"Xalqa qarşı cinayət törədənlər heç zaman..." - AYDIN MİRZƏZADƏ

Baxış sayı:
3343

“Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur”.
Bu sözləri deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub:
"Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər. Bu gün Köçəryan Ermənistanda həbs edildi. Xaçaturov girov müqabilində azadlıqda qalsa da, onun da həbs edilməsi gözlənilir. Baxmayaraq ki, o, Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir".
Millət vəkili vurğulayıb ki, onların Qarabağda törətdikləri cinayətlər yada salınmır:
"Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər. Ancaq Köçəryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır, hətta öz xalqına qarşı da o mütləq cinayət törədir".
Deputat qeyd edib ki, Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır:
"Ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət mütləq cəzasını alır"(axar.az).