​Vurulan Rusiya təyyarəsinin ikinci pilotu xilas edildi

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriya ilə sərhəddə vurduğu Rusiya bombardmançısının ikinci pilotunun xilas edildiyinə dair məlumat yayılıb.
 
Virtualaz.org xəbər verir ki, Livanın "Əl-Mayadeen" telekanalı Su-24 bombardmançısının ikinci pilotusunun Suriya xüsusi təyinatlı qüvvələri tərəfindən xilas olunduğunu xəbər verib. Lakin məlumat hələlik rəsmi qaynaqlardan təsdiq edilməyib.
 
Məlumatda deyildiyinə görə, 6 saatlıq axtarışlardan sonra pilotla rabitə yaradılıb. Bundan sonra iki saat ərzində Suriya qüvvələri pilotu üsyançıların nəzarətində olan ərazidən çıxara biliblər. Hazırda pilotun Suriyadakı Rusiya aviabazasında təhlükəsiz şəraitdə olduğu bildirilir.
 
Xatırladaq ki, təyyarənin ikinci pilotu türkmən silahlıları tərəfindən havada güllələnib. Həmçinin pilotların axtarışı əməliyyatına cəlb edilmiş iki Rusiya vertolyotundan biri atəşə tutulduqdan sonra məcburi eniş edib, bu zaman bir Rusiya dəniz piyadası həlak olub. Vertolyotdakı qalan hərbçilər evakuasiya edilib.
 
Rusiyanın Fransadakı səfiri isə ikinci pilotun xilas edildiyini təsdiqləyib.