidir. Çünki iqtidar dəyişikliyi hamar şəkildə olmazsa, yaxud iqtidar “yanlış əllərə” keçərsə, onların da sahib olduqları mövqelər və imtiyazlar, hətta həyatları təhlükə altına girəcəkdir.
Aydındır ki, dini lider də öldükdən sonra necə xatırlanacağı və özünə doğru adamın xələf olub-olmayacağı ilə bağlı qayğılar daşıyır. Nəticə olaraq, xələfinin kim olacağı ilə bağlı olaraq qapalı qapılar arxasında çox ciddi siyasi dolablar dönməkdədir. Bu səbəblə, xələfin kim olacağı ilə əlaqədar davam edən bu “soyuq müharibə”də Əhmədinecat amilini təqdir etmək lazımdır. Dini liderlik institutunun strukturunda dəyişiklik edilməsi tələbi, Nizamın Məsləhətini Müəyyənetmə Şurası üzvlüyü, ölkənin sabiq prezidenti olması və şəxsi xarakteri kimi amillərin hamısı Əhmədinecatın, – əgər iqtidar dəyişikliyi olacaq zamana qədər siyasət səhnəsində qala bilərsə, – bu dəyişiklikdə, kiçik də olsa, bir rol oynayacağına işarə edir.
Xülasə, Xamenei sonrası dövr üçün ən azı dörd ssenari var.
Birincisi, dini liderlik institutunun ləğv edilməsidir. Bu ehtimal Qumdakı mollalardan tutmuş, Konstitusiya Mühafizə Şurasınadək böyük güc sahibi olan çox sayda maraq qrupunun mənfəətlərini təhlükəyə atacaqdır. Hətta belə bir durum İranda, əslində, teokratiyanın ölümü mənasına belə gələ bilər. Bu ssenari imkansız olmasa da, asan və zorsuz bir seçim olmayacaqdır.
İkincisi, tək bir dini liderin seçilməsi yerinə, Dini Liderlik Şurasının qurulmasıdır. Əslində, bu fikir Xomeyninin ölümündən həmən sonra ortaya çıxdı və tətbiqi düşünüldü, ancaq 1989-cu ildə edilən dəyişikliklə Konstitusiyadan çıxarıldı. Ötən ilin avqust ayında həyatını itirən sabiq prezident Haşimi Rəfsancani ömrünün son aylarında bu fikri yenidən canlandırmağa çalışdı. Texniki olaraq bu fikir xüsusən də üçüncü dünya ölkəsində elə də real görünmür. Ayrıca, tək bir adam yerinə bir qrupla bazarlıq etmək məcburiyyətində qalacaqları üçün maraqlı tərəflərin mənfəətinə də uyğun gəlmir. Eyni zamanda bu, böyük qeyri-sabitliyə səbəbi olardı. Daha da önəmlisi, “şura” mexanizmi iqtidarın tək bir adamın əlində diktatorluğa çevrilməsini önləməyi nəzərdə tutan demokratik bir konsepsiya olması səbəbilə, İranın teokratik nizamının avtoritar strukturuna uyğun gəlmir.
Üçüncüsü, dini liderin öldüyü halda başqa bir ayətullahın onun yerini tutmasıdır. Bu ssenari texniki olaraq həyata keçirilə bilən olsa da, ortaya bu şanslı insanın kim olacağı sualını çıxarır. Dini liderlik vəzifəsində gözü olan çox sayda adam var: Həsən Ruhani, Ayətullah Sadiq Laricani, Haşimi Şehrudi və çox sayıda digər mollalar. Lakin bu mollaların hamısı hakimiyyət pillələrinə özləri dırmanmaq yerinə, digərlərinin ayağını sürüşdürməyə cəhd etməkdədi. Üstəlik, bu mövqe, təbiəti etibarı ilə həyat boyu davam edəcək bir məsuliyyəti öz üzərinə götürmək anlamına gəldiyi üçün bazarlıq etməyi də bir xeyli çətinləşdirir.
Dördüncüsü – həyata keçirilə bilən əsas ssenari isə Müctəba Xameneinin öz atasının, yəni, dini liderin yerinə keçməsi olardı. Hər ata oğlu və ya qızının özünə varis olmasını, ya da hər oğul və ya qız atasının xələfi olmaq istəyər. Ayətullah Xomeyni və oğlu Əhməd də buna niyyətlənmişdi. Xomeyni oğlunun önünü açmaq üçün vəkili Ayətullah Müntəzirini vəzifədən azad etmişdi. Lakin gözlənilməz halda ani ölümü səbəbilə plan nəticəsiz qaldı. Ayrıca, Xameneinin oğlu Müctəbanı bir sonrakı dini liderin mərhəmətinə tərk etmək istəməməsinin başqa bir səbəbi Xomeyninin oğlu Əhmədin atasının vəfatından beş il sonra (1995-ci il) baş verən sirli ölümüdür. Atası öldükdə Müctəba İran hakimiyyət dairələrində Əhməddən daha sevimli olmayacaq. Keçmiş inqilabçıların bir çoxu atasına görə Əhmədə az da olsa duyğusal bağlılıq hiss edidi, lakin atasına görə Müctəbaya belə bir bağlılığın heç zərrəsi də duyulmur.
Ümumiyyətlə, liderlər uşaqlarından birini seçər və hələ həyatda ikən onu ön plana çıxarmağa başlayarlar. Ancaq bu cəhd bəzən, gələcək varisin mübahisəli hala gəldiyi durumlarda, Səudiyyə Ərəbistanında Məhəmməd bin Salman örnəyində olduğu kimi, əks reaksiya verər. İranlılar arasında çox istifadə edilən digər bir yanaşma üsulu da “qarpızı kəsmə ki, asanlıqla sata biləsən” deyimində nəzərdə tutulandır. Dini liderin bu yanaşma üsulundan istifadə etdiyi anlaşılır. Müctəbaya rəsmi bir vəzifə verilmədi, xalq arasına çox nadir halda çıxır, hətta şəkilləri belə çox az görünür.
Yuxarıda göstərilən mümkün dörd ssenariyə baxılarsa, Əhmədinecat amilinin son iki ssenari ilə əlaqəli olduğu görünür. Əhmədinecatın özü dini liderlik mövqeyi üçün uyğun olmasa da, Ayətullah Laricani potensial namizədlərdən biridir. Məhz bu, Xamenei ilə Əhmədinecatın maraqlarının üst-üstə düşdüyü nöqtədir: ikisi də Laricanini bir sonrakı dini lider olaraq görmək istəmir. Əhmədinecat üçünsə bu, bir ölüm-qalım məsələsidir. Sabiq prezident Laricaninin sonrakı dini lider olması halında, bir gün belə yaşamayacağını bilir. Əgər Laricaninin əlində olsaydı, Əhmədinecatı bu saniyədə həbs edib asmaq məsələsində tərəddüd etməzdi. Əhmədinecatın tutulması üçün Laricaninin Xameneiyə üç dəfə müraciət etdiyi, lakin dini liderin bunu rədd etdiyi söylənilir.
Şübhəsiz ki, siyasət qeyri-müəyyənliklərin hökm sürdüyü bir sahədir və heç bir ehtimal gözardı edilə bilməz. Yenə də hadisələrin gedişatı Əhmədinecatın dini lider tərəfindən müəyyən formada qorunduğu hissini yaradır, çünki Əhmədinecat Xameneinin nəzərində, xələfi ilə bağlı gələcək planlarına görə, Laricanidən çox kiçik təhlükə kəsb edir. Buna görə, dini lider Əhmədinecatın davranışlarına mümkün olan ən uzun müddətədək dözüm göstərə bilər və ondan oğlu Müctəbanın dini liderlik mövqeyinə gəlməsinin önündə duran Laricani əngəlini ortadan qaldırmaq üçün istifadə edə bilər.
Tərcümə Strateq.az-ındır