“ƏVƏZSİZ, MÖHTƏŞƏM BİR XANIM İDİ…” – Novella Cəfəroğlu Elçibəyin xanımı haqda

Baxış sayı:
682

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkəmizin ən təcrübəli hüquq müdafiəçisi Novella Cəfəroğlu eks-prezident Əbülfəz Elçibəyin ailəsi, bügünlərdə vəfat edən xanımı Həlimə Əliyeva ilə bağlı xatirələrini “AzPolitika.info”-ya danışıb.

Elçibəy ailəsinin yaxın dostu olmuş Novella xanımla müsahibəni təqdim edirik:

- Novella xanım, mərhum eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva vəfatından sonra mətbuatın diqqətini bir daha üzərinə çəkdi. Sizin Elçibəy ailəsi ilə tanışlığınız az qala 1960-cı illərə gedib çıxır. Mətbuat üçün son dərəcə qapalı olan Həlimə xanımla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…

– Azərbaycanda Həlimə xanımdan möhtəşəm qadın tanımıram. Birincisi, çox mədəni və nüfuzlu bir ailənin övladı idi. Mirbaba Ağanın ailəsində doğulmuşdu, yəni seyid nəslindən idi. Mən Kələkidə Geologiya İdarəsində işləyəndən bu ailəni tanıyıram. Təsəvvür edin ki, bizim idarədə fəhlələrlə nə narazılıq olurdusa, məni göndərirdilər Mirbaba Ağanın yanına. Mirbaba Ağa da hər zaman deyərdi ki, gəlmisənsə, gedək narazılığı aradan qaldıraq, işləri düzəldək. Ordubadda Mirbaba Ağanın çox böyük hörməti vardı, Kələki daxil olmaqla, ətraf kəndlərdə onun dediyi az qala qərar hesab olunurdu. Belə bir kişinin qızı da, atasına layiqli övlad idi. Ağzıgöyçəklər çox şeylər yaza bilər. Birincisi, Həlimə xanım öz evində birinci xanım idi. Gözəl övladlar yetişdirdi. Həlimə xanım Əbülfəz Elçibəylə bərabər duran, adı çəkiləcək, hörmətlə yad ediləcək zərif xanımdır. Yəni Əbülfəz Elçibəydən heç bir qramda aşağı durmur. Əbülfəz Elçibəyin işləməsi, ortaya çıxması, rahat addımlar atması, risklərə getməsi, xalqına yanması məhz Həlimə xanımın sayəsində mümkün olub. Çünki Əbülfəz bəy bilirdi ki, evində uşaqları toxdur və evə gələn qonağın qarşısına qoymaq üçün bir parça çörək tapılacaq.

Mən Əbülfəz bəyin evində çox olmuşam, bir çox şeyləri də görmüşəm. İndi durub danışmaq asandır. Əbülfəz bəyin evinə bir qrup qonaq gəlirdi, bir qrupu gedirdi. Hər gün gecə saat 2-3-ə qədər bu təkrarlanırdı. Bu gələnlərin qarşısına çay qoymaq, yemək vermək bu xanımın öhdəsində idi. Əslində böyük lider olan şəxsin evində belə xanımı olmalıdır. Mən bu illər ərzində bu xanımdan bir dəfə narazılıq görmədim. Bu xanım bir dəfə Elçibəyə demədi ki, insanın bu qədər qonağı olmaz. Mən ömrümdə bu xanımın səsini ucaltdığını eşitməmişdim. Qonağın üzünə hər zaman qapısını təbəssümlə açırdı. Əvəzsiz bir xanım idi və vəfatı məndə böyük bir boşluq yaradıb.

helime

- Doğurdanmı Əbülfəz Elçibəy heç vaxt xanımının ortaya çıxmasını, siyasətin işində olmasını arzu etməyib, yoxsa görünməmək Həlimə xanımın öz qərarı idi?

