“Xalq çətinlikləri görür, onu aldatmaq olmaz” — Musa Uruddan MİTİNQ AÇIQLAMASI

Muxalifet.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Urud Milli Şuranın oktyabrın 28-ə təyin etdiyi mitinqə olke.az-da münasibət bildirib.
Deputat M.Urud Milli Şuranı bu cür mitinqlər keçirməklə insanların istirahətini pozmaqda ittiham edib:
“Bu günlərdə YAP Nəsimi rayon təşkilatının konfransı keçirilib. Həmin konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çox maraqlı fikirlər səsləndirib. Əli müəllim deyib ki, YAP Nəsimi rayon təşkilatının istənilən fəal üzvü mitinq keçirsə, bütövlükdə Milli Şuradan daha çox adam toplaya bilər. Bu çox doğru fikirlər idi. Yəni, Milli Şuranın və orada təmsil olunanların heç birinin ictimai nüfuzu və dəstəyi yoxdur. Mənim onlara məsləhətim budur ki, heç bir nüfuzları olmadığı üçün öz yaxın və qohumlarına da əziyyət verib, istirahət günlərini zay etməsinlər. Əgər doğrudan da Milli Şura üzvləri həftə sonu bir-biri ilə görüşmək istəyirsə, o zaman bir-birlərinin evlərinə gedib-gəlsinlər, oturub çay içsinlər və sairə. Daha yaxınlarını və qohumlarını küçələrə çıxarıb tökmək düzgün addım deyil. Onsuz da onların heç bir ictimai-siyasi güc və dəstəyi yoxdur. Bilirsiniz, köhnəlmiş, vaxtı keçmiş materialdan yeni nə isə düzəltmək mümkün deyil. Milli Şura da artıq köhnəlmiş materialdır. Ona görə də o adamların stadiona yığılmasının heç bir mənası yoxdur”.
M.Quliyev qeyd edib ki, Azərbaycan xalqı artıq ötən əsrin 90-cı illərinin xalı deyil:
“Bu gün Azərbaycan xalqı ağı-qaradan, yaxşını pisdən, həqiqi xalqına xidmət edən lideri siyasi avantürüstdən seçə bilir. Ona görə də Azərbaycan xalqı Milli Şuranın liderlərinə inanmır. Onlar indiyədək də heç bir uğura imza atmayıblar. Məhz buna görə də xalq onların arxasınca getmir. Bu gün Azərbaycana ən çox vacib olan məsələ ölkədə ictimai-siyasi sabitliyin qorunmasıdır. İctimai-siyasi sabitlik xalqımız üçün çox vacibdir. Gərək ki, bunu pozan hər bir hərəkətə qarşı ciddi tədbirlər görülməlidir”.
Deputat vurğulayıb ki, Milli Şura mitinqlərini xarici dairələrin sifarişi ilə keçirir:
“Əgər Milli Şura mitinqlərini doğrudan da xalqı düşünmək məqsədilə keçirsəydi, o zaman onların ətrafına bəlkə də dəfələrlə artıq insanlar gedərdi. Amma xalq bilir ki, Milli Şura mitinqləri xalqı düşünmək üçün etmir. Mən indiyədək hələ bir dəfə də olsun ki, Milli Şuranın Qarabağ məsələsini qaldırdığını görməmişəm. Son vaxtlar Avropa təşkilatlarında Qarabağla bağlı Azərbaycana qarşı haqsız olaraq ikili standartlar və təzyiqlər olur. Milli Şura Avropa təşkilatlarının Azərbaycana qarşı etdiyi haqsızlıqlara bir dəfə də olsun səsini çıxarıbmı? Əlbəttə ki, xeyr! Mənim bir milyondan çox sakinim qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, torpaqlarım işğal altındadır. Axı Milli Şura nə üçün bunlara səsini çıxartmır? Niyə mitinqlərində bu məsələləri qaldırmır? Niyə Milli Şura Ermənistana dəstək verən ölkələrin səfirlikləri qarşısında mitinq keçirmir? Ona görə də hesab edirəm ki, bu cür mitinqlərin keçirilməsi Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına xidmət edir. Hətta, şübhələr də var ki, Milli Şuranın bu cür mitinqləri xaricdə Azərbaycanı istəməyən qüvvvələrin maliyyə dəstəyi ilə həyata keçirilir”.
M.Urud Milli Şuranı mitinq yerinə, gələn il nəzərdə tutulan prezident seçkilərinə hazırlaşmağa çağırıb:
“Gələn il seçki ilidir. Normalda siyasi partiyalar seçkilərə hazırlaşmalı və normal iş aparmalıdır. Milli Şura isə yaxın və qohumları, 5-10 nəfəri hər həftə stadiona toplamaqla məşğul olur. Axı niyə insanların həftə sonu istirahət etməsinə imkan vermirsiniz? Bu mənada Milli Şura öz-özünü ifşa etmiş və nüfuzdan düşmüş təşkilat olduğunu bir daha ortaya qoyur”.
Bir qrup şəxsin Milli Şuranın mitinqində terror aktı törətmək planlarına da toxunan deputat Milli Şuranın bu cür planların həyata keçirilməsinə rəvac verdiyini söyləyib:
“Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən, terror aktları törətmək istəyən qüvvələrə Milli Şura bir növ imkan yaradır, dəstək və işarə verir. Bəlkə də terrorçuların əllərinə fürsət verirlər ki, filan vaxtı filan yerdə camaat toplanacaq və orada iqtidardan narazı şəxslər olacaq və sairə. Təbii ki, xarici qüvvələr terror törətmək niyyətinə düşə bilər, sabitliyi də pozmağa çalışa bilər. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıqdır, bu cür halların qarşısını da dərhal ala bilir. Bütövlükdə, mən bu cür mitinqləri əhəmiyyətsiz hesab edirəm. Çünki Azərbaycanda xalqın mütləq əksəriyyəti cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Xalq bütün bunları görür. Xalq hər bir çətinlikləri də görür, xalq çox ayıqdır. Yəni, xalqı aldatmaq olmaz. Milli Şura kimi xalqı boş vədlərlə aldatmaq və yolundan döndərmək mümkün deyil. Ola bilər ki, zaman-zaman bir qrup adam yalan vədlərə aldanıb, inanıb gedərlər. Amma bütövlükdə xalq Azərbaycan Prezidentini dəstəkləyir. Bütün seçkilərdə də bu dəstəyi ortaya qoyurlar. Milli Şura yaxşı olar ki, mitinqlərə sərf etdiyi vaxtları daha yaradıcı və faydalı işlərlə əvəz etsin, respublikada gedən uğurlu dövlət işlərinə dəstək versinlər. Bu zaman onları dəstəkləyən insanların da sayı artar”.