Vətəndaşın torpağını zəbt edib, orada villa tikdi – HAKİM İSƏ ONU “HAQLI” ÇIXARDI – ŞOK FAKTLAR

"Dövlət iki halda sarsıla bilər, cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə"
Heydər Əliyev

 
Göyçay rayon Qaraxıdır kənd sakini Zamanova Radə Emin qızı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mülkiyyət hüququ, yəni mülkiyyətinin dövlət tərəfindən tanınmasını təsdiq edən ÇIXARIŞ ƏLDƏ EDİR. Sonra xanımın qanuni mülkiyyətində olan torpağını qanunsuz olaraq özbaşına zəbt edərək VİİLA ucaltmış Göyçay rayon sakini Ömərov Vüqar Muxtar oğlu adlı şəxs əlində heç bir hüquqi əsası olmadan, saxta bələdiyyə qərarı ilə əlində mülkiyyət hüququnu təsdiq edən Çıxarışı olan vətəndaşın çıxarışının ləğv edilməsi barədə Şəki İnzibati İqtisadi Məhkəməsinə müraciət edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidov heç bir araşdırma aparmadan bircə iclasda 10 dəqiqənin içində Zamanova Radə Emin qızının çıxarışını ləğv edir. Əsası da bu olur ki, guya "MƏHKƏMƏ ARAŞDIRMASI" ZAMANI MƏLUM OLMUŞDUR Kİ, 2007-ci ilin mart ayının 10-da 06 nömrəli protokol qərarı ilə Göyçay rayonunun Potu Bələdiyyəsi 11 sot torpaq sahəsini Bakı şəhər sakini Məlikova Esmira Bayram qızı adlı şəxsə satmış və həmin torpaq sahəsi Zamanova Radə Emin qızının 2008-Cİ İLDƏ NOTARİAT QAYDASINDA DİGƏR ŞƏXSDƏN ALDIĞI VƏ 2015-Cİ İLDƏ QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ QƏTNAMƏSİ İLƏ MÜLKİYYƏT HÜQUQU ƏLDƏ ETDİYİ GÖYÇAY RAYONUNUN POTU KƏNDİ ƏRAZİSİNDƏ YERLƏŞƏN 11 SOT TORPAQ SAHƏSİ İLƏ ÜST-ÜSTƏ DÜŞDÜYÜNDƏN Zamanova Radə Emin qızının mülkiyyət hüququ ləğv edilməlidir. Əcəb məntiqdir, deyilmi?
Fikir verin; qeyd etdiyim kimi, Zamanova Radə Emin qızı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə edir, amma heç bir mülkiyyət hüququ qanunla tanınmayan, təkcə bir bələdiyyə qərarı olan, (onun da kökünün olub olmaması araşdırılmadan) Məlikova Esmira Bayram qızının adından çıxış edən Ömərov Vüqar Muxtar oğlunun (əslində heç Esmira Məlikovanın bu məhkəmə işindən qətiyyən xəbəri yoxdur) iddiası hakim Rüfət Məcidovda güclü daxili inam yaratmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidov onda yaranan daxili inam əsasında hesab edir ki, Zamanova Radə Emin qızının qanuni mülkiyyətində olan torpağını qanunsuz olaraq zəbt etmiş və zəbt olunmuş torpaqda VİLLA ucaltmış Ömərov Vüqar Muxtar oğlunun iddiası mümkün iddia olmaqla, əsaslıdır. Görəsən hakim Rüfət Məcidovda bu qədər daxili inam hardan yarandı? Cavab çox sadədir; Vüqar Ömərovla, hakim Rüfət Məcidovun gizli sövdələşməsi. Bizdə də güclü daxili inam yaranıb ki, "HUNDAY LAN QRUZER" markalı 22 BA 222 DÖVLƏT QEYDİYYAT NİŞANLI ŞƏXSİ MİNİK AVTOMABİLİNƏ HAKİM RÜFƏT MƏCİDOV SAHİB ÇIXA BİLMƏZDİ !!! Hamıya gün kimi aydındır ki, bu cür maşın nömrəsi 10.000 manatdan yuxarıdır ki, aşağı deyil. Biz məhkəmə iclasında hakim Rüfət Məcidova “hansı məhkəmə araşdırması apardınız ki, belə qərar çıxardınız” sualını verəndə çıxardığı qərara uyğun cavab eşitdik; “neyliyək, kişi orda o qədər xərc çəkib ev tikib, onu sökdürməyəcəyik ki...”
“Bəs bu tərəf də pul verib torpaq alıb, onun pulunu kim qaytarsın” sualına məni o qədər də təəccübləndirməyən cavab aldım: “Siz də gedin torpağı kimdən almısınız pulunuzu ondan alın”. Belə yerdə yadıma Mirzə Fətəli Axundzadənin " SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKARAN" komediyası düşdü: Biri daş atır həmkənlisinin atının gözünü çıxardır, gözü çıxmış atın sahibi xana şikayət edir. Məsələni "ƏDALƏTLİ" həll edən xan gözü çıxmış atın sahibinə deyir ki, "O SƏNİN ATININ VURUB GÖZÜNÜ ÇIXARDIB, SƏN DƏ GET ONUN ATININ GÖZÜNÜ ÇIXART".
Bildirirəm ki, Radə Zamanova qanuni mülkiyyətində olan torpağı qanunsuz zəbt edərək yerində möhtəşəm villa ucaltmış Vüqar Ömərova qarşı Göyçay rayon Məhkəməsində "Xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdeh Ömərov Vüqar Muxtar oğlunun qanunsuz tikilisinin sökülməsi, onun həmin ərazidən çıxarılması və mülkiyyət hüququmun bərpa edilməsi" tələbi ilə iddia qaldırmış, Göyçay Rayon Məhkəməsi (hakim F.Əfəndiyevin sədrliyi ilə) 14 oktyabr 2016-cı ildə iddiaçı Zamanova Radə Emin qızının iddiasını təmin edərək 2(046)-257/2016 saylı qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh Ömərov Vüqar Muxtar oğlu apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimVidadi Qasımovun sədrliyi və məruzəsi ilə) 28 fevral 2017-ci il tarixdə cavabdeh Vüqar Ömərovun apellyasiya şikayətinin təmin edilməməsi və Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(107)-392/2017 saylı qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən narzı qalan Vüqar Ömərov Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidovun belə tələm-tələsik qərar çıxartmasının əsas səbəbi isə işə Ali Məhkəmədə kassasiya qaydasında baxılarkən vətəndaşın torpağını qanunsuz zəbt edərək yerində VİLLA ucaltmış Vüqar Ömərovun əlində hansısa bir əsas olsun.
Bizə isə Hakim Rüfət Məcidova dövlətin adından çıxardığı qanunsuz və ədalətsiz qərarla bağlı aşağıdakıları xatırlatmaq qalır:
1. Heydər Əliyev deyib: "Dövlət iki halda sarsıla bilər cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə“ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1336-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi aşağıdakı redaksiyada verilsin;
Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
Maddə 188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma-
Səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma
–Bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda sadalanan Qanunların məzmunundan da görünür ki, mülkiyyətin bütün növləri Qanunla dövlət tərəfindən qorunur. Dövlət başçısının torpaq üzərində mülkiyyət hüququnun pozulmasına dair sərəncamında isə mülkiyyətə qanunsuz müdaxilə böyük məbləğdə cərimə və azadlıqdan məhrumetmə iləəzalandırılmağı tələb edir. Göründüyü kimi, Dövlət başçısı da mülkiyyət hüququ olmadan torpaq sahəsini özbaşına zəbt edənlərə qarşı sərt tədbirlər tətbiq etməsinə baxmayaraq xüsusi mülkiyyətimi özbaşına zəbt etməklə yanaşı zəbt etdiyi torpaqda qanunsuz tikili aparan Ömərov Vüqar Muxtar oğluna haqq qazandıran Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi cənab Rüfət Məcidov dövlətin adından çıxardığı qərarı maddi maraqları üzərində qəbul etməklə dövlətin heç bir qanununa məhəl qoymamışdır.
 
İlqar Məhərrəmli,
Hüquq müdafiəçisi