Vəkil: “Gözəl Bayramlıya dərmanların reseptləri verilmir”

Baxış sayı: 83

Bu gün vəkil Əsabəli Mustafayev Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və partiya fəalı Fuad Əhmədli ilə görüşüb.
 
Ə.Mustafayev Turan-a bildirib ki, G.Bayramlının səhhətində problemlər qalır. O. G.Bayramlının səhhətinin normal olması barədə Penitensiar Xidmətin rəsmi bəyanatını təkzib edib.
Vəkilin sözlərinə görə, Penitensiar Xidmət G.Bayramlının səhhətilə bağlı problemin ciddi olduğunu gizlətməyə çalışır. Onun dərmanlarını özünə qaytarsalar da reseptləri verməyiblər. Buna görə də dərmanları düzgün qəbul edə bilmir.
F.Əhmədliyə gəlincə, onun apellyasiya şikayətinə baxılması başa çatdıqdan sonra hökm qüvvəyə minib və fəalın koloniyaya köçürülməsi gözlənilir. Ancaq hara köçürüləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onun üzərindən 12 min dollar məbləğində pul aşkar edilib. Faktla bağlı onun barəsində qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Mayın 27-nə keçən gecə məhkəmə onun həbsi barədə qərar çıxarıb. G.Bayramlı ittihamları rədd edib və onların siyasi motivli olduğunu bildirib.
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb və "əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edilib.
İyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. O, siyasu məhbus kimi tanınıb.