Vladimir Zelenski Rusiyada siyasi təqibə məruz qalanlara vətəndaşlıq vermək istəyir

Baxış sayı:
373

Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlığını almaq istəyən əcnəbi şəxslərin siyahısının genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, indi Vladimir Putin rejimində siyasi təqiblərə məruz qalan rusiyalılar, habelə Ukrayna torpaqlarını rus işğalçılarından qoruyan xarici vətəndaşlar da şəxsiyyət vəsiqəsi və milli pasport ala biləcəklər.

Ukrayna prezidentinin rəsmi saytında bu addımın “insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə atıldığı” bildirilir.

Bundan başqa Vladimir Zelenski Xarici işlər nazirliyinə “dost ölkələrdə yaşayan, həmçinin doğma vətəninin inkişafı uğrunda çalışan etnik ukraynalılar üçün ikinci vətəndaşlığın verilməsi qaydalarının asanlaşdırılmasını” tapşırıb.

Ukraynanın bu tədbirləri Rusiya tərəfindən 24 ukraynalı dənizçinin qeyri-qanuni olaraq tutulub-saxlanılmasına cavab olaraq gördüyü qeyd edilir.  

“Hesab edirik ki, Rusiyanın hərəkətləri münaqişənin daha da dərinləşməsinə şərait yaratmaqdan və Donbasın yenidən ana torpağa inteqrasiyasına mane olmaqdan başqa bir hədəf güdmür”, - deyə V. Zelenskinin administrasiyasının bəyanatında bildirilir.

Məlum olduğu kimi Ruisya prezidenti Vladimir Putin bu il iyul ayının 17-də Ukraynanın Donetsk və Luqansk bölgələrinin işğal altındakı bölgələrində yaşayan şəxslərin Rusiya vətəndaşlığı almaq qaydalarının asanlaşdırılması haqqında fərman imzalayıb. 

Vladimir Putin bu aktı “humanitar məqsədlərlə” qəbul etdiyini söyləyib.Yeni qanuna görə həmin bölgələrdəki insanlar digər xarici vətəndaşlar üçün tələb olunan bir sıra mərhələlərdən o cümlədən 5 il ərzində Rusiya ərazisində yaşamaq, rus dilini mükəmməl bilmək kimi prosedurlardan azad edilir.

Rusiyanın Qaydar institutunun, həmçinin Xalq təsərrüfatı və Dövlət xidməti akademiyasının ekspertləri son 10 ildə ölkəyə rekord sayda Ukrayna əsilli miqrantın gəldiyini bildiriblər. 2019-cu ilin birinci yarısında Rusiyada vətəndaşlıq alan 98 min şəxsin 17 mini ukraynalı olub.

Ümumiyyətlə isə RF ərazisində rəsmi qeydiyyatla yaşayan 10 milyon 130 min əcnəbi vətəndaşın 1 milyon 764 mini ukraynalı sayılır.