– Böyük liderin xanımı əgər ictimai-siyasi fəaliyyətlə məşğul deyilsə, daima mətbuatda və ya televiziyalarda görünməsi doğru deyil. Həlimə xanım ev xanımı idi, amma bütün siyasət onun gözünün önündə baş verirdi. Necə deyirlər ki, bu xanım siyasətdə yox idi? Minlərlə insan Elçibəyin evində siyasətdən danışır, müzakirələr aparırdı. Həlimə xanım siyasətin mərkəzində idi, nələrin baş verdiyini, yaşandığını çox gözəl bilirdi. Siyasətə müdaxilə etməmək başqa şeydir, siyasətin içində olmaq başqa. Həlimə xanım siyasətin içində olsa da, siyasətə müdaxilə etmirdi. Əbülfəz Elçibəy vəfat etdikdən sonra Həlimə xanım nə qədər böyük ürək sahibi, geniş düşüncəyə malik olduğunu özünü necə aparması ilə ortaya qoydu. Bir dəfə onun narazılıq etməsini, kimdənsə pul istəməsini gördünüzmü? Çox cüzi pulla yaşayan bir xanım idi. Onun necə bir möhtəşəm xanım olduğunu bilmək üçün sizə bir əhvalatı danışım: mən şəxsən evinə getdim və dedim ki, Əbülfəz bəyə eks-prezident statusu vermirlər, amma pul verirlər, istəyirsənsə götür. Mənə dedi ki, yox, Əbülfəz Elçibəy eks-prezident statusu almasa, bizə heç nə lazım deyil. Yəni verilən puldan imtina etdi. Həlimə belə xanım idi. Dedi ki, mənə pul vacib deyil, Elçibəyə eks-prezident statusu verilməsi vacibdir. Mən sizə çox güclü, dəyanətli və dəyərli bir türk xanımı haqqında danışıram.

- Əbülfəz Elçibəy pis-yaxşı bir il ərzində prezidentlik etdi. Amma Həlimə xanımın bu müddətdə birinci xanım statusundan yararlandığı xatırlanmır…

-Bəyəm o dövrdə birinci xanım statusu var idi? Prezident statusu vardımı ki, birinci xanım statusu da olsun? Bilirsinizmi, bəzən kimlərsə nəsə yazıb ortaya atır, fikir dartışması yaradır. Amma əslində heç bir məlumatı belə yoxdur. O zaman biz Türkiyəyə səfərə getmişdik. Əbülfəz Elçibəy Turqut Özalın yanında durmuşdu. Normalda Əbülfəz bəydən sonra baş nazir, nazirlər, hökumət üzvləri getməli, arxasınca biz hərəkət etməli idik. Əbülfəz bəy dedi ki, birinci xanımlar getsin. Biz gedirik və Turqut Özal deyir ki, bu xanımlar nazirdirlər?… Biz o vaxt heç bu prosedurları bilmirdik. Dövlət yeni qurulurdu, ənənələr təzə yaranırdı.

- Əbülfəz Elçibəy rəhmətə getdikdən sonrakı 19 il ərzində Həlimə xanım mətbuata belə çıxmadı, jurnalistlərlə görüşüb fikrini demədi, suallara cavab vermədi. Sizcə niyə?

– Bir daha qeyd edim ki, Həlimə xanım siyasətdə olan qadın idi, amma siyasətə müdaxilə etmək, özünü tanıtdırmaq istəmirdi. Onun evində Azərbaycanın ən məşhur siyasətçiləri qonaq olub, saatlarla müzakirələr aparmışdı. Belə bir xanım necə siyasətin içində olmaya bilərdi? Əbülfəz bəydən sonra da biz onun evinə gedirdik, halını soruşurduq. O, çox möhtəşəm xanım idi. Narazılıq etdiyini, gileyləndiyini heç görmədik. Onun ailədə aldığı tərbiyyəni əslində biz heç birimiz almamışıq. Görün mən sizə hansı bir xanım haqqında fikirlərimi deyirəm.

