Vətən bizə oğul dedi... Bəs biz?

“Ellərə gülən canım – indi olub el gülüncü”

Mövzu ağır, proses mürəkkəb, fikirlər aydın, nəticə isə... Əl-qərəz, söhbət 23 ildir problemli məsələ olaraq qalan və yekun nəticəsinə varıla bilinməyən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından gedir.

Son zamanlar mətbuatda, siyasət aləmində, məsələdən xəbərdar olan və olmayan insanlarda yaranmış fikir diqqətimi cəlb etdi. Nədənsə, hər kəs özgə gözünə göz qoyur və özünü unudur. Bir zamanlar yekdilliklə Qərb acılanır, ABŞ ikili standartlarda ittiham edilirdisə, bu gün artıq onların köməyinə ehtiyac duyulur. Buna baxmayaraq, hazırkı vaxtda da Qərbdən incik düşmüşük. Səbəb, vaxtilə Gürcüstana, hal-hazırda isə Ukraynaya göstərilən sözdə deyil, əməli yardımların Azərbaycana nə üçün tətbiq edilmədiyilə bağlı cavabı məlum sualın məchul qalmasıdır.

Bəs nəticə? - Çox sadə. Naməlum qalmış sual ATƏT-in ABŞ təmsilçisi tərəfindən qısa və lokanik şəkildə cavablandırıldı. Qarşı tərəf bildirdi ki, bölgələrdə baş verən gərginliklərin hər birinin özünə xas əlamətləri olduğundan, hər münaqişənin həllinə fərqli yanaşılır. Bununla da mövzu bitdi. “Böyük” suallarımız qısa cavabla səssizləşdi.

Bundan gəlirimiz nə oldu? Özünə sayğıda geriyə doğru yüksəliş nərdivanında bir neçə pillə daha da irəlilədik. Gücsüz, cılız, ümumilikdə bir dövlət kimi tanımadığımız Ermənistan isə eyni vaxtda əməli işlərindən geri qalmadı. İtkiyə verdiyimiz zamanı dəyərləndirib, növbəti təbliğat maşınlarını dövrəyə qoşaraq, dünyaya “Evrovision” mahnı müsabiqəsində qondarma “erməni soyqırımı”na işarə edilən, ictimaiyyətin şüur altına musiqi sədaları altında “erməni həqiqətləri” yeridlilməyə çalışılan mahnı səsləndirdi. Bununla da reallıqla bağlılığı olmayan tarixlərini bir daha gündəmə gətirdilər.

Bəs görəsən, nəyə görə əlimizdə kifayət qədər dəlillər, video çəkilişlər, fotolar olduğu halda bizlər var olanımızı tanıda, təbliğ edə bilmirik? Olmaya, buna kifayət qədər vaxtımız, həvəsimiz qalmayıb?  Nəyə görə dünya dövlətləri bir qarış Vətən torpağı üçün illərlə müharibə etdiyi, sözün əsl mənasında “ya azad ol, ya tamam yan” formulundan istifadə etdərək, haqları üçün vuruşduqları halda, bizlər bir igidin ömrü qədər müzakirə aparıb, məsələni “sülh yolu ilə həll”in ümidinə bağlayırıq? Öz fəaliyyətsizliyimizi hansı əsaslarla Cənubi Osetiya, Abxaziya, Donetsklə bir tuturuq? Biz nə vaxt haqqımızı isdədik də, cavabsız qaldıq?!

Keçmişə nəzər salsaq, istəyib də, əldə etdiklərimizin kifayət qədər olduğunu görərik.

Buna uyğun olaraq:

Ramil Səfərovu haqlı olaraq azadlığına qovuşdurmaq istədik, mümkünsüzü edərək onu vətəninə qaytardıq;

İnter-Qarabağ görüşündə haqsızlığa uğradıq, aidiyyəti üzrə iş qaldırdıq və FİFA rəsmiləri tərəfindən oyunun hakimini cəzalandırdıq;

“Evrovision” müsabiqəsində uğur əldə etmək istədik və etdik; ölkədə yatmış təbii neft yataqlarımızın aktivləşdirərək, gəlir əldə etmək arzusuna düşdük və Əsrin müqaviləsiylə onu dünya neft bazarına çıxardıq və s.

Bu kimi olduqca uzun və çoxşaxəli, fikrimizi təsdiqləyən misallar göstərmək olar. İşin maraqlı tərəfi, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Bazel şəhərində keçirilən ATƏT-in Xarici İşlər nazirlərinin 21-ci iclası ilə yanaşı rəsmi Bakının Minsk qrupu həmsədrlərinin təklif etdiyi Azərbaycanın Ermənistanla "Böyük Sülh Müqaviləsi" tənzimləməsinə hazır olduğunu bildirməsidir. Qəribədir, elə deyilmi? Yarası illərdir qaysaqlayan, hər an müharibə etmə gücünə malik, dünya hərb sisteminin güclüləri sırasında ilk 100 yerin 50-cisində bərqərar olmuş, torpaqlarının 20%-nin işğal edildiyi tərəf sülhə hazır olduğunu bəyan edir. Mən demirəm ki, məsələni hərb gücüylə həll edək (artıq bunu çoxdan etməliydik). Demək istədiyim odur ki, ən azından özünəhörmət çərçivəsində itirilmiş torpaqlarımızı geri qaytaraq.

Sonda isə nitqlərində, əldə olunacaq sülhə əsasən, itirilmiş torpaqların müqabilində qarşı tərəflə əvvəllər olduğu kimi mehriban qonşu şəraitində yaşayacağımızı, neft, qaz və digər təbii ehtiyatlardan qarşı tərəfin də bəhrələnə biləcəyini vurğulayan rəsmilərdən soruşmaq istərdik: “Döyüş əməliyyatları zamanı bombardmandan və düşmən tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanları nəzərə almasaq, Qarabağ döyüşlərində şəhid edilmiş 11557 nəfər əsgəri, günahsız, şişlərə çəkilən, boruların içində hər iki tərəfdən lehimlənərək, havasızlıqdan can verən, divara mismarla vurulmuş körpələri, kürəyinə qaynar qazanlar bağlanılan, diri-diri sinələri kəsilən, dərisi soyulan, zorlanan qız-gəlinləri, başları xüsusi amansızlıqla ikiyə bölünmüş, qolları, ayaqları şaqqalanmış, üzərindən ağır texnika ilə keçilmiş el ağsaqqallarını düşünmüsünüzmü? Doğurdanmı,  fikirləşirsiniz ki, illər bu qədər amansızlıqla törədilmiş soyqırımı unutdura və xalqları yenidən əvvəlki münasibətinə qaytara bilər? “Təbiət dəyişir ki, dəyişməsin. İnsan da dəyişməmək üçün dəyişməyin sirrinə vaqif olmalıdır” deyib Taqor. Doğru dəyişməyi bacaraq ki, bizdən sonra gələn nəsillərin  boynunu tarix əyməyə məcbur etməsin...

Azay SÜLEYMANOĞLU