Vətənə xəyanətdə ittiham olunan daha bir zabit bəraət aldı - İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLDÜYÜ İDDİA OLUNURDU... / FOTOLAR

Baxış sayı:
15449

Casus kimi tutularaq istintaq altında müəmmalı şəkildə ölən Azərbaycan ordusunun zabitlərindən biri, peşəkar tankçı, leytenant Elçin Mirzəliyev prokurorluq tərəfindən günahsız olduğu bildirilib. Bu haqda öldürülən hərbçinin həyat yoldaşı Günay Mirzəliyeva açıqlamasında bildirib. Onun sözlərinə görə, Elçin Mirzəyev 2016-cı ildə aprel döyüşləri zamanı yaralanıb. “Onu hərbi hospitala aparmaq istəsələr də, getməyib və döyüşü davam etdirib. Ondan sonra onun fədəkarlığı və vətənpərvərliyini yüksək qiymətləndirən rəhbərlik Elçini Bakıya kursa göndərir və rütbəsini artırırlar. Hətta daha yüksək vəzifəyə təyin etmək üçün sənədlərini hazırlayırlar. Amma gözlənilmədən 2017-ci ildə keçirilmiş “casus əməliyyatı”nın qurbanlarından olur. Xain kimi işgəncə verilərək öldürülür, amma sonra bəraət alır”. Mərhum zabitin həyat yoldaşı criminal.az saytına danışır ki, Elçini 2017-ci i mayın 7-də xidmət etdiyi “N” saylı hərbi hissədən ailəsində heç kimə xəbər etmədən aparıblar: “Mən mayın 10-da xəbər tutmuşam. Telefonuna zəng çatmırdı, elə bildim təlimə gedib. Sonra bildim ki, tutublar, hətta öldüyünü də deyirdilər. Amma inana bilmirdim. Eşitdim ki, mayın 7-də heç bir səbəb göstərmədən qolunu bağlayıb, başına torba keçirib əvvəl Marquşavana, oradan isə Tərtərdə yerləşən Müdafiə Nazirliyinə məxsus köhnə qərərgah binasına aparıblar”. G.Mirzəyevanın sözlərinə görə, yoldaşının aparıldığı binada korpusun hüquqşünası, mayor Fuad Ağayevin rəhbərlik etdiyi qrup tərəfindən sorğu-suala çəkilir, ağır işgəncələrə məruz qalır. “Onu məcbur edirlər ki, erməni tərəfə işlədiyini və tankını düşmənə satdığına dair ifadələrə qol çəksin. Sonradan bildik ki, onların Elçindən istədikləri tank yox, əl boyda dəmir parçasıdır və sonradan hərbi hissədə tapıldı”. Həyat yoldaşı bildirib ki, zabiti əvvəlcə təpik, şillə, yumruqla vurublar, sonra taxta parçası və dəmir çubuqla döyüblər: “Amma Elçin heç bir sənədə imza atmayıb və bildirib ki, belə bir şey olmayıb. “Mən ölərəm, vətənə xəyanət etmərəm, belə biabırçılığı qəbul etmərəm” deyib. Daha sonra ona elektroşok veriblər. Başını suya salıb boğublar. Bu variant da alınmayanda onun dırnaqlarını çəkib həmin hissədən toka veriblər”. G.Mirzəyeva deyib ki, işgəncənin təsirindən Elçin 2 dəfə özündən gedib, həkim çağırmağa və tibbi yardım göstərilməsinə isə icazə verilməyib. “Üstünə su töküb ayıldıblar. İşgəncəni davam etdirib ona qarşı insan ləyaqətini alçaldan, xüsusi qəddarlıq və amansızlıqlar ediblər. Elçin bu dəfə komaya düşür və ayılmır. Mayın 25-də isə Hərbi Hospitalda vəfat edir…” Məhkəmə qərarından bir hissə Zabitin xanımının dedikləri məhkəmə sənədlərində də öz əksini tapıb. Məhkəmə sənədindən sitat: “Günün müxtəlif vaxtlarında, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini, ayaqlarını, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağladıqları Elçin Mirzəliyevin bədənin müxtəlif nahiyələrinə yumruq, şillə, təpiklə, plastik boru və küt alətlərlə çoxsaylı zərbələr vurublar. Onu üzü üstə uzadıb tərpənməməsi üçün qollarını və ayaqlarını tutub başını vannadakı suyun içərisinə salıb bir neçə saniyə salamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdiriblər. Daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsilə naqilləri bədəninin müxtəlif nahiyələrinə birləşdirərək bədəninə bir neçə dəfə elektrik cərəyanı veriblər. Mirzəliyev erməni ilə əməkdaşlıq etməsini təkzib etdiyindən Mərhəmət Rəcəblini onun olduğu otağa gətiriblər. Rəcəbli ona verilmiş işgəncənin təsiri altında Mirzəliyevin ona qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin təşkil edilməsini bildirib. Elçin Mirzəliyev onun dediklərini təkzib etdiyindən eyni qaydada işgəncə verilib”. Mərhum zabitin anası Şamama Mirzəliyeva açıqlamasında bildirib ki, Elçinin başına gətirilən işgəncə və ölümü ailəsi üçün son olmayıb. Bundan sonra ailəsinə qarşı mənəvi təzyiq davam edib. Şamama Mirzəyeva “Balamın meyitinə də həsrət qoydular” “Elçin tək oğul övladım idi. Dörd bacını tək qardaşı idi, onu da əlimdən aldılar. Balamın meyidinə də həsrət qoydular. Tabutuna toxunmağı də çox gördülər. Mayın 26-da sellofana bükülmüş halda gətiririb basdırdılar. Üzünü belə göstərmədilər. Hər tərəf silahlılarla dolu idi. Mollaya hədə-qorxu gəldilər ki, Elçin xaindi, ona cənazə namazı belə qılmayın”. Öldürülən hərbçisinin anasının sözlərinə görə, yas keçirməyə də, insanların başsağlığına gəlməyə də qoymayıblar. “Mənə xain anası, gəlinimə xain arvadı, nəvəmə xain balası dedilər” “Mənə xain anası dedilər. Gəlinimə xain arvadı, nəvəmə xain balası dedilər. Gözüm yolda qalıb. İndi qapı açılacaq, Elçinim qayıdıb gələcək. Ümid yerim idi. Balama qıyanların anası aralıqda qalsın. Elçinim lay lay, Elçinim lay-lay…”. Ana deyir ki, oğlu həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb, ön cəbhədə xidmətə başlayıb. “Kiçik vəzifədən məsul vəzifəyə və leytenant rütbəsinə layiq görülüb. Tank bölüyünün komandiri idi. Nümunəvi və qüsursuz xidmətinə görə, Müdafiə Nazirliyi tərəfindən müxtəlif orden və medallarla, diplomlarla təltif edilib”. Mərhum zabitin xanımı xain damğasının ailəsinə çəkdirdiyi iztirabı belə nəql edir: “Bir ilə yaxın xain ailəsi kimi hamı bizdən üz döndərdi. Qızımla nə əzablar çəkdim, dilə gətiriləsi deyil. Ötən ilin martında Elçinin bəraət kağızı gəldi. Elçini günahsız öldürüldüyü üzə çıxdı”. Bəraət hökmündə nələr yazılır? Hər kəsin üz döndərdiyi Mirzəyevlər ailəsi yalnız onun ölümündən 1 ilə yaxın zaman keçəndən sonra ətraflarındakı insanları Elçin Mirzəyevin vətən xaini olmadığını inandıra biləcək qərar əldə edə biliblər. 15 mart 2018-ci ildə Hərbi Prokurorluq Günay Mirzəyevaya həyat yoldaşının günahsız olması ilə bağlı qərarı göndərib. Qərarda deyilir ki, istintaqı aparılmış cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, mərhum Mirzəliyev Elçin Qulu oğlunun Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə bəraətverici əsasla, Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci (cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən 14 mart 2018-cü il tarixli qərarla xitam verilmişdir. “Elçinin ölümündə iştirak edənlərin böyük hissəsi azadlıqdadır” G.Mirzəliyeva bildirir ki, həyat yoldaşı bəraət alsa da, cinayətkarların bəzisi həbs olunsa da, bu onların yarasını sağaltmayıb: “Elçinin ölümündə iştirak edənlərin böyük hissəsi azadlıqdadır. Yalnız bir neçə nəfərə 6 il cəza veriblər. Yoldaşımın ölümünün əsas səbəbkarı Fuad Ağayev isə 10 il həbs cəzası ilə canını qurtarıb. Elçinin ölümü ilə ailəmiz başsız, qızım isə atasız qalıb. Övladım ağır xəstədir, müalicə etdirməyə imkan yoxdur”. Həyat yoldaşının sözlərinə görə, onlara Elçini öldürənlərlə sülhə gəlmək də təklif olunur. “Amma mən Elçinə görə sona kimi mübarizə aparacam. Necə olur ki, vətən uğrunda canından keçməyə hazır olan zabiti işgəncə ilə öldürürlər? O, vətən uğrunda şəhid oldu. Ona şəhid statusu verilməlidir. Elçini öldürənləri bağışlamayacam. Qatillərə ömürlük cəza istəyirəm”./abzas.org