Vəkil İlqar Məmmədovla görüşüb

Oktyabrın 20-də vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsində ReAL sədri İlqar Məmmədovla görüşüb.
 
Bu barədə vəkil bildirib. O deyib ki, İ. Məmmədov müəssisə rəhbərliyi tərəfindən yoxlamaya məruz qaldığından görüş bir az gec baş tutub: "İlqar Məmmədov dedi ki, bugünkü tərzdə yoxlama ilə 2015-ci ilin oktyabrında qarşılaşmışdı, sonra da onu müəssisənin vəzifəli şəxsləri döymüşdülər. O, bu gün baş verənləri xoşagəlməz hərəkətlər sayır".
Vəkil İ.Məmmədovun səhhətinin normal olduğunu deyib.
İlqar Məmmədov 2013-cü ilin 23-24 yanvarında İsmayıllıda baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Sakitlik bərpa edildikdən sonra İsmayıllıya getməsinə baxmayaraq, o, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham edilib və 7 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun həbsinin və həbsxanada saxlanmasının Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrini pozduğuna qərar verib. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.
Azərbaycan rəsmiləri İlqar Məmmədovu siyasi məhbus hesab etmir və bu tələbi qərəzli adlandırırlar.