“Vətəndaşa deyirlər ki, “Porsche”, “Ceep” bizimdir, siz eşşək arabası sürün” – ƏLİZADƏ NƏHMƏDAĞAOĞLU YAZIR

Baxış sayı:
1327

Azərbaycanın bölgələrində, xüsusilə cənub bölgəsi və mərkəzi Aran rayonlarının kücələrində Gürcüstan nömrəsində şütüyən avtomobillərin sayı günü-gündən artır. Həmçinin, Rusiya nömrəsilə maşın sürən avtomobillərlə də tez-tez qarşılaşırıq. Taksi sürücüsü işləyən bir gənc tanışım işsizlikdən bu sahədə çalışmaqla məşquldur. Mənə maraqlı idi ki, bəzi taksi sürücüləri niyə Gürcüstan nömrəli maşınlar idarə edir? Yanvar ayının əvvəlində bunun səbəbini soruşanda belə cavab verdi: “Müəllim, “rastomaşka” etdirməyə gücümüz catmır”.
Səbəbini təxminən bilirəm. Amma dəyərli oxucularımıza daha təfərrüatı ilə məlumat vermək üçün tanışımdan maşını hansı səbəbdən ölkədə qeydiyyatdan keçirmədiyini soruşmağı ərinmədim. Cavab belə oldu: “Bu maşın Gürcüstanda 5 min dollara almışam. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən “rastomoşka” maşının qiymətinə başa gəlir. Mənim isə o qədər pulu verməyə gücüm catmır”.
Onun sözlərini başımla təsdiqləməkdən başqa çarəm qalmadı. Tanışım isə mənə ümid yeri kimi baxdığı üçün söhbətinə ara vermək niyyətində deyildi: “Müəllim, siz həmişə xalqın sözünü demisiz.  Bir dəfə də bizim dərdimizi dilə gətirin. Başımıza “it oyunu” açırlar. Hər 3 aydan bir Gürcüstan sərhədini keçib, təkrar geri qayıdıram. Hər dəfə 200-300 manat xərcim çıxır. Mənim kimi minlərlə adam var. Ömrümüz yollarda keçir”.
Biz mənzil başına çatsaq da, taksi sürücüsü pulunu alıb getmək istəmədi. Mən onun nəsə demək istədiyini anladığım üçün səbrimi basmalı oldum. Sağ olsun, cox gözlətmədi: “Deyirlər ki, bu ildən xarici maşınlara nəzarət güclənəcək. Ola bilsin ki, Azərbaycanda 90 gün qalan xarici maşının ikinci dəfə ölkəyə buraxılmasına icazə verilməsin. Hansı ki, qanun buna heç bir məhduyyət qoymur. Əgər qanun mənim öz avtomobilimlə hər gün 90 gündən bir sərhədi keçib, təkrar ölkəyə qayıtmağıma icazə verirsə, mənə necə nəzarət edəcəklər? Umumiyyətlə, bunun mexanizmi varmı? Deyirlər ki, bu da kasıb üçün qurulmuş tələdir. Hər şey pulun boynundadır”.
Burda kiçik bir haşiyə çıxmaq istəyirəm. Tiflis küçələrində Almaniya, Yaponiya, Cənubu Koreya istehsal olan bahalı maşınların sürülməsi həmişə diqqətimi çəkib. Kasıb gürcülərin Azərbaycanda “od qiymətinə” satılan bu cür bahalı maşınları necə aldıqları ilə maraqlananda, belə demişlər: “Gürcülər bu maşınları yerində çox ucuz qiymətə alırlar, öz ölkəsində isə qəpik-quruşa “rastamoşka” elətdirib, keflərini çəkirlər. Azərbaycanda isə gömrük rusumları o qədər yüksəkdir ki, orta təbəqənin bahalı maşın sürməsi faktiki mümkün deyil. Dolaysı yolla camaata deyirlər ki, “Porsche”, “Ceep” bizimdir, siz eşşək arabası sürün...”
Bakı-Gürcüstan yolunda əsir-yesir olan həmin o minlərlə sürücü Azərbaycan vətəndaşıdır, bu ölkənin gerçək sahibidirlər. Onlara bu zülmü yaşatmağa heç kimin ixtiyarı yoxdu.
Bəli, Azərbaycanda gömrük rüsumu çox yüksəkdir. Qiyməti 5 min dollar olan maşın üçün 8 min manat rusum ödəməyi hansı “ağıllı” müəyynləşdirib? Niyə bizim ölkədə  gömrük rusumu Gürcüstan,  Ermənistandan beş dəfə yüksək olmalıdır? Bunun adı soyğunculuq deyilmi?
Vətəndaşa pul kisəsi kimi baxan adamların özlərinin işinə baxmaq lazımdır.

Əlizadə NƏHMƏDAĞAOĞLU