Vətəndaşların ən çox aldadıldığı yerlər..

Vətəndaşları ən çox taksi sürücüləri, çoxmərtəbəli binalar inşa etmiş sahibkarlar, avtomobillərin ehtiyat hissələrinin alğı-satqısı ilə məşğul olan şəxslər aldadır.
 
Bu barədə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, tikinti sektorunda vətəndaşların aldadılması faktına daha çox rast gəlinir:
"İşıq, qaz və su sayğaclarının satılması ilə bağlı da aldatma halları var. Ölkə prezidentinin 2009-cu ildə imzaladığı fərmana görə, kommunal xidmətlərin sayğacları istehlakçılara təmənnasız verilməlidir. Lakin çoxmərtəbəli binaların sahibkarları olan MMC-lər buna riayət etməyərək, sayğacları istehlakçılara ikiqat qiymətə satırlar”.
E.Hüseynovun sözlərinə görə, vətəndaşların kupçası olmayan binalarda yerləşdirilməsilə də kütləvi aldatmalar gerçəkləşdirilir:
"Nəticədə həmin vətəndaşlar uzun müddət kupça əldə edə bilmirlər. Üçüncü belə hal çoxmərtəbəli binalarda divarların yaşayış sahəsi kimi vətəndaşlara satılmasıdır. Müvafiq qanunvericiliyə görə, yaşayış sahəsini hesablamaq üçün divarların iç perimetri ölçülməlidir. Həmin yer yaşayış sahəsinə aid edilmir. Lakin divarlar da yaşayış sahəsi kimi vətəndaşlara yüksək qiymətə satılır. Bundan başqa, çoxmərtəbəli binalarda birmənalı olaraq alınan külli miqdarda pul müqabilində vətəndaşlara rəsmi kassa qəbzi yox, saxta qəbz verirlər”.
Eyyub Hüseynov taksi sürücülərindən də onlara şikayətlər daxil olduğunu bildirir./modern.az