İkincisi, sizə çoxlu sayda misallar göstərə bilərəm ki, qadın siyasətdə olsa da, həyat yoldaşı siyasətə girmir. Eləcədə onlarla dünyanın məşhur kişi siyasətçisi, lideri var ki, xanımı siyasətdə görünmür, çıxış etmirlər. Bunlar normal şeylərdir. Ancaq Əbülfəz bəyin ailəsində olmaq və siyasətdə olmamaq sadəcə mümkün deyildi.
Onu deyə bilərəm ki, Həlimə xanım Kələki dövründə də daima Əbülfəz Elçibəylə birlikdə olub və o ağır günlərdə Kələkidə yaşayıb. Həlimə xanım “dekabrist” idi. Xatırlayırsınızsa, Rusiyadakı “dekabristlərin” arxasınca hər yerə xanımları da getdiyi kimi, Həlimə xanımla Əbülfəz bəy də bir-birinə bu qədər bağlı idilər. İndi kimlərsə nələrsə deyə bilərlər, amma baş verənlər bizim gözümüzün önündə olub. Onlar bir-birini tamamlayırdı.

elcibeyort-esas (1)

- Ancaq qəribədir ki, Əbülfəz bəy Prezident seçildikdən sonra iqamətgahda tək yaşayıb…

– Bunu deyənlərin nəyə əsaslandığını mən dəqiq bilmirəm. Əvvəla, sizə deyim ki, onlar o zaman hökumət bağında yaşayırdı. Uşaqlar da biz tərəfdə dərsə gedib-gəlirdi. Sonra dedilər ki, biz bağda darıxırıq. Odur ki, qayıdıb gəldilər Almurad ağanın evinə . Bəy özü iqamətgahda siz deyən o qədər çox da qalmadı.

- Sürət Hüseynov internetdə yayılmış son səs yazısında sizin də müdafiə etdiyiniz hakimiyyəti təhqir edib. Buna münasibətiniz necədir?

– Mən Surətin əli-qolu açıq şəkildə gəzməsinə qarşıyam və bunu əsla həzm edə bilmirəm. Bu adam qvardiyanın silahsız uşaqlarını avtobusa doldurub gülləbaran edib. Bunu ona əsla bağışlamaq olmaz və bağışlamıram da. Surət kimdir ki, mən onun dediklərinə şərh verim?

- Necə yəni Surət kimdir, sizin hakimiyyəti devirən şəxsdir…

– Bizim hakimiyyəti devirən Surət kimi adamlar deyildi. Hamımız siyasətdəyik, dövrü, şərtləri, situasiyanı yaxşı bilirik. Elçibəyi devirən böyük dövlətlər və güc mərkəzləri idi. Bunu da hamıda bilir. Surət kim idi ki, bizim hökuməti devirsin? Surəti idarə edən Qraçov və digər şəxslər idi. Qarabağı da bizdən alanların kim olduğu, bunu verənlərin kimliyi də bəllidir. Qorbaçovun vaxtından Qarabağ bizdən getmişdi. Qorbaçovun xanımına qızıl kəmər hədiyyə olunmuşdu, Qraçovun xanımına brilliant üzük verilmişdi. Bunların hesabına Qarabağ bizdən getdi. Daha Qarabağı iqtidar verib, müxalifət verib dartışması əsassızdır. Heç kəs torpağını verməyib, ruslar alıb.

- Əbülfəz bəyin xanımının yas və dəfn xərclərini Birinci vitse-prezident üzərinə götürdü. Bu proseslərdə sizin fəaliyyətiniz olubmu?

-Mən sizə deyim ki, çox adamın iştirakı olub. Əbülfəz bəyin xanımının Bakıdan Naxçıvana layiqli formada aparılması, dəfninin, yas mərasiminin təşkilinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu böyük və gözəl addım idi.
Biz də zəng etmişik, fikrimizi demişik. Onlar da əlindən gələni ediblər. Hamısı sağ olsun.

- Bu məsələ haqqında kiminlə danışmışdınız?

– Mən Prezidentin köməkçisi Əli Həsənova zəng etmişdim, onunla danışdım. Əli müəllim də yuxarıya demişdi. Sağ olsunlar.