Vəkil Müsavat fəalı ilə görüşüb

Bu barədə vəkil Nemət Kərimli bildirib
 
“Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun durumu normaldır”.
Bu barədə noyabrın 27-də həbsdəki müsavatçı ilə görüşən vəkil Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, Şirvan Rayon Məhkəməsinin qərarı ilə barəsində məhkəməyə qədər həbs tədbiri seçilmiş müsavatçı artıq Şüvəlan İstintaq Təcridxanasına köçürülüb.
“Onu hələlik karantində saxlayırlar. Bu gün karantindən çıxaralacağı və kameraya yerləşdiriləcəyi gözlənilir”, - vəkil deyib.
Vəkilin sözlərinə görə, Ə.Xurşidov özünü normal hiss edir. Onun barəsində qərar yuxarı məhkəmədə mübahisələndiriləcək.
Ə.Xurşidov noyabrın 22-də axşam saatlarında Şirvanda polislər tərəfindən saxlanılıb.
Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədri Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham edilib.
Noyabrın 24-də Şirvan Şəhər Məhkəməsi müsavatçının barəsində 3 aylıq məhkəməyəqədər həbs tədbiri seçib.
Müsavat Partiyası isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